Rəsmi Parisin Fransaya bağlılığı şübhə doğurmayan prezident Salome Zurabişvilinin liderliyi altında gürcü müxalifətinin hakimiyyətə gətirilməsi ilə bağlı planları pozuldu... Ermənistanı özünün siyasi müstəmləkəsinə çevirmiş Fransanın Gürcüstana nəzarəti də ələ keçirtməklə, Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək cəhdləri iflasa uğramış oldu...
Gürcüstanda keçirilmiş növbəti parlament seçkiləri Cənubi Qafqazın gələcək taleyində önəmli təsirə malik geopolitik faktor hesab olunur. Belə yanaşmanın kifayət qədər ciddi səbəbləri mövcuddur. Çünki dünya nəhəngləri Gürcüstandakı seçkiləri də geopolitik mübarizənin predmetinə çevirməyə nail olmuşdular. Və Cənubi Qafqazda maraqları olan bəzi dövlətlər Gürcüstanda özlərinə daha loyal hakimiyyətin formalaşdırılmasına cəhd göstərirdilər.
Təbii ki, parlament seçkilərinə qədər Gürcüstanı idarə edən “Gürcü arzusu” Partiyası ətrafında ziddiyyətli proseslər cərəyan etməkdəydi. Belə ki, mövcud hakimiyyətin xarici siyasət kursu Rusiya, Türkiyə və Azərbaycanı tamamilə qane edirdi. Ona görə də, bu dövlətlər Gürcüstanda “Gürcü arzusu”nun seçki qələbəsində və siyasi hakimiyyətin davamlı olmasında birbaşa maraqlıydılar. Və bu səbəbdən də, “Gürcü arzusu”na siyasi dəstək verdiklərini dolayısı da olsa, biruzə verirdilər.
Ancaq “Gürcü arzusu”nun ciddi problem yaratdığı ölkələr də varıydı. Xüsusilə də, ABŞ, Avropa Birliyi və Fransa Gürcüstanda hakimiyyətin dəyişdirilməsində birbaşa maraqlı idi. Ona göə də, Qərbin maraqlarına qarşı çıxan hakimiyyəti əvəzləmək üçün gürcü müxalifətinə intensiv dəstək göstərilirdi. Üstəlik, gürcü müxalifətini hakimiyyətə gətirə biləcək siyasi lider olaraq, məhz Gürcüstan prezidenti Salome Zurabişvilinin üzərində dayanılmışdı. Və səlahiyyət müddəti bitmək üzrə olan Gürcüstan prezidentinin liderliyi altında “rəngli inqilab” ssenarilərinin hazırlanaraq, işə salındığı barədə də kifayət qədər ciddi məlumatlar mövcud idi.
İndi parlament seçkilərinin yekun nəticələrinə görə, “Gürcü arzusu”nun hakimiyyətini qoruya bildiyi artıq inkaredilməz reallıqdır. Hələlik bəzi ölkələr bu seçkilərin nəticələrini tanımadıqlarını bəyan ediblər. Ancaq Gürcüstanda parlament seçkilərini müşahidə etmiş xarici müşahidəçilər, o cümlədən də Qərb qurumlarının təmsilçiləri elə bir ciddi irad bildirməyə həvəs göstərmirlər. Və bu baxımdan, rəsmi Tiflisin seçkilərin legitimliyi ilə bağlı elə bir ciddi problemlə üzləşməyəcəyini də düşünmək olar.
Düzdür, gürcü müxalifəti seçkilərin saxtalaşdırıldığını iddia edir və kütləvi etiraz aksiyalarına başlayacağını bəyanlayır. Eyni zamanda, prezident Salome Zurabişvili də seçkilərin nəticələrini tanımadığını və müxalifət düşərgəsinin kütləvi etiraz aksiyalarına liderlik etmək niyyətini xüsusi olaraq, vurğulayıb. Halbuki, ABŞ, Avropa Birliyi və Fransadan birbaşa təlimat gəlməzsə və açıq dəstək göstərilməzsə, gürcü müxalifətinin ölkəni qarışdırmağa cəsarət edəcəyi qətiyyən inandırıcı görünmür.
Onu da qeyd etmək lazımdır ki, hazırda beynəlxalq məkanda siyasi proseslər gürcü müxalifətinin maraqlarına zidd istiqamətlər almağa başlayıb. Belə ki, “Gürcü arzusu” bir müddət öncəyə qədər qarşıdurma vəziyyətində olduğu bəzi beynəlxalq siyasi iradə mərkəzləri ilə anlaşmış kimi görünür. Gürcüstanın baş naziri İrakli Kobaxidzenin seçki mövzusundan danışarkən, gözlənilmədən rəsmi Tiflisin Kremllə münasibətlərinə də aydınlıq gətirməyə çalışması qətiyyən səbəbsiz deyil. Və gürcü baş nazirin Rusiyanı Gürcüstan ərazisinin işğalında ittiham edərək, Kremllə qarşılıqlı münasibətlərə dəyişiklik edilməyəcəyini xüsusi olaraq, qabartması səhnəarxası anlaşmanın nəticəsi hesab oluna bilər.
Bəzi məlumatlara görə, “Gürcü arzusu” Partiyasının real lideri, milyarder Bdzina İvanışvili Qərb siyasi dairələri ilə anlaşmağa nail olub. Anlaşmanın indiki situasiyanın dəyişməz qalması üzərində əldə olunduğu iddia edilir. Həmin iddialara görə, rəsmi Tiflis bundan sonra da Rusiya ilə məsafə saxlayacaq və Qərbə inteqrasiya siyasətinə geri dönəcək. Və bu, böyük ehtimalla daha çox formal anlaşma xarakteri daşıyır.
Məsələ ondadır ki, “Gürcü arzusu”nun Kremllə yaxınlaşmasa belə, Qərblə də xüsusi münasibətlərə həvəs göstərməyəcəyi heç kəsdə şübhə doğurmur. Yəni, Gürcüstan Cənubi Qafqazda Ermənistanın açdığı “çığır”la hərəkət etmək niyyətindən hələ çox uzaqdır. Ona görə də, Qərb siyasi dairələrinin Gürcüstanda Rusiya qarşısında üstünlük qazana bilmədiyi inkaredilməz reallıqdır. Və bu baxımdan, Cənubi Qafqazda mövcud qüvvələr nisbətinin qorunduğunu da düşünmək olar.
Belə anlaşılır ki, “Gürcü arzusu”nun hakimiyyətdə qalmasından indi ABŞ, Avropa Birliyi, Rusiya, Türkiyə və Azərbaycan mövcud situasiyada tamamilə məmnundur. Fransa və Ermənistan barədə isə eyni fikirləri söyləmək qətiyyən mümkün deyil. Çünki rəsmi Paris Fransaya bağlılığı şübhə doğurmayan Salome Zurabişvilinin liderliyi altında gürcü müxalifətinin hakimiyyətə gətirilməsində birbaşa maraqlıydı. Çünki bu halda, Ermənistanı özünün siyasi müstəmləkəsinə çevirmiş rəsmi Paris Gürcüstana nəzarəti də ələ keçirtməklə, Fransanın Cənubi Qafqazda mövqelərini möhkəmləndirməyə can atırdı. Və indiki situasiyada Fransanın Qafqaz planlarının böyük ölçüdə pozulduğunu da düşünmək olar.
Eyni zamanda, Ermənistan siyasi dairələri də Gürcüstan seçkilərindən məyusluq keçirirlər. Belə ki, rəsmi İrəvan Gürcüstanın da Qərbə inteqrasiya prosesində Ermənistana qatılmasında maraqlı idi. Çünki bu halda, hər iki ölkəyə Qərbin dəstəyi daha da güclənə bilərdi. Digər tərəfədənsə, Ermənistan Qərbə intqerasiya kursu götürmüş ölkə kimi, Rusiyadan gələn təzyiqləri Gürcüstanla bölüşmək şansı qazanmış olardı. Və indi Ermənistan yenidən təklənmiş ölkə vəziyyətində qalmaqda davam edəcək.
Bütün bunlardan belə nəticə çıxartmaq olar ki, Gürcüstan seçkiləri bəzilərində ciddi məyusluq doğurub. Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərin istiqamətlərinin dəyişməsinə yol açmayıb. Bu, bütün region üçün hazırda taleyüklü nəticə də hesab oluna bilər. Çünki ABŞ və Qərb Cənubi Qafqazda əlavə nəzarət məkanı və ya mexanizımləri qazanmayıb. Və üstəlik, mövcud situasiya bəzi Qərb siyasi dairələrinin gürcü müxalifətini son anda satdığını, hətta güdaza verdiyini də göstərir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert