ABŞ və Qərbin Fransa agenti, səlahiyyət müddəti bitmək üzrə olan prezident Salome Zurabişvilinin hakimiyyətə gətirilməsi üçün Gürcüstanda kütləvi iğtişaşlara bağlı"erməni inqilabı" hazırladığı iddia edilir... Gürcüstanda hakimiyyət çevrilişinə yönəlik silahlı toqquşmaların törədilməsi üçün Ermənistan kəşfiyyatına xüsusi tapşırıqların verildiyi bildirilir...
Cənubi Qafqazın gələcək taleyində xüsusi rol oynaya biləcək seçkiyə cəmisi bir gün qalır. Oktyabrın 26-da yalnız Gürcüstan deyil, ümumiyyətlə, region üçün taleyüklü səsvermə keçiriləcək. Belə ki, Gürcüstanda keçiriləcək növbəti parlament seçkiləri Cənubi Qafqazda qüvvələr nisbətini təyin edəcək qədər böyük əhəmiyyətə malikdir. Və bu baxımdan, həmin seçkiyə yalnız Gürcüstan deyil, Cənubi Qafqazda geopolitik maraqları olan bu regiondan kənar beynəlxalq siyasi iradə mərkəzləri də ciddi şəkildə hazırlaşırlar.
Məsələ ondadır ki, Gürcüstanda keçiriləcək seçkilər də ABŞ və Qərbin Rusiya ilə regional qarşıdurmasının predmetinə çevrilib. Qərb siyasi dairələri hakimiyyətdə olan "Gürcü arzusu"nun məğlubiyyətə uğradılması üçün bütün təsir mexanizmlərini hərəkətə gətirmiş kimi görünürlər. Bunun qarşılığında Rusiyanın da "Gürcü arzusu" Partiyasının hakimiyyətdə qalmasına dəstək verməyə çalışdığı müşahidə olunur. Və bu baxımdan, Gürcüstan vətəndaşlarının mövqeyi hazırda böyük əhəmiyyət daşıyır.
Onu da qeyd etmək lazımdır ki, "Gürcü arzusu" məğlub olarsa, bu, ABŞ və Qərbin Cənubi Qafqazda strateji qələbəsinə çevrilə bilər. Çünki bu halda, ABŞ və Qərb Cənubi Qafqazda Ermənistanın ardınca Gürcüstanı da öz təsir dairəsinə salmaq şansı qazanacaq. Rusiyanın regional dayaqları isə ciddi şəkildə sarsılmış olacaq. Və bu halda, Rusiyanın regiondan sıxışdırılıb çıxarılması növbəti mərhələyə keçəcək.
Maraqlıdır ki, bəzi məlumatlara görə, ABŞ və Qərbin qəzəbinə tuş gəlmiş "Gürcü arzusu"nun seçki qələbəsinin daha inandırıcıdır. Çünki ölkədaxili ictimai rəy sorğularının nəticələri hakim partiyanın daha çox səs toplayacağına işarə edir. Halbuki, heç bu da "Gürcü arzusu"na hakimiyyətini qorumaq təminatı vermir.
Çünki ABŞ və Qərbin seçkilərin nəticələrini tanımayacağı artıq indidən məlumdur. Eyni zamanda, Qərb siyasi dairələrinin Gürcüstanda kütləvi iğtişaşlar törətməklə, hakimiyyət çevrilişi etmək üçün xüsusi planlar qurduğu barədə də müxtəlif iddialar mövcuddur. Və bu, o deməkdir ki, seçkilərdən dərhal sonra Gürcüstan daxili toqquşmalara, hətta siyasi-ictimai xaosa belə, məruz qala bilər.
Belə anlaşılır ki, Gürcüstan öz müasir tarixinin ən taleyüklü mərhələsindən keçir. Nə qədər qəribə də olsa, Gürcüstandakı hakimiyyət uğrunda mübarizəyə hətta Ermənistanın belə, müdaxilə etməyə çalışacağı barədə məlumatlar yayılıb. Həmin iddialara görə, ABŞ və Qərb Gürcüstanda hakimiyyət çevrilişi etmək üçün Ermənistan kəşfiyyatından da istifadə niyyətindədir. Və Ermənistan kəşfiyyatına Gürcüstan vətəndaşı olan ermənilərin üzərindən silahlı təxribatların törədilməsi barədə təlimat verildiyi bildirilir.
Məsələ ondadır ki, hələ sentyabrın 30-da NATO-nun mənzil qərargahında keçirilmiş qapalı toplantıda Ermənistanın Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan Gürcüstanda hakimiyyət çevrilişi ilə bağlı rəsmi İrəvanın xidmətini təklif etmişdi. Bu barədə yayılan iddialara görə, Armen Qriqoryan Gürcüstan hakimiyyətinin Azərbaycanla yaxınlığını xüsusi olaraq vurğulayaraq, bunu Cənubi Qafqazın Qərbin nəzarəti altına keçməsində əsas əngəlləyici faktor kimi qabartmışdı. Və bu baxımdan, CİA-nin erməni agenti Ermənistanın Gürcüstanda seçkilərin nəticələrinə təsir göstərmə imkanlarını, ermənilərin kompakt yaşadığı bölgələrdə gərginliyin yaradılma mexanizmlərini nəzərə almağı təklif etmişdi.
Həmin qarşı tərəf Ermənistan və Qərb xüsusi xidmət servislərinin əməkdaşlığı yüksək qiymətləndirib, eyni zamanda Gürcüstanla bağlı ortaq fəaliyyət effektiv hesab olunub. Armen Qriqoryana bildirilib ki, Gürcüstanda inqilab ssenarisinin uğursuz olacağı təqdirdə, Ermənistan kəşfiyyatından istifadə ehtiyat variant kimi nəzərdə tutulub. Belə ki, mövcud ssenariyə görə, ilk mərhələdə inqilabi hərəkata Fransa agenti olan prezident Salome Zurabişvilinin rəhbərlik etməsinə qərar verilib. Əgər, bu plan baş tutarsa və prezident Salome Zurabişvili hakimiyyəti ələ keçirməyi bacararsa, ən qısa zamanda Gürcüstan üzərindən Rusiyaya qarşı ikinci cəbhənin açılması nəzərdə tutulub.
Reallaşdırılmasına cəhd göstərilən ssenariyə görə, başı Ukrayna savaşına qarışmış Rusiya əleyhinə 2008-ci ildə törədilmiş hadisələr təkrarlanacaq. Bu plan üzrə rəsmi İrəvanın üzərinə Ermənistandakı Rusiya hərbi bazalarının erməni fəallar tərəfindən bloklanması ilə bağlı öhdəlik qoyulub. Və Rusiyanın Ermənistan ərazisindən Gürcüstandakı hakimiyyət çevrilişi cəhdlərinə müdaxilə etməsinin qarşısını almaq tapşırılıb.
Digər tərəfdən, ehtiyat variant kimi, Ermənistan kəşfiyyatının Gürcüstanda yaşayan etnik ermənilərin daxil olduğu agentura şəbəkəsi vasitəsilə kütləvi iğtişaşların törədilməsini təmin etməli olduğu vurğulanır. Hətta iddia olunur ki, artıq uzun müddət bəri Ermənistan ərazisində Gürcüstanda hakimiyyət çevrilişində iştirak etməli olan erməni agentura şəbəkəsinin təmsilçilərinə küçə təxribatlarının törədilməsi üzrə təlimlər keçirilir. Və bu prosesə sonuncu mərhələdə bəzi Şərqi Avropa ölkələrinin peşəkar kəşfiyyatçılarının da qatıla biləcəyi vurğulanır.
Göründüyü kimi, Gürcüstanda hakimiyyət çevrilişinin ssenarisi demək olar ki, artıq hazırdır. Qərbin agenti və səlahiyyət müddəti bitmək üzrə olan prezident Salome Zurabişvilinin hakimiyyətə gətirilməsi planlaşdırılır. Qərb bu prosesdə öz xidmətini təklif edən Ermənistan kəşfiyyatından və Gürcüstanda yaşayan ermənilərdən də istifadə etməyə hazırlaşır. Ermənilərin təxribat törətmək potensialı və vərdişləri indi Qərbin planlarında xüsusi yer tutur. Və bu baxımdan, Ermənistanın Gürcüstana böyük xəyanət planları içərisində olması artıq qətiyyən şübhə doğurmur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert