Bir neçə gündür Ermənistanda ard-arda istefaların verildiyi ilə bağlı məlumatlar yayılır. İstefa verənlər arasında ölkənin daxili işlər naziri Vahe Qazaryan, sosial və iqtisadi məsələlər naziri Qnel Sanosyan, İstintaq Komitəsinin sədri Argişti Ğaramyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin sədrinin adları çəkilir. Eyni zamanda Ermənistan parlamentinin hakim “Müklü Müqavilə” fraksiyasının deputatı Ovik Ağazaryanın da mandatından imtina etmək niyyətində olduğu deyilir. 

Hələlik heç bir istefa rəsmi şəkildə təsdiqlənməsə də müəyyən iddialar səsləndirilir. Ermənistan Baş naziri Nikol Paşinyanın bu addımın arxasında hansı səbəblərin dayandığı isə sual yaradır.

Kütləvi istefaların səbəbi nədir? 



 Xəyal Bəşirov

Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib ki, Ermənistanda hakim fraksiyanın üzvləri ilə yanaşı güc strukturlarından daxili işlər naziri, milli gəlirlər naziri və s. rəhbərləri istefa veriblər:

“Nikol Paşinyan isə dərhal onun razılığı ilə prosesin baş tutduğunu açıqladı. Ölkə daxilində hakimiyyət komandası arasında çaxnaşmanın yaranmaması üçün edilən çıxış idi. Ermənistanda 1-2 gün ərzində bu qədər istefaların olması hakimiyyət daxilində ciddi çaxnaşmaların mövcudluğundan xəbər verir. Parlamentdə hakim fraksiyadan gələn istefaların ardının gələcəyini düşünürəm. Daha ciddi simaların da istefasının şahidi ola bilərik. Bu, Ermənistan Baş nazirinin şəxsi imicinin, hakimiyyətin siyasi kursunda da ciddi dəyişikliklərin olacağı ilə bağlı məqamları gündəmə gətirir”.

Politoloqun sözlərinə görə, Nikol Paşinyan hakimiyyətdə olduğu gündən tamamilə fərqli siyasət yürüdür:

“Gah Qərbyönümlü, gah da Şimalyönümlü siyasət yürütməsinin ardınca Paşinyana ciddi çağırışlar edirlər ki, dəqiq mövqe ortaya qoymağın zamanı gəlib. Bu təzyiqlər nəticəsində o, ciddi dəyişikliklər etməyə çalışır. Zaman-zaman da bunun şahidi olmuşuq. Lakin Paşinyanın bu addımlarının Ermənistan daxilində müəyyən izlər qoyması da gözləniləndir”.