Baş nazirin danışdığı qalan 2 maddə və Bakı ilə İrəvan arasında əlavə strateji saziş təklifi nəyi nəzərdə tutur? - Bakıdan iddialara cavablar var.

Ermənistan baş naziri Nikol Paşinyanın vaxtaşırı “sülh göyərçini” obrazına girməsinə artıq adət etmişik. İki gün öncə o, yenə eyni rolda ənənəvi açıqlamalar verib. Bu dəfə ötən ay Kazanda BRİKS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətin “detalları”na aydınlıq gətirməklə.

“Mənim Əliyevlə sammit meydançalarında bu qədər uzun söhbətim heç vaxt olmayıb. Fikrimcə, söhbət zamanı ən mühüm məqam bu oldu ki, Ermənistan və Azərbaycanın dinc yanaşı yaşaması üçün təkcə sülh və digər müqavilələrin imzalanması yetərli deyil, həm də strateji saziş imzalamağa ehtiyac var. Elə bir anlaşma ki, iki ölkə yaxın 100 ildə müstəqil dövlətlər kimi dinc yanaşı yaşasın. Hesab edirəm ki, bu, ən vacib, ən mühüm məsələdir”, - Paşinyan deyib. Onun sözlərinə görə, saziş ideyası “real Ermənistan” konsepsiyasına əsaslanır. “Kazan danışıqlarının yekunu kimi Ermənistan və Azərbaycan kommunikasiyaların açılması ilə bağlı qərar qəbul edə bilər ki, bu da qarşılıqlı məqbuldur. Biz bu təklifi yazılı şəkildə Azərbaycana təqdim etmişik. Sülh müqaviləsinin qalan 2 maddəsi üzrə təkliflər noyabrın 11-də Bakıya təqdim edilib”, - Ermənistanın baş naziri əlavə edib.

Ardınca o, Ermənistan Konstitusiyasını dəyişməyə ehtiyac olmadığını söyləyib: “Çünki orada nə Azərbaycana qarşı ərazi iddiası var (?! - red.), nə də birbaşa və ya dolayısı ilə Dağlıq Qarabağın adı çəkilir. İrəvanın da qarşılıq olaraq Azərbaycan Konstitusiyasının dəyişdirilməsi tələbi irəli sürməsi danışıqlar prosesini dalana aparar”. Bu, artıq həm də Bakını şantaj etmək cəhdidir. Yəni ki, “Bakı konstitusiya ilə bağlı tələbdən əl çəkməzsə, eyni tələbi biz Azərbaycan qarşısında qoyacağıq”. Hərçənd Paşinyan parlamentdəki çıxışında belə bir ifadə də işlədib: “Son illər mən Ermənistanın Müstəqillik Bəyannaməsini (harada ki, keçmiş Dağlıq Qarabağ Ermənistan ərazisi sayılır - red.) onlarla dəfə oxumuşam və gəldiyim dəhşətli qənaət budur ki, Bəyannamənin mahiyyəti ondan ibarətdir ki, Ermənistan Respublikası mövcud ola bilməz. Bu bizim ən böyük problemimiz və faciəmizdir. İndi sual budur ki, əsl Ermənistan nədir və onun vətəndaşı kimdir”...

Xatırladaq ki, Kazanda iki ölkənin rəhbərləri XİN başçılarına sülh müqaviləsi üzrə danışıqları intensivləşdirmək təlimatı veriblər.

Nikol Paşinyanın haqqında danışdığı “sülh müqaviləsinin qalan 2 maddəsi” və Bakı və İrəvan arasında əlavə strateji saziş təklifi nəyi nəzərdə tutur? Belə çıxır, Ermənistan öz konstitusiyasını heç vaxt dəyişməyəcək? Ümumiyyətlə, İrəvan böyük sülhlə bağlı söz oyununa nə vaxt son qoyacaq? Bu arada Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan deyib ki, Müstəqillik Bəyannaməsi heç vaxt konstitusiyanın bir hissəsi olmayıb və “Bəyannamə ilə Konstitusiyanın məzmununu eyni müstəvidə yerləşdirmək mümkün deyil”. Onu da bildirib ki, sülh müqaviləsi konstitusiyaya zidd ola bilər, lakin konstitusiya beynəlxalq müqaviləyə zidd ola bilməz.

Qeyd olunur ki, bu il sentyabrın 26-da Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycanın delimitasiya komissiyalarının fəaliyyətinin əsasnaməsinə dair rəyini dərc edib. Orada Müstəqillik Bəyannaməsi ilə bağlı bir bənd yer alıb. Məhkəmə Konstitusiyada Bəyannaməyə istinadın hüquqi qüvvəyə malik olmadığını bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan Baş naziri Nikol Paşinyana cavab verib. Ayxan Hacızadə bildirib ki, Paşinyanın guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olması barədə parlamentdə dediklərinin əsası yoxdur. XİN sözçüsü qeyd edib ki, Nikol Paşinyan bununla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.

Bakı İrəvanı gözləmədən bu addımı atmalıdır” – Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Paşinyan strateji sazişin imzalanmasını yaxın əsrlərdə xalqların dinc yanaşı yaşamasının vacib olmasıyla əsaslandırıb. “Paşinyan ayrıca, Kazanda BRİCS toplantısı çərçivəsində Prezident İlham Əliyevlə görüşü indiyənə qədər keçirilən ən faydalı müzakirə kimi qiymətləndirib. Paşinyan Ermənistanın kommunikasiyaların blokdan çıxarılması üçün Azərbaycana yazılı təklif göndərdiyini deyib: ”Biz regional kommunikasiyaların açılması məsələsini tamamilə qarşılıqlı məqbul hesab edə bilərik". Paşinyan iki xalqın dinc yaşaması məqsədilə strateji sazişin imzalanmasının vacib olduğunu bildirsə də, ona müxalif olan qüvvələr, o cümlədən erməni kilsəsi bunu istəyirmi? Paşinyan birinci bu suala cavab tapmalıdır. Çünki Ermənistandakı anti-Azərbaycan qüvvələr bir gün Paşinyanı devirərlərsə və ya seçki yolu ilə hakimiyyətə gələrlərsə, iki ölkə arasında dinc yaşamanı əsas tutan sazişə qarşı çıxacaqlar", - E.Şahinoğlu belə dəyərləndirir.

Analitikin fikrincə, ona görə də Ermənistanda Konstitusiyanın dəyişdirilməsi ilə yanaşı Azərbaycanla strateji sazişin imzalanmasıyla bağlı da referenduma ehtiyac yarana bilər: “Ermənilərin mütləq əksəriyyəti Paşinyanın Azərbaycanla ”strateji saziş" ideyasına səs verərlərsə, bu halda müxalifət əngəli ortadan qaldırılacaq. Paşinyanın regional kommunikasiyaların açılması məsələsinə gəldikdə isə baş nazirin tələsməsinin səbəbi İranla bağlıdır. Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək yolun İran üzərindən tikintisinə dair çalışmalar sürətlənib. Paşinyan Zəngəzur dəhlizinin açılmasıyla bağlı Bakı ilə razılaşmanı bir müddət də uzatsa, yeni yol İrandan keçəcək və Ermənistan oyundankənar vəziyyətdə qalacaq. Buna görə də hazırda rəqabət İranla Ermənistan arasında gedir.

Azərbaycan üçün bu rəqabətdə hansı ölkənin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir".

Asif Nərimanlı: “Zəngəzur dəhlizi ifadəsinin Bəyənnaməyə salınmasının  strateji hədəfləri var” – JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Paşinyanın “strateji saziş” açıqlaması sülh müqaviləsindən sonrakı dövrdə “zəmanət qazanmaq” məqsədi daşıyır: “Bu, sülh müqaviləsinin Ermənistanın maraqlarını - istəklərini tam ifadə etmədiyindən xəbər verir.

İrəvanın Bakı ilə münasibətlərin qurulmasında iki strateji hədəfi var: kommunikasiyanın ”suveren prinsiplərə" uyğun açılması - Zəngəzur dəhlizinin verilməməsi; sərhədi SSRİ dağılanda mövcud olan xətlərə - hazırkı Ermənistanın sərhədləri çərçivəsində müəyyənləşdirmək". Təhlilçiyə görə, Ermənistanın sülh sazişində hər iki hədəfə nail olmaq cəhdləri baş tutmadı, hər iki məsələ sazişin imzalanmasından sonrakı dövrə saxlanılıb: “Birinci məsələdə - kommunikasiyanın açılmasında ”ortaq məxrəcə" gəlmək mümkünsüz deyil, misal üçün Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin etməklə müəyyən nəticə əldə edilə bilər, istisna deyil ki, İrəvanın Bakıya göndərdiyi təkliflər arasında bu da möcuddur. İkinci məsələ Ermənistan üçün “mövcudluq” prinsipi daşıyır: Qərbi Azərbaycan məsələsi Bakının gündəliyinə daxildir və sərhəd müəyyən edilmədiyi müddətdə ermənilərin Paşinyanın dediyi kimi, “kadastrı” olmayacaq. Nikol indiyə qədər qoşunların “güzgü prinsipi” üzrə geri çəkilməsinə, sərhəddə “nəzarət mexanizmi” yaradılmasına, “qarşılıqlı hücum etməmək paktının” imzalanmasına nail ola bilməyib".

A.Nərimanlının bildirdiyinə görə, görünür, bu məsələlər müzakirə edilən sülh müqaviləsində İrəvanın istədiyi formada əksini tapmır: “Ermənistan təklif etdiyi ”strateji saziş"də bu məsələlərin yer almasını - mövcud sərhədlərinin saxlanılmasını istəyir. Hərçənd, texniki olaraq iki dövlət arasında hansısa strateji sazişin imzalanması üçün öncə sülh sazişi imzalanması, münasibətlər normallaşmalıdır". Ekspertin sözlərinə görə, Paşinyan bu məsələni Kazanda Əliyevlə müzakirə etdiyini deyir: “Mümkündür ki, Əliyev öncə sülh sazişinin imzalanması - təbii ki, Bakının gündəliyinə uyğun - daha sonra bunun müzakirə edilməsi cavabını verib. Görünür, Nikol erməni ictimaiyyətinə sülh sazişi ilə bağlı atılacaq addımların və niyə bu addımları atacaqlarının anonsunu verir. Çünki tərəflərin dekabrda sülh müqaviləsi mətninin müzakirəsinə qayıdacağı gözləntisi var. Paşinyanın danışıqlar öncəsi ”real Ermənistan" konsepsiyasını yenidən önə sürməsi də buna hesablanıb. Bu konsepsiya özündə qonşu ölkələrə qarşı ərazi iddialarından və bunun əks olunduğu normativ-hüquqi aktlardan imtina edilməsini ehtiva edir".

Emil SALAMOĞLU