Kainat.tv xəbər verir ki, mövzunu Teleqraf.com-a şərh edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bu məsələlərdə bir qədər konfidensiallığın olduğunu bildirib.
“Konkret sənədlərin məzmunu ilə bağlı dərin bilgilər yoxdur. Tərəflər arasında sülh müstəvisində hansı məsələlərin razılaşdırılıb-razılaşdırılmaması açıqlığa qovuşmayıb” - deyə o söyləyib.

Partiya sədrinin fikirlərinə görə, danışıqların açıq bir mövzu ətrafında getdiyini söyləmək mümkün deyil:
“Bütövlükdə isə bu istiqamətdə konstruktiv əməkdaşlıq varsa, niyyət ortadadırsa, bunu qiymətləndirmək lazımdır. Ona görə də daha çox niyyətlər üzərində fikir yürütmək olar. Çünki niyyətlər sülh sazişinin imzalanmasına yönəlib. Bu sülh istiqamətində mühüm irəliləyiş hesab edilir”.
Fazil Mustafa hesab edir ki, sülh üzrə konkret maddələrdə nələrin nəzərdə tutulduğu, Zəngəzur dəhlizinin hansı nəzarət mexanizmi ilə işləyəcəyi aydınlaşmayıb:
“Dəhlizdə gediş-gəlişin, sərbəstlik imkanlarının necə olacağı da maraqlıdır. Azərbaycan Naxçıvana sərbəst gediş-gəlişin olmasını istəyir. Məqsəd odur ki, sərnişinlər və yüklər heç bir yoxlanışdan keçmədən Naxçıvana çatsın. Amma kənar sərnişinlərin və yüklərin adi yoxlanışdan keçərək daşınması mümkün ehtimallardan biridir”.
Deputat bildirib ki, bu şərtlərin əksinə olaraq kommunikasiyaların açılması problemlər yarada bilər:
“Azərbaycanın maraqlarına uyğun kommunikasiya xəttlərinin açılması müəyyənləşməlidir. Daha sonra sülh sazişinin faydalı olub-olmadığını söyləmək mümkün olacaq”.