“Rusiyanın nüvə doktrinasını yeniləyəcəyi gözlənilən idi. Bununla bağlı hələ Ukraynada müharibənin aktiv mərhələyə keçmədiyi zaman kəsiyindən öncə müzakirələr aparılırdı”.

Kainat.tv xəbər verir ki, bu sözləri Globalinfo.az-a deputat Elçin Mirzəbəyli Rusiya Prezidenti Vladimir Putinin ölkənin nüvə silahından çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləməsinə münasibətdə deyib.

Deputat bildirib ki, nüvə doktrinasının Rusiya prezidenti tərəfindən, məhz hazırkı vəziyyətdə təsdiqlənməsi, yaxud bununla bağlı məlumatın indi yayılması diqqət çəkir:

“Çox güman ki, bu, ABŞ-ın Ukraynaya Rusiya ərazisini hədəfə almaq üçün uzaqmənzilli raketlərdən istifadə icazəsi verməsiylə bağlıdır. Moskva beləliklə Vaşinqtona, həmçinin Ukraynaya dəstək göstərən, xüsusilə də ərazisi vasitəsilə silah-sursat, hərbi texnika ötürən ölkələrə mesajinı çatdırır. Ərazisinin ABŞ-a və digər NATO üzvü ölkələrə məxsus uzaqmənzilli raketlərlə hədəfə alınması, Rusiyanın təhlükəsizliyi üçün ciddi təhdiddir. Nəticədə bu addımlara qarşı taktiki nüvə raketlərindən istifadə etməklə cavab verə bilər. Ukrayna ilə yanaşı, bu ölkəni silahla təchiz edən dövlətlərin, ilk növbədə Polşanın hədəfə alınması mümkündür”.



 Elçin Mirzəbəyli

E. Mirzəbəyli erməni ekspertlərin İrəvanın da nüvə silahı alması ilə bağlı çağırışlarına münasibət bildirib:

“Məsələnin müzakirə edilməsi belə Cənubi Qafqazda hələ də mövcudluğunu qoruyub-saxlayan bu çoxvektorlu proksi-dövlətin nə qədər təhlükəli olduğunu sübut edir. Zənnimcə, belə açıqlamalara qonşu dövlətlər reaksiya verməlidirlər. Qeyd edim ki, Ermənistanda bu qəbildən olan müzakirələr yeni deyil, hətta illər öncə burada “çirkli bomba”nın olduğu barədə məlumatlar yayılmışdı.

Doğrudur, belə məlumatlar sonradan öz təsdiqini tapmasa da, Metsamor AES-in fəaliyyətinin hələ də davam etdirilməsi, Ermənistanın yeni nüvə reaktoru əldə etmək istiqamətində danışıqlar aparması və prosesdə Fransa ilə yaxından əməkdaşlığı əsaslı şübhələrə yol açır. Əgər kollektiv Qərb Ermənistanı həm də ərazi baxımından öz proksi-dövlətinə çevirməyi bacararsa, bu ölkədə Fransanın hərbi kontingentinin, eləcə də nüvə başlıqlarının yerləşdirilməsi ehtimalı yarana bilər”.