Qərbin ipi ilə quyuya enənin ordan çıxmaq şansı çox az olur. Gürcüstan və Ukrayna nümunəsi, eləcə də son 12-13 ildə baş verən “ərəb baharı” buna sübutdur.

Gürcüstan 2008-ci ildə Qərbin təhriki ilə Rusiya ilə toqquşdu. Az qalsın Tbilisi işğal olunacaqdı. Eyni təklif bu yaxında Bidzina İvanişvili hakimiyyətinə edilib. Deyilib ki, Rusiya ilə 3 günıük mühariəbəyə başlayın, sonra Gürcüstanda partizan hərəkatı başlasın.

Qərb Ukraynanı Rusiyanın qabağına atdı, bununla da ölkə yerlə yeksan edildi. Rusiya ilə ən usta və səmərəli münasibəti isə Azərbaycan qurdu. Nə çox yaxınlaşdı, nə konfliktə getdi. Bu siyasət Vətən müharibəsində bəhrəsini göstərdi.

Artıq Qərb xüsusilə post sovet məkanında cazibəsini və etibarını itirir. Amma buna baxmayaraq hələ də bəzi ölkələrdə onun təsirində olan siyasi qüvvələr, QHT-lər, media fəaliyyət göstərir.

Kainat.tv xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, Azərbaycanın yerləşdiyi həssas coğrafiya bizi xarici siyasətdə, beynəlxalq münasibətlərdə balanslı davranmağa sövq edir:



 Elvin Baxşalızadə

“Fikrimcə, biz ilk növbədə praqmatik davranmalı, ölkə maraqlarını qorumalıyıq. Avropa Birliyi və Rusiya arasında seçim etməyə məcbur deyilik. Hər iki güc mərkəzi dəfələrlə öz tərəfdaşlarını hüsrana uğradıb. Ukrayna buna ən yaxşı nümunələrdən biridir. 40 milyonluq böyük ölkə darmadağın olub. İki güc mərkəzinin toqquşduğu poliqona çevrilib. Burada Rusiya işğalçı ölkə, Qərb isə etibarsız tərəfdaş statusundadır.

Hesablamalara görə Ukraynanın bütövlükdə bərpası üçün 400-500 milyard dollar pul lazımdır. Bu maliyyə resursu necə əldə olunacaq, bu böyük sual olaraq qalır. Gürcüstanda bugünlərdə baş verənlər də bu iki güc mərkəzinin toqquşmasının təzahürüdür. Təəssüf ki, qonşu ölkəni qarşıda gərgin dövr gözləyir.

Bütün qeyd olunanların fonunda,biz dövlət olaraq həmişə milli maraqlardan çıxış etməli və bu iki böyük güc balansını da bizimlə hesablaşmağa vadar etməliyik. Bizdən asılı olmayan səbəblərdən həm Rusiya, həm də Avropa Birliyi hələ uzun müddət regionda qalacaq. Bu baxımdan balanslı davranmalı və bu həssas dəngəni saxlamalıyıq”.