“Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft daşımalarını bu il 1,5 milyon tondan 20 milyon tonadək artırması perspektiv plandır”.

Kainat.tv Globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri Neft Araşdırmaları Mərkəzinin sədri, iqtisadçı İlham Şaban deyib.
İ.Şabanın fikrincə, planın reallaşması nə 2025, nə də 2030-cu ilə hesablanıb: “Çünki bununla bağlı nəinki detallı bir plan işlənilməyib, heç reallığa yaxın masanın üzərində olan “yol xəritəsi” belə mövcud deyil”.

İlham Şaban bir neçə məqama toxunub:

“1. Bəlli deyil ki, hansı mənbələrin resursu hesabına Qazaxıstan həmin 20 milyon ton nefti “tapıb” Xəzərin o tayına göndərmək fikrindədir.

2. Əslində, 20 milyon ton nefti göndərməyə hazırki dəmiryolu infrastrukturunun imkanı da yoxdur”.

Ekspertin sözlərinə görə, yeni neft kəməri çəkmək lazımdır:



 İlham Şaban

“Hardasa 700 km (onu layihələndirmək, maliyyəsini tapmaq və tikmək – təqribən 3 il zaman vaxt tələb edir) neft kəməri tikmək lazımdır. Qazaxıstan onu Xəzərin Şimal-Şərqindəki Eskene terminalından Kurık terminalına (hazırda Qazaxıstan nefti Azərbaycana Aktau terminalından daşınır, Kurık isə Aktaudan cənubdakı körfəzdə yerləşir) çəkmək istəyir. Deməli, həm Eskenedə yeni terminal tikilməlidir, həm də Kurıkda”.

O deyib ki, hazırda tankerlərlə Xəzər üzərindən 12 milyon tona qədər neft daşımaq mümkündür: “Demək, sözügedən həcmə çatmaq üçün əlavə tankerlər tikilməli, köhnələri isə nəqletmənin stabilliyini saxlamaq üçün yenilənməlidir. Azərbaycan sahilində Xəzərin o tayından nefti qəbul etmək üçün infrastrukturun gücü 7 milyon tona yaxındır. Onu da 3 dəfə artırmaq lazımdır. Hazırda BTC ilə 23 milyon tona yaxın Azərbaycan nefti nəql edilir. Qazaxıstan tərəfdə bütün işlər görülüb qurtarana qədər bizim neftin həcmi təqribən 20 milyonadək azala bilər. Deməli, yarıbayarı qarışdırıldıqda artıq onun keyfiyyəti “Azeri Light” deyil, Kebco (kükürd faizi nisbətən yüksək) olacaq, qiyməti də aşağı. Yəni belə kommersiya məncə, bizim marağımıza yaxın beşillikdə çətin cavab verə”.

İlham Şabanın fikrincə, rəsmi Astananın qaldırdığı məsələnin reallaşması yaxın gələcəyin işi deyil.