Rusiya-Ukrayna müharibəsində gərginliyin daha da artdığı müşahidə olunur. Kiyev uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərini hədəfə alır. Moskva isə bu hücumların qarşılığında Ukrayna və Qərbi nüvə silahı ilə təhdid edir.  

Müharibənin ilk günündən Kiyevə dəstək verən Avropa ölkələri və region dövlətləri prosesi narahatlıqla izləyirlər. Rusiya Prezidenti Vladimir Putinin yenilənmiş nüvə doktrinasını təsdiqləməsi isə müharibənin daha geniş və dağıdıcı miqyas alması ehtimalını gücləndirib.

Putin Ukraynanı raket hücumlarından çəkindirmək üçün taktiki nüvə silahına əl atacaqmı? Bu gedişat dünya, xüsusilə MBD məkanı, Cənubi Qafqaz üçün nə vəd edir?

Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, Rusiya son günlər nüvə silahından istifadə edəcəyini tez-tez dilə gətirir, amma bunun olması real deyil:

“Rəsmi Moskva heç vaxt taktiki və ya standart nüvə silahından istifadə etməyəcək. Məsələ ondadır ki, taktiki nüvə silahının istifadəsi müharibənin gedişində heç bir müsbət effekt verməyəcək. Yəni bu silahın dağıdıcı gücü o qədər də çox deyil.



 Murad Saddədinov

Rusiya bu silahdan istifadə edərsə, ciddi sanksiyalara məruz qala bilər. Hətta yeni sanksiyalar əvvəlkindən daha sərt olacaq. Bu isə Moskvanın iqtisadi baxımdan zəifləməsi deməkdir. Nüvə silahından istifadəyə görə Çin və Hindistanın Kremlə üz çevirməsi istisna deyil”

Politoloq bu günə qədər nüvə silahından istifadə təcrübəsinin olmadığını bildirib:

“Həmçinin Moskva bu silahdan istifadə edərsə, başqa ölkələr də eyni şeyi istəyəcək. Nüvə silahını əldə etmək və ondan istifadəyə cəhd göstərəcəklər. Rusiya üçün ən pis ssenari isə Ukraynanın özünə nüvə silahının verilməsi ola bilər. O səbəbdən Kremlin belə bir qərar verəcəyini düşünmürəm”.