Mərkəzi Asiya və Azərbaycan - vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan. 
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü ərəfəsində cənab Prezidentimiz İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi Azərbaycanın region dövlətləri, xüsusən Özbəkistanla münasibətlərinin mövcud vəziyyətini və əməkdaşlığının  perspektivlərini bilmək baxımından, əhəmiyyətlidir. Dövlət başçımızın təkcə coğrafiyanın deyil, həm də tarixi-mədəni əlaqələrin, ortaq dini və mənəvi dəyərlərin, adət-ənənələrin birləşdirdiyi Azərbaycana və Mərkəzi Asiya ölkələrinə artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırması kimi baxması çox geniş məna daşıyır. Azərbaycan Mərkəzi Asiya ölkələrindən fiziki olaraq dəniz vasitəsi ilə ayrı olsa da, əslində onları birləşdirən Xəzər dənizi mühüm amil, xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir. 
Bütün Mərkəzi Asiya dövlətlərinin Avropaya çıxmasında Azərbaycan müstəsna əhəmiyyətli rol oynayır. Bu baxımdan  Orta Dəhlizin əhəmiyyəti artır. Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək, dünya siyasətində Azərbaycanın yerini və rolunu, Mərkəzi Asiya dövlətlərinin dövlət müstəqilliklərini daha  möhkəmləndirəcəkdir.
Mərkəzi Asiya regionundakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verən Azərbaycanın qardaş Özbəkistanla ikitərəfli əsasda strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurması böyük uğurdur. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin yüksək səviyyəsini göstərir.  Ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarix və mədəni irs qardaş ölkələr kimi Özbəkistan və Azərbaycanı birləşdirir. Bu amillər dövlətlərarası münasibətlərin möhkəm təməlini təşkil edirlər. Ölkələrimiz etibarlı müttəfiqdirlər. Müasir şəraitdə qarşılıqlı münasibətlərdə şəxsiyyət amili – prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin şəxsi etimadı və dostluğu müstəsna rol oynayır, eyni zamanda gələcək nəsillərə də bir örnəkdir.
Qardaş Özbəkistanın həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, azad edilmiş Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəb binasını tikməsi təkcə yardım deyil, Qarabağdakı qardaşlığımızın rəmzi olub, ilk təşəbbüs kimi heç bir zaman unudulmayacaqdır. 
Azərbaycan və Özbəkistanın əməkdaşlığı təkcə ikitərəfli deyil, həm də çoxtərəfli əsasda da nümunədir. Türk Dövlətləri Təşkilatı və b. bərabər hərəkət etmək qürur yaradır. Türk birliyi minilliklərdən keçib gələn böyük bir arzunun gerçəkləşdirilməsidir. 
Ötən illər ərzində ölkələrimizin arasında münasibətlərin möhkəm hüquqi bazası və maddi təməlləri formalaşıb. Ən vacib məsələlərdən biri mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın, ictimaiyyətin əlaqələrinin qurulması, mədəniyyət forumlarının keçirilməsi, şəhərlərin qardaşlaşması və həyata keçirilməsidir. 
Müsahibə ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə  dərin münasibətlərinin böyük potensialının və yaxşı perspektivlərinin olduğunu göstərir. 
Heç şübhəsiz, dövlət başçımızın qardaş ölkəyə bu səfəri də əvvəlkilər kimi uğurlu olacaqdır.