Kainat.tv xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın mümkün Azərbaycan siyasətinə diqqət çəkib:
“Azərbaycan Trampın ABŞ prezidenti olduğu dönəmdə ərazi bütövlüyünü təmin etdi. Tramp administrasiyası Azərbaycana mane olmadı. Düzdür, Azərbaycanın ərazi bütövlüyünü təmininə yönələn hərbi əməliyyatına praktik baxımdan mane olmaq mümkün deyildi, buna baxmayaraq, Ağ Ev təzyiq alətlərindən birinə əl ata bilərdi. Bu baş vermədi.
Trampın növbəti prezidentlik dövründə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimalı yüksək olacaq. Co Baydenin Ağ Evi tərk etməsinə hələ iki aydan bir az artıq vaxt var. Ona görə də sülh sazişinin Baydenin prezidentlik dönəmində imzalanmasının mənası yoxdur. Bakı və İrəvan Trampla yaxşı münasibətlər naminə sülh sazişinin imzalanmasını yanvarın 20-dən sonraya saxlaya bilər. Belə olarsa, Tramp Azərbaycanla Ermənistan arasında imzalanması ehtimalı yüksək olan sülh sazişini xarici siyasətinin ilk uğurlarından biri kimi təbliğ edəcək. Kreml də Trampla yaxşı münasibətlərə ümid etdiyindən sülh sazişində Ağ Evin yeni sahibinin müəyyən paya sahiblənməsinə qarşı çıxmayacaq”.
Elxan Şahinoğlunun fikrincə, eyni sözləri Orta dəhliz haqqında söyləmək çətindir:
Orta və Zəngəzur dəhlizləri isə Çin mallarının Avropaya nəqlini nəzərdə tutur. Bu baxımdan yeni administrasiyanın Azərbaycan keçən dəhlizlərə dəstək verəcəyini gözləmək çətindir. Azərbaycanın bu dəstəyə ehtiyacı yoxdur, yetər ki, əngəl yaratmasınlar.
Vaşinqtonun dəhlizlərə marağının azalması İrəvanın işini çətinləşdirəcək. Çünki İrəvan ABŞ-ın dəstəyinə arxalanaraq Rusiyanın Zəngəzur dəhlizinə nəzarətini neytrallaşdırmağa çalışırdı. Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın dəhlizə nəzarət etməsini istəmirsə, bu məsələdə Azərbaycanla razılığa gəlməlidir.
Tramp siyasətdə biznes qaydalarına üstünlük verir, yəni o, xərc tələb edən dövlətlərlə deyil, gəlir gətirməyə şərait yaradan dövlətlərlə əməkdaşlığa üstünlük verir. Ermənistan isə başdan ayağa xərcdir”. //Teleqraf.com