Kainat.tv onunla müsahibəni təqdim edir.
- ABŞ prezidentinin xüsusi köməkçisi Maykl Karpenterin Azərbaycana səfəri nə ilə əlaqəlidir, yüksək rütbəli bu şəxs niyə Bakıya göndərildi?
- ABŞ prezidentinin köməkçisinin səfəri və Azərbaycan liderinə ünvanlanmış məktub kifayət qədər ciddi proseslərin getdiyindən xəbər verə bilər. Çünki uzun müddətdir tərəflər arasında sülh müqaviləsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Ermənistanın havadarları tərəfindən Azərbaycana təzyiq edildiyi hiss olunur ki, yarımçıq da olsa, bir “sülh müqaviləsi” imzalansın. Əlbəttə, Azərbaycan bunu qəbul eləmir. Ermənistan Konstitusiyasının prosesə mane olduğu xüsusi qeyd olunur. Prezident İlham Əliyev və dövlət katibi Entoni Blinken arasındakı son telefon danışığında da bu, ABŞ-ın diqqətinə çatdırılıb.
Düşünürəm ki, Bayden administrasiyası iki səbəbdən bu məqsədinə nail olmağa çalışır. Birincisi, Bayden administrasiyasına seçkilərdən əvvəl xarici siyasətdə hansısa uğur lazımdır. Çünki bu hakimiyyətin dönəmində iki qlobal savaş başladı: Rusiya-Ukrayna və İsraillə HƏMAS və Livan arasında gedən savaş. ABŞ hökuməti bu savaşların qarşısını ala bilmədi.
Əlbəttə, bunlar Bayden administrasiyası və onun seçkilərdə dəstəklədiyi namizəd Kamal Harrisin əleyhinə işləyən amillərdir. Bu baxımdan, Amerikaya xarici siyasətdə bir uğur lazımdır. Bu da uzun müddətdir Ermənistan və Azərbaycan arasında davam edən konfliktin həlli ola bilərdi.
Bayden administrasiyası Amerika tarixində ən ermənipərəst administrasiya kimi qalacaq. Bayden və komandasının üzvlərinin əksəriyyəti hansısa formada erməni diasporu ilə əlaqələri olan şəxslərdir. Bu cəhdlər həm də seçkilərdə erməni diasporunun səslərini almağa hesablanıb.
ABŞ-ın reallıqları qəbul edərək, Azərbaycan siyasətində müəyyən korrektlər etmək istəyi də ola bilər. Ötən ilin noyabrında iki ölkə arasındakı münasibətlər gərginləşmişdi. Xüsusən də dövlət katibinin köməkçisi Ceyms Obrayenin məlum açıqlamasından sonra Azərbaycan onun və digər ABŞ rəsmilərinin ölkəyə girişinə qadağa qoymuşdu. O dönəmdən sonra müəyyən cəhdlər olsa da, münasibətlər tam qaydasına düşmədi. ABŞ-dan Azərbaycana təzyiqlər edilməyə başladı. Bu da Azərbaycan tərəfindən sərt qarşılandı.
Baydenin məktubuna gəlincə, burada diqqətçəkən müsbət məqamlar da var. Məsələn, Azərbaycanın ərazi bütövlüyünə ABŞ-ın münasibəti müsbət qiymətləndirilməlidir. Çox güman ki, ABŞ Güney Qafqazda Azərbaycansız möhkəmlənməyin mümkünsüz olduğunu qəbul edir. Həmçinin Azərbaycan olmadan Orta Asiyaya girişin mümkün olmadığı qənaətinə gəlirlər. Baydenin məktubunda bu kimi məqamlara diqqət çəkilir. Sülh müqaviləsinin ilin sonunadək imzalanması istəyi ilə bağlı isə Azərbaycana təzyiq elementləri görürəm.
- ABŞ Prezidenti Co Baydenin azərbaycanlı həmkarı İlham Əliyevə məktubunda sülh müqaviləsinin imzalanması üçün iki tarixə diqqət çəkilir: COP29-a qədər və ya ilin sonunadək. Amerika lideri bu baxımdan “müsbət mesajlar” verir. Proses bu aralıqda sürətlənib finişə çata bilərmi?
- Əslində, bu məktub Azərbaycana yox, Ermənistana yazılmalıydı. Sülh müqaviləsinə əngəl olan amillərin aradan qaldırılması üçün Ermənistana təzyiqlər edilməliydi. ABŞ-ın özü də bilir ki, Ermənistan Konstitusiyası bu prosesə əngəl olan əsas faktordur. ABŞ belə bir şərtlərlə hansısa ölkə ilə müqavilə bağlayarmı?
Həmin ABŞ İkinci Dünya Müharibəsindən sonra Yaponiya və Almaniya konstitusiyalarının dəyişdirilməsinin təşəbbüskarlarından biri olub. Faktiki olaraq, onlar tərəfindən yazılmış konstitusiyalar Almaniya və Yaponiyada qəbul edilib. Böyük ölçüdə həmin konstitusiyalar bu gün də işləkdir.
Dediyim kimi, ABŞ bu təzyiqi Ermənistana göstərməlidir ki, sülhə əngəl olan məsələləri həll eləsin. Prezident İlham Əliyev də Karpenterlə görüşdə Azərbaycanın 5 baza prinsipini irəli sürdüyünü, Bakının sülhlə bağlı son təkliflərinə İrəvanın 70 gün sonra cavab verdiyini və Ermənistan Konstitusiyası ilə bağlı məsələni xatırlatdı.
- Bayden yazır ki, administrasiyası sülhə yol açacaq cəsarətli təşəbbüslərin irəli sürülməsinə hazırdır. Dediyinə görə, Karpenter artıq bu barədə Bakını məlumatlandırıb. Söhbət hansı təşəbbüslərdən gedir, sizcə, ABŞ sülh sazişinin imzalanması üçün nə vəd edir?
- Bunu söyləmək çətindir. Amma məktubda bir diqqətçəkən məqam “qarşılıqlı güzəştlər”lə bağlıdır. Azərbaycan hansı güzəştə gedə bilər? Aydın deyil. Çünki Azərbaycanın güzəştə gedəcək yeri yoxdur. Azərbaycan artıq 5 baza prinsipindən ibarət təkliflərini Ermənistana təqdim edib. Proses Ermənistan tərəfindən əngəllənir.
ABŞ-ın sülhlə bağlı mümkün təklif və ya vədlərinə gəlincə, açığı, bunların nələrdən ibarət olduğunu deyə bilmirəm. Amma xoş məram göstərmək istəyirlərsə, Ermənistana təzyiq edilməli və konstitusiya ilə bağlı məsələ həllini tapmalıdır. Ən azı Ermənistan konstitusiya dəyişikliyi ilə bağlı üzərinə öhdəlik götürməlidir.
İkincisi, ABŞ 32 ildən bəri tutduğu birtərəfli mövqedə ciddi korrektlər etməlidir, məsələn, “907-ci düzəliş” kimi bədnam sanksiya ləğv olunmalıdır. Azərbaycan humanitar baxımdan, xüsusən də minatəmizləmə işində ciddi şəkildə dəstəklənməlidir. Azad edilmiş ərazilərin bərpasına ciddi maliyyə dəstəyi verilməlidir. Həmçinin Azərbaycanla hərbi əməkdaşlıqda tətbiq edilən məhdudiyyətlər aradan qaldırılmalıdır.
Bunlar olacaqsa, biz Amerikanın səmimiliyinə inana bilərik, olmasa, dəyişən heç nə olmayacaq, köklü yox, ikinci dərəcəli məsələlər önə çıxacaq.
- Görünən odur ki, Bayden hakimiyyətdən gedənədək yarımçıq və ya bütöv olsun, fərqi yoxdur, sülh sazişinin imzalanmasını istəyir. Bakının da tələb və şərtləri bəllidir. İndi bu aralıqda Azərbaycan yarımçıq müqavilənin imzalanması ilə razılaşmasa, ABŞ hansı addımları atacaq? Məsələn, bir müddət haqqında danışılan mümkün sanksiyalar Baydenin gedərayaq əl ata biləcəyi vasitələr ola bilərmi?
- ABŞ onsuz da bura qədər eləmək istədiklərinin əksəriyyətini edib. Azərbaycan hələ işğala məruz qalanda “907-ci düzəliş”i tətbiq eləmişdilər, son bir ildə də bu və ya digər şəkildə prosesə mane olurlar. Azərbaycana qarşı münasibət tərəfdaşlıq və ya əməkdaşlıq ruhunda deyil.
ABŞ-ın birtərəfli yanaşması və bölgədəki destruktiv fəaliyyəti Azərbaycanı qane eləmir və onun maraqlarına uyğun deyil. Əlbəttə, artıq ABŞ-da bununla bağlı fikirlər səsləndirilib, 60 konqresmenin Blinkenə müraciəti də buna hesablanıb. Onların nöqteyi-nəzərlərinə görə, Azərbaycan ipə-sapa yatmasa, sanksiya tətbiq eləsinlər.
ABŞ və Fransa kimi ölkələr buna gedə bilərlər. Biz artıq görürük ki, dünyada hüququn yox, gücün hüququ dominantlıq edir. Amerika, Fransa və Qərbin digər dövlətlərinin siyasətləri də bu aspektdə qurulub.
Bəli, Azərbaycana qarşı hansısa qərəzli addımlar atıla bilər, istisna deyil. Amma Azərbaycanın tələbləri kifayət qədər aydındır. Azərbaycan Ermənistan konstitusiya dəyişikliyi tələb edir, ABŞ da bunu qəbul eləməlidir. Ermənistan ABŞ-ın təzyiqi ilə konstitusiya dəyişikliyinin tarixi ilə bağlı konkret öhdəlik götürməlidir, məsələ bu şəkildə həllini tapa bilər. Amma Amerika bu məsələlərdə səmimi deyil. Məsələn, guya ABŞ NATO-da Türkiyə ilə müttəfiqdir, amma Ermənistan Konstitusiyasında onun “müttəfiq”inə qarşı ərazi iddiası yer alır.
Başqa sözlə, Amerika sülh istəyində səmimidirsə, məsələlərin həllinə Ermənistandan başlamalıdır.