Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Kainat.tv onunla müsahibəni təqdim edir:

- Azərbaycanla sülh sazişi üzrə 16 maddənin hamısı ilə bağlı razılıq əldə edildiyini iddia edən Ermənistan parlamentinin spikeri Alen Simonyanın fikirləri daha sonra inkar edildi. Bu həssas mövzu üzərində manipuliyasiya etməkdə məqsəd nə idi?

- Sülh müqaviləsi 16 maddəlik idi. Bir müddət öncə açıqlama verilmişdi ki, bu müddəaların 13-ü razılaşdırılıb. 3 maddə üzrə isə razılığın əldə edilmədiyi deyilirdi. Bu müddəalar sülhün əsasını təşkil edir. İddia edilirdi ki, digər məsələləri sonrakı proseslərdə razılaşdırmaq mümkün olacaq. İndiki halda Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanmasına çox yaxındır. Amma nədənsə proses uzanır. Sanki burada prosesi qarşılaşdıran tərəflər var.



- Kimlər sülhün əldə olunmasında maraqlı deyil?

- Burada Rusiya tərəfindən olan təsirləri görmək mümkündür. Görünür ki şimal qonşumuz Cənubi Qafqazın iki ölkəsi arasında sülh müqaviləsi imzalanmasını istəmir.

- Sülh razılaşmalarında və ilkin şərtlərdə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları və ATƏT-in Minsk qrupundan imtina məsələsi yer alıbmı? 

- Minsk qrupu fəaliyyətdə olduğu dövrdə belə nəsə bir iş görə bilməyib. İndiki halda onun görəcəyi bir iş qalmayıb. Üç dövlətdən (ABŞ, Rusiya, Fransa) ibarət bir qurumun prosesə faktiki olaraq heç bir faydası yoxdur. Azərbaycan Prezidenti də Minsk qrupu ilə bağlı konkret mövqe bildirib. II Qarabağ müharibəsindən sonra Minsk qrupu kimi yararsız quruma artıq ehtiyac qalmayıb. Bu mənada Azərbaycanın mövqeyi tam haqlıdır. Sülhyaratma və nizamlama prosesinə belə bu qurumun faydası dəyməyib. Ona görə də, onu saxlamaq məntiqdən tamamilə uzaqdır.

- Prosesdə yer almaq istəyən tərəfin iştirakı hansı əsaslara söykənə bilər?

- Misal üçün Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəlik təşkil edib (rəhbəri İqor Xovayevdir). Minsk qrupunun digər üzvləri bu müstəvidə nəsə bir iş görmək istəyirlərsə, başqa bir format seçməlidirlər. İndiki halda onların adı gələndə insanlarda bir istehza yaranır. Ona görə də, bu qurumun bundan sonra dirçəldilməsinə ehtiyac yoxdur. Azərbaycan buna imkan verməyəcək. Ermənistan isə təkbaşına bu məsələdə heç nə edə bilməz.

- Ermənistan Konstitusiyasının Azərbaycanla imzalanaacq sülh sazişinə əngəl olmadığı iddia edilir. Bunu sərhədlərin dəqiqləşməsi ilə bağlı razılaşdırılmış reqlamentin təsdiqlənməsində də heç bir mane yaratmadığı ilə əsaslandırılır. Müqayisə nə dərəcədə inandırıcıdır?

- Azərbaycana qarşı Ermənistan Konstitusiyasında açıq ərazi iddiası ilə yanaşı şovinist, millətçi ideyalar öz əksini tapıb. Bakı haqlı olaraq həmin məsələlərin həllini tələb edir. Azərbaycan Konstitusiyasında isə Ermənistan və heç bir qonşu ölkəyə qarşı ərazi iddiasından, hansısa tələblərdən bəhs edilmir. Amma Ermənistan Konstitusiyasında keçmiş Dağlıq Qarabağla yanaşı, qardaş Türkiyəyə qarşı 1700 kv km-lik ərazi iddiaları öz əksini tapıb. Hətta Naxçıvan, Gədəbəyin Baş Kəndi haqqında Ermənistan qanunvericiliyində əsassız iddialar həddindən artıq çoxdur. Bütün bu əsassız iddialar aradan qalxmayınca heç bir məntiqi razılaşmadan söhbət gedə bilməz.