Kainat.tv xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.
“Erkən seçkilərlə bağlı söhbətlər yenidən gündəmə gəlib. Paşinyanın son həftələrdəki hərəkətləri, regionlara səfərləri, onun və həyat yoldaşının ictimai fəallığı siyasi sahədəki digər oyunçularda baş nazirin erkən parlament seçkilərinə hazırlaşdığına dair ciddi şübhələr yaradıb. Bu şübhələr daha çox Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı Azərbaycanın israrlı tələbləri ilə əsaslandırılır.
Bu yaxınlarda İrəvan və Bakı sülh müqaviləsinin mətninin 80 faizini artıq razılaşdırdıqlarını bəyan edib, digər yandan konkret hansı müddəaların razılaşdırılmadığı açıqlanmır.
Azərbaycan rəsmilərinin ritorikasına görə, indiki mərhələdə Bakının əsas tələbi Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə əlaqəlidir. Həmin tələbə görə, Müstəqillik Bəyannaməsinə istinad Konstitusiyadan çıxarılmalıdır”, - məlumatda deyilir.
Nəşr Ermənistan Konstuitusiya Məhkəməsinin (KM) bu yaxınlarda verdiyi qərara da diqqət çəkib. İki ölkənin sərhəd komissiyalarının birgə fəaliyyətinə dair əsasnaməsini təsdiqləyən KM bu sənədin Ermənistan Konstitusiyasına zidd olmadığını bəyan etmişdi. Həmçinin bu qərara görə, Müstəqillik Bəyannaməsi heç bir konstitusion öhdəlik daşımır.
“Hraparak” qeyd edir ki, rəsmi Bakı Ermənistanın gələcəkdə Konstitusiyaya əsaslanıb qaldıracağı iddiaların (ərazilərlə bağlı) qarşısını bəri başdan almaq istəyir:
“Artıq Paşinyan Konstitusiya İslahatları Komissiyasına 2026-cı ilin dekabrınadək islahatlar konsepsiyasını təqdim etməyi tapşırıb. Amma bu təminatlar da Bakını qane etmir, Konstitusiyanın dəyişdirilməsi tələbində israrlıdır. Paşinyan isə müqavimət resursuna malik deyil və Bakının tələbini yerinə yetirmək qərarına gəlib.
Baş nazir konstitusiya referendumundan əvvəl növbədənkənar seçkilər keçirəcək, əks halda referendum uğursuzluğa məhkum olacaq. Yalnız seçkilərdəki qələbəsinin eyforiyası altında seçkiləri etimad referendumu kimi təqdim edərək tez bir zamanda bunu həyata keçirə bilər. Seçkilərdəki qələbə ilə hamının ağzını bağlayacaq”. //Teleqraf.com