Ukrayna Prezidenti Vladimir Zelenski öz qələbə planına dəstək axtarmağa davam edir. Bununla yanaşı, Qərb paytaxtları anlayırlar ki, Ukrayna siyasətində dəyişiklik lazımdır.

Kainat.tv xəbər verir ki, bu barədə “Financial Times” yazır.

Nəşr qeyd edir ki, ABŞ üçün əsas növbəti addım Ukraynanın nəzarətdə olan əraziləri üçün 5-ci maddəyə əsasən qarşılıqlı müdafiə müddəalarının tətbiqini nəzərdə tutan Kiyevin NATO-ya üzvlüyü ilə bağlı öhdəlik ola bilər. Bu yanaşma “Qərbi Almaniya variantı” adlanır.

1945-ci ildən sonra Almaniya özünün başladığı müharibə səbəbindən bölünmüşdü. Ukrayna da Rusiyanın təcavüzünə görə parçalana bilər.
Ukraynanın Rusiya tərəfindən işğal olunmuş əraziləri zorakılıqla ruslaşdırmaya məruz qalır və ölkə lideri Vladimir Putin bu bölgələri “Rusiyanın yeni regionları” adlandırır. Nəşr vurğulayır ki, növbəti Rusiya lideri bu əraziləri dinc yolla Ukraynaya qaytarmayacaq.

Qərbi Almaniya 1955-ci ildə NATO-ya qəbul edilmiş, 1957-ci ildə Avropa İqtisadi Birliyinin həmtəsisçisi olmuşdu. Hazırda Ukrayna AB-yə üzv olmağa namizəddir, amma “Qərbi Almaniya variantı”nın həyata keçirilməsi üçün NATO bu prosesi tamamlamalıdır. Təhlükəsizlik ukraynalıların xaricdən qayıtmaları, investisiyaların cəlb edilməsi və AB-yə daxil olmaq üçün lazımi islahatların aparılması üçün əsasdır.

Bəzi ərazilərin itirilməsinə baxmayaraq, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun sorğusu göstərir ki, ukraynalıların 47 faizi yenidənqurma işlərinin maliyyələşdirilməsi, AB və NATO-ya üzvlük şərtləri ilə bunu qəbul etməyə hazırdır.

ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra hərbi yardımla bağlı konkret qərarların qəbulu gözlənilir. Donald Tramp qalib gəlsə, Ukraynaya dəstəyin gələcəyi gözlənilməz olacaq.

Rusiya ilə ciddi danışıqların tezliklə baş tutacağı ehtimalı yoxdur. Amma ilkin razılaşmalar daha tez əldə oluna və sabit qala bilər.
Alternativ ssenari də var, FT-yə görə, həmin variant belədir:

“Bu, Ukraynanın məğlubiyyəti və parçalanmasıdır, amma belə bir gəlişmə radikallaşmaya səbəb ola bilər. Bu, həm də Moskvanın təsirinin güclənməsi və Qərb üçün imkanların itirilməsi demək olardı”. //Teleqraf.com