Sosial şəbəkələrin Ermənistan seqmentində Cermukdan qoşunların çıxarılması haqda məlumat yayılıb. Ermənistan Müdafiə Nazirliyi bunu təkzib edib. Ardınca isə Ermənistan ordusunun hərbi kolonunun Kərkiyə doğru hərəkət etməsini əks etdirən görüntü yayılıb.

Ermənistan hərbi birlikləri Cermukdan çıxarılaraq, Naxçıvanla şərti sərhədə, Kərki istiqamətinə gedir? Hansı hazırlıqlar, planlar işə düşə bilər?

Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, Ermənistan-Azərbaycan münasibətlərində kirli informasiyalar həddindən artıq çoxdur:

“Ermənistan hakimiyyəti yaxşı manipulyasiyalar edir. Azərbaycan-Ermənistan münasibətləri üst səviyyəyə çıxa, sülh müqaviləsi imzalana bilər kimi açıqlamalar versə də, ardınca Ermənistan ordusunun silahlandırılması, yerdəyişməsinin şahidi oluruq. Rəsmi İrəvan Qazaxın 4 kəndinin geri qaytarılması məsələsini çıxmaqla bu günə qədər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.

Azərbaycan və Ermənistan nümayəndələri arasında delimitasiya və demarkasiya prosesi çərçivəsində müəyyən görüşlər keçirilir. Qazaxın 3, Naxçıvanın isə Kərki kəndini geri qaytarmalıdırlar. Bunun arxasından qaça bilməzlər”.



 Səxavət Məmməd

Hərbi ekspertin sözlərinə görə, ordular bəzi hallarda dislokasiya yerlərini dəyişə bilirlər:

“Təlimlər və ya digər məsələlər üçün bir yerdən digərinə keçə bilərlər. Amma Ermənistan ordusunun bu qəbildən hərəkətlərinin sırf təlimlərlə bağlı olduğunu düşünmürəm. Gələcəkdə hər hansı gərginliyə qarşı indi müəyyən tədbirlər görürlər. Rəsmi İrəvan həm regionda silahlanma yarışı başladan, həm də hərbi gərginliyin əsasını qoyan dövlətdir. Azərbaycan isə yalnız adekvat addımlar atır. İndiki mərhələdə hərb yolunu seçməyi düşünmür. Qalan 4 kənd məsələsini də dinc yolla həll etmək niyyətindədir”