ABŞ, Böyük Britaniya və Fransanın Ukraynaya verdikləri raketlərlə Rusiya dərinliklərinə zərbələr endirməyə razılıq vermələri müxtəlif aspektlərdən analiz edilir. Mülahizələrdən biri də budur ki, Rusiya Şimali Koreyanı Ukrayna ilə müharibəyə cəlb etdikdən sonra Qərb bu addıma getdi.

Həqiqətən də ABŞ, Britaniya və Fransa Moskvanı bu addımına görə cəzalandırır?

Kainat.tv xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Aydın Quliyev deyib ki, Rusiya-Ukrayna müharibəsi getdikcə daha da gərginləşir:

“Atılan hər bir addıma qarşı tərəf uyğun cavab verir. Rusiya Kursk vilayətində Şimali Koreyanın 10 min nəfərlik əsgərini yerləşdirdi. Dərhal ABŞ uzaqmənzilli raketlərdən Rusiyanın dərinliklərinə zərbə endirmək üçün Ukraynaya icazə verdi. Fransa və İngiltərə də raket sistemlərini işə saldılar. ABŞ Ukraynaya piyadalar əleyhinə minalar üzərindən də qadağını götürdü. Rəsmi Kiyev ABŞ raketləri ilə Rusiyanın Bryansk şəhərini vurduqdan sonra Kreml də ilk dəfə qitələrarası ballistik raketlə Dnepri vurdu.

Kreml bütün bunlara cavab olaraq nüvə doktrinasının dəyişdirilməsi ilə bağlı gediş etdi. Belə ki, Rusiyaya ediləcək istənilən hücumun nüvə silahı ilə cavablandırılacağını bəyan etdi”.



 Aydın Quliyev

Onun sözlərinə görə, hazırda Rusiya-Ukrayna müharibəsi ətrafında yeni eskalasiya yaranıb:

“Bu, Rusiyanın bəzi müttəfiqlərinin açıq-aşkar müharibəyə daxil olması cəhdləri ilə bağlıdır. Güman ki, nüvə silahından istifadəyə qədər hadisələri gərginləşdirmək üçün həm Qərb, həm də Rusiya tərəfindən kəskinləşdirici, vəziyyəti ağırlaşdırıcı addımlar atılacaq. Hər iki tərəf nüvə silahından istifadənin nə qədər ağır, məsuliyyətli məsələ olduğunu bilir. Son çarə olan nüvə silahından istifadəyə əl atılana qədər ən müxtəlif təsirli addımların şahidi olacağıq”.

Aydın Quliyev qeyd edib ki, Rusiyanın yeni müttəfiqlərinin canlı hərbi qüvvə verməklə müharibəyə qoşulması ehtimalı var:

“Şimali Koreya hərbi qüvvə ilə Rusiya tərəfindən döyüşürsə, gələcəkdə Suriya, İran, Sudanın və sair ölkələrin də eyni addım atması gözləniləndir. Pxenyanın qüvvə sayını artırması da istisna deyil. Təxminən 10 il əvvəl ABŞ Dövlət Departamenti İran, Şimali Koreya, Suriya və Sudanı dünyada terroru dəstəkləyən ölkələr sırasına saldı. Həmin siyahıda olan Şimali Koreyanın Rusiya tərəfindən açıq müharibəyə girməsi təsadüfi deyil. Bu, Kremllə həmrəyliklə yanaşı vaxtilə ABŞ-ın Koreyaya etdiklərinə görə qisas addımı idi. Sanki ABŞ terroru dəstəkləyən ölkələrin Rusiya tərəfindən müharibəyə daxil olmasında maraqlıdır. Bu istiqamətdə addımlar atır”.