ABŞ-ın yeni prezidenti Donald Tramp Co Baydenin Rusiyanın dərinliklərinə zərbələr endirmək qərarını yenidən nəzərdən keçirə biləcəyini vurğulamaqla, Kreml sahibinə xəbərdarlıq mesajı göndərib... Yəni, Ağ Evin yeni sahibi prezident Vladimir Putinə anlatmağa çalışır ki, əgər, Kreml Rusiyanın gələcək taleyini düşünürsə, baş verənlərə radikal reaksiyadan və sülh masasında maksimalizm mövqeyindən çəkinməlidir...


Ukrayna savaşı kollektiv Qərbin parçalanmasına yol açmağa başlayıb. Belə ki, Bəzi Qərb ölkələri Ukrayna savaşının bundan sonra maliyyələşdirilməsinin mümkün olmadığı qənaətinə gəldiklərini qətiyyən gizlətmirlər. Ona görə də, bu mövqedə olan Qərb ölkələri Ukrayna savaşının mümkün qədər tez bir zamanda dayandırılmasının tərəfdarları kimi çıxış edirlər. Və onların əsas arqumentlərinin sırasında Ukrayna ordusunun hərbi texnika ilə təchiz olunması üçün yeni maliyyə qaynaqlarının tapılmasının çətinləşməsi, eləcə də, artıq bumeranq effekti verməyə başlayan Rusiyaya qarşı sanksiyaların sosial-iqtisadi böhrana yol açdığı ön planda yer alır.

Ancaq Ukrayna savaşının başladılması ilə planlaşdırılan strateji hədəflərin hələ reallaşdırılmadığını iddia edən Qərb ölkələri də mövcuddur. Belə mövqedə olan olan ölkələr hesab edirlər ki, Rusiya öz sərhədlərindən kənarda siyasi iradə göstərə bilməyəcək həddə qədər zəiflədilməlidir. Əks halda, yəni, buna nail olmadan Ukrayna savaşının dayandırılması Rusiyanın strateji hərbi qələbəsinə çevrilmiş olacaq. Və Rusiya yaxın gələcəkdə Qərb ölkələrini, xüsusilə də, Avropa dövlətlərini təhdid etmək imkanları qazanacaq.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşının dayandırılması ilə bağlı prosesə hazırda hələlik öz səlahiyyətlərinin icrasına başlamamış yeni ABŞ prezidenti Donald Tramp liderlik edir. Bəzi məlumatlara görə, Ağ Evin yeni sahibinin emissarları Kreml təmsilçiləri ilə artıq səhnəarxası, gizli danışıqlara da başlayıblar. Rəsmi Kiyevin də bundan məlumatlı olduğu bildirilir. Və prezident Volodimir Zelenskinin Ukrayna-Rusiya savaşının tezliklə sona çatacağını bəyan etməsi də məxfi təmaslarda müəyyən irəliləyişlərin olduğunu göstərir.


Təbii ki, indiki şərtlər daxilində Ukrayna savaşının dayandırılması ərazi itkiləri təhlükəsi ilə üzləşmiş rəsmi Kiyevlə yanaşı, bəzi Qərb siyasi dairələrinin də strateji maraqlarına qətiyyən cavab vermir. Ona görə də, Ukrayna savaşının dayandırılmasına yönəlik Tramp planının pozulmasına yönəlik müəyyən addımların atılmaqda olduğu müşahidə edilir. Belə ki, ABŞ prezidenti Co Baydenin Ukraynaya Rusiyanın dərinliklərinə strateji raket sistemləri ilə zərbə endirmək icazəsi verməsi hazırda beynəlxalq məkanda kifayət qədər təlaş yaradıb. Və Fransa da daxil olmaqla, bəzi NATO ölkələrinin də prezident Co Baydeninin bu qərarını dəstəkləyərək, təkrarlaması isə Ukrayna savaşının nəzarətdən çıxma təhlükəsinə olduqca ciddi görüntülər verib.

Halbuki, ABŞ-da keçirilmiş seçkilər ərəfəsində rəsmi Kiyev dəfələrlə və israrla NATO-dan Rusiyanın dərinliklərinə zərbə icazəsi istəsə də, Bayden administarsiyası buna sərt şəkildə veto qoymuşdu. İndisə Bayden administrasiyası öz səlahiyyətlərini təhvil vermək ərəfəsində gözlənilmədən belə bir radikal qərar verməsi istənilən halda təəccüb doğurmaqdadır. Və belə bir addımın qarşısında kifayət qədər ciddi səbəblərin ola biləcəyi isə qətiyyən istisna deyil.

Birinci önəmli səbəb ehtimalı olaraq, Ukrayna savaşının dayandırılmasına qarşı çıxan Qərb siyasi dairələrinin ABŞ prezidenti Co Baydenin verdiyi qərar üzərindən Ağ Evin yeni sahibi Donald Trampın “sülh planı”nı pozmaq cəhdi diqqəti çəkir. Çünki əgər, rəsmi Kiyev prezident Co Baydenin verdiyi icazədən istifadə etmək niyyətinə düşərsə, bu, Ukrayna savaşının arealının genişlənməsinə yol aça bilər. Hər halda, Kreml artıq bəyan edib ki, Ağ Ev sahibinin verdiyi icazə ilə Rusiyanın dərinliklərinə zərbə endirilərsə, bu, NATO ölkələrinin Ukrayna savaşına birbaşa qatılması kimi qəbul olunacaq. Və dərhal radikal reaksiya veriləcək.

Belə anlaşılır ki, Kreml əvvəllər də təhdid etdiyi kimi, NATO ölkələrinə, xüsusilə də Avropa məkanında raket zərbəsi endirmək niyyətindədir. Bu isə o deməkdir ki, Rusiyanın Qərb ölkələrinə cavab zərbəsi mütləq qlobal savaşa yol açmış olacaq. Ən pisi də ondan ibarətdir ki, qlobal savaşın nüvə müharibəsinə qədər inkişaf etmə perspektivləri tamamilə real hesab olunur. Və Kreml artıq Fransanın su hövzələrinə taktiki nüvə zərbəsi ilə ilkin xəbərdarlıq niyyətində olduğunun mesajını da verib.

Bütün bunlar onu göstərir ki, əgər, hadisələr bu istiqamətdə inkişaf edərsə, sonradan nüvə savaşına çevrilə biləcək üçüncü dünya müharibəsi ilə bağlı ehtimallar reallaşa bilər. Nəticədə ABŞ-ın yeni prezidenti Donald Trampın Ukrayna savaşının dayandırılmasına yönəlik sülh planı ətrafında müzakirələr demək olar ki, mümkün olmayacaq. Və bu variantın reallaşmasının qarşıduran tərəflərdən hansına daha çox sərfəli olacağı isə hələlik kifayət qədər mübahisəli məsələdir.

Digər varianta gəldikdəsə, prezident Co Baydenin verdiyi qərar Ağ Evin yeni sahibi ilə də əvvəlcədən razılaşdırılmış radikal addım ola bilər. Çünki Rusiya ordusunun hazırda Ukrayna ərazisində irəliləməsi Tramp administarsiyasının siyasi maraqlarına qətiyyən cavab vermir. Hər halda, savaş meydanında nisbi hərbi üstünlük qazanmış Rusiya ilə sülh anlaşmasının şərtlərini müzakirə etmək kifayət qədər ciddi problemlər yarada bilər. Və bu halda, Kremlin sülh şərtlərini Rusiyanın maraqları çərçivəsində qarşı tərəfə diqtə etməyə çalışacağı qətiyyən şübhə doğurmur.


Ona görə də, Tramp administarsiyası Kremllə rəsmi danışıqlar ərəfəsində Rusiyanın sülhə məcbur edəcək səviyyədə çətin vəziyyətə salınmasına ehtiyac duymuş da ola bilər. Hətta səhnəarxası danışıqlarda Kreml təmsilçilərinin Ağ Ev sahibinin emissarları qarşısında daha iddialı şərtlər irəli sürmüş ola biləcəyi də qətiyyən istisna deyil. Bu səbəbdən də, Tramp administrasiyası Qərbin Ukraynanı belə asanlıqla qurban verməyəcəyini qabartmaq üçün Rusiyanı raket zərbələri ilə çətin vəziyyətə salmağa ehtiyac duymuş ola bilər. Çünki bu, rəsmi sülh danışıqları başlayarkən, ABŞ-ın əlini möhkəmləndirə biləcək manevrdir.

Digər tərəfdən, bu addımın məhz hakimiyyətdən getməkdə olan Bayden administrasiyası tərəfindən atılması yeni prezident Donald Trampı siyasi məsuliyyətdən də kənarda qoyur. Çünki hazırda belə qərarlar yalnız Bayden administrasiyası tərəfindən qəbul olunduğundan prezident Donald Tramp Rusiyanın dərinliklərinə zərbələrə görə cavabdehlikdən yaxasını kənara çəkmək şansı da qazanır. Üstəlik, prezident Donald Trampın bu məsələ ilə bağlı son açıqlaması da Rusiya üzərində müəyyən oyunların başladığına yönəlik şübhələr yaradır.  

Məsələ ondadır ki, prezident Donald Tramp Co Baydenin Rusiyanın dərinliklərinə zərbələr endirmək qərarını yenidən nəzərdən keçirə biləcəyini vurğulayıb. Onun verdiyi mesajda Bayden administrasiyasının verdiyi qərarların yenidən nəzərdən keçiriləməsinə ehtiyac yarana biləcəyinə eyham vurulub. Yəni, Ağ Evin sahibi birmənalı şəkildə Rusiyanın dərinliklərinə icazəninin ləğv ediləcəyinə təminat verməyib. Sadəcə, bu məsələnin yenidən müzakirə olunacağını bildirib. Və bu, əslində, məhz Rusiyaya yönəlik üstüörtülü radikal mövqedən geri çəkilməyin vacibliyinə yönəlik xəbərdarlıq mesajı da hesab oluna bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert