Hazırda dəmir yolunun ətrafında xüsusi qoruyucu zolağını nəzərə almadan yüzlərlə ev tikilib. Qanunda göstərilib ki, tikilən ev ən az 24 metr dəmir yolu xəttindən uzaqda yerləşməlidir. Lakin xətt boyu yerləşən evlərin çoxunun qapısı birbaşa yola açılır. Üstəlik, bəzilərinin önünə qoruyucu səddlər də çəkilməyib. Bu da orada yaşayan əhalinin həyatı üçün birbaşa təhlükə mənbəyidir.

Kainat.tv mövzu ilə bağlı Azərbaycan Dəmir Yolları QSC ilə əlaqə saxlayıb. 

Qurumdan saytımıza məlumat verilib ki, dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən problemlərdən biridir. 
Əsasən Abşeron dairəvi xətti üzrə dəmir yolunun mühafizə zolağını nəzərə almadan tikilən evlər ciddi təhlükə törədir.

Dəmiryol xətti çəkilərkən mütləq mühafizə zolağı da ayrılır. Bu zolağın eni 20 metrdən 100 metr, bəzi yerlərdə daha artıq sahəni əhatə edir və xüsusilə yanğın təhlükəsizliyi, qəza kimi hadisələr nəzərə alaraq ayrılır.

Məlumatda deyilir ki, Azərbaycan Dəmir Yolları qanunsuz olaraq tikilən yaşayış və qeyri-yaşayış obyektləri ilə bağlı davamlı monitorinq aparır, qanunsuz tikililər aşkar edildikdə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara məlumat verilir.
Dəmir yolları ətrafındakı qanunsuz tikililər dövlət layihələrinin həyata keçirilməsinə də əngəllər yaradır.

Qanunsuz tikililər dəmiryol xətlərinə mütəmadi göstərilən texniki xidməti və təmir işlərini çətinləşdirir. Qeyd edilən sıx məskunlaşma qatarların qarşısına qəfil insan və heyvan çıxma halları intensivləşir, bu hallar sakinlərin həyatını riskə atır. Sıx məskunlaşma həmçinin qatarların aşağı sürətlə hərəkət etməsinə səbəb olur ki, bu da xidmət keyfiyyətinə təsir edir.Ajans.az