İranın ali dini lideri Ayətullah Əli Xamenei, İsrail və ABŞ-a qarşı ciddi tədbirlər görməyə hazır olduğunu bəyan edib.

Kainat.tv-nin əldə etdiyi məlumatlara görə, bu açıqlama Yaxın Şərqdə artan gərginliyin fonunda diqqət çəkir və mümkün hərbi və siyasi toqquşmaların olacağına dair narahatlıqları artırır.

Xamenei çıxışında belə qeyd edib: “Biz əlbəttə, bütün mümkün addımları atacağıq və kobudluğa qarşı hərbi və siyasi tədbirlər görəcəyik. Hazırda hakimiyyət bu istiqamətdə fəal işləyir.”

Bu açıqlama Tehranın həm regional, həm də beynəlxalq səviyyədə qarşıdurmaların daha da dərinləşə biləcəyinə işarə edir. Xameneinin mövqeyi İranın xüsusilə son aylarda ABŞ və İsrail ilə münasibətlərində yaranan gərginliklər və qarşılıqlı təhdidlər fonunda ciddi nəticələrə səbəb ola biləcəyini göstərir.

İran uzun müddətdir ki, Yaxın Şərqdəki güc balansında mühüm rol oynayır və regionun təhlükəsizliyi ilə bağlı əsas oyunçulardan biri kimi çıxış edir. Xameneinin son bəyanatı isə Tehran rəhbərliyinin İsrailin və ABŞ-ın hər hansı təxribatlarına qarşı hər an cavab verməyə hazır olduğunun sübutu kimi qiymətləndirilir.

Qeyd edək ki, regionda hərbi və siyasi gərginliklərin artması beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir və bu açıqlamalar yaxın zamanlarda baş verə biləcək hadisələrin proqnozlaşdırılmasını çətinləşdirir. //Musavat.com