Fransanın Ermənistandakı səfiri Olivye Dekotini üzərində ölkəsinin bayrağı olan avtomobillə Azərbaycanla sərhəddə yerləşən Nerkin Hand kəndinə səfər edib. O, yerli sakinlərlə görüşdən sonra Azərbaycan ordusunun mövqelərini izləyib.

Səfir Azərbaycan mediasında Fransa bayraqlı avtomobilin sərhədimizə gəlməsi və bunun fransız kəşfiyyatı olması ehtimalı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O, sərhədimizə gələnin özü olduğunu və səfərinin casusluq məqsədi daşımadığını deyib.

Səfirin digər ölkənin sərhədinə gedib, binoklla müşahidə aparmasının səbəbi nədir? Bu haqda niyə əvvəlcədən məlumat verilməyib? Fransa səfirinin bu davranışı diplomatik etiket qaydalarına ziddirmi? Rəsmi Bakı buna necə reaksiya verməlidir?

Kainat.tv-a danışan analitik Aqşin Kərimov deyib ki, Fransa regionda Ermənistanın boynuna Azərbaycana qarşı hərbi eskalasiya öhdəlikləri qoymaqla 4 istiqamət üzrə strateji marşrutda mövqelənmək istəyir:

Birincisi, Paris Bakı-Ankara strateji müttəfiqliyinin müştərək maraqlarını çətin bir yola salmağa çalışır. Bu səbəbdən Ermənistanda hərbi və müdafiə boşluqlarını doldurmaq üçün Avropa İttifaqı (Aİ) missiyasının statusunu manipulyasiya edir.

İkincisi, Fransa regionda Hindistan və İranla koalisiya yaradaraq ambisiyalarını stimullaşdırmaq məqsədlərində maraqlıdır. Dehli ilə arasında müdafiə sənayesi sahəsi üzrə olan əməkdaşlıq və hər iki dövlətin Ermənistanın müdafiə çətirinə çevrilməsi Parisə Cənubi Qafqazda yerləşməsində müəyyən köməklik göstərir.



 Aqşin Kərimov

Üçüncüsü və daha mürəkkəbi Fransanın İran və Rusiya ilə əlaqələridir. Ehtimal ki, Paris Moskva ilə gizli razılığa nail ola bilmədiyindən bir gözünü Tehrana zilləyir. Çünki hər iki dövlətin Azərbaycan və Zəngəzur dəhlizinə qarşı maraqları üst-üstə düşür.

Dördüncüsü, Fransa regionda Böyük Britaniyanın səssiz oyunçu kimi nüfuzun yüksəltməsindən narahatlıq keçirir. Çünki Londonun Bakı ilə strateji tərəfdaşlıq əlaqələrinin inkişafının Paris üçün regional tənəzzül gətirəcəyi düşünülür. Hesab edirəm ki, Fransanın Cənubi Qafqazda Ermənistanın xeyrinə balanssız yanaşma tərzini yüksəyə qaldırması qlobal kontekstdə Böyük Britaniya ilə açıq-gizli strateji rəqabətinə əsaslanır”.

Analitikin sözlərinə görə, Fransa bütün bunları Cənubi Qafqaz siyasətinə nisbətdə vahid paketə yığıb Azərbaycan-Ermənistan münasibətlərinin açar moderatoru statusunu qazanmaq istəyir:

“Paris həmçinin bu məsələdə Ai-nin vasitəçilik səylərini manipulyasiya etməyin gətirəcəyi faydaları düşünür. Buna görə Fransa Avropa İttifaqı müstəvisində Azərbaycan-Ermənistan danışıqlarının canlanmasını arzulayırmış kimi görünsə də, əslində birbaşa dialoqda vasitəçiliyinə can atır”. //Globalinfo.az