Güney Azərbaycanın bir qrup ekofəalı, o cümlədən ictimai və siyasi aktivistləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının iştirakçılarına və təşkilatçısına müraciət ünvanlayıb.

Kainat.tv xəbər verir ki, bu barədə Axar.az məlumat yayıb.

Müraciətin mətnində deyilir:

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının hörmətli iştirakçıları və təşkilatçısı, sizi salamlayırıq. Qlobal ətraf mühitin qorunması və dəstəklənməsi yolunda sizə uğurlar arzulayırıq!

Bütün bəşəriyyətin ortaq sərvəti olan ətraf mühitin qorunması üçün İranın məsuliyyətsiz hakimiyyətinin Güney Azərbaycanda yaratdığı əsas ətraf mühit problemlərini hazırda Azərbaycan Respublikasının ev sahibliyi etdiyi COP29 Sammitinin iştirakçılarına çatdırmaq istərdik:

1. İran hökuməti tərəfindən Urmiya gölünün qəsdən qurudulmasının qarşısı alınmalıdır.

Bu, ilk növbədə göl ətrafında yaşayan 15 milyon insanın həyatını birbaşa təhdid edir və mütəxəssislərin proqnozlarına görə, növbəti mərhələdə 500 km radiusda duz fırtınasının yaratdığı potensial təhlükə olacaqdır;

2. Ermənistanın Metsamor atom elektrik stansiyasından Araz çayına atılan kimyəvi və radioaktiv tullantıların qarşısının alınmalıdır.

Bu tullantılar cənub bölgələrində yaşayanlar arasında geniş yayılmış ağciyər, həzm və dəri xərçənglərinin artmasına səbəb olub. Bu çirklənmə Xəzər dənizinə də təsir göstərir və qarşıdakı dövrdə ekoloji təsirlərinin daha da ağırlaşacağı gözlənilir;

3. Təbriz və Binab şəhərlərindəki elektrik stansiyalarında mazutdan dərhal imtina edilməlidir.

Halbuki İsfahan, Ərak, Tehran və İranın digər bölgələrindəki elektrik stansiyaları mazutdan deyil, təbii qazdan istifadə edir;

4. İran hökumətinə Qaradağ bölgəsində yerləşən Süngün mis yataqlarında, Qərbi Azərbaycanın Tikantəpə bölgəsində yerləşən Zərşuran qızıl yataqlarında, Zəncan və Güney Azərbaycanın digər bölgələrində istismar məqsədilə həddindən artıq sionid istifadə edilməsi ilə bağlı xəbərdarlıq edilməlidir.

Bu, həmin ərazilərdə xəstəliklərin artmasına və ətraf mühitə geridönməz ziyanlar vurulmasına səbəb olub;

5. Ətraf mühit fəallarına qarşı əsassız ittihamlarla cəza tədbirləri dayandırılmalıdır.

İranda ətraf mühit fəalları “casusluq” və “xarici ölkələrlə əlaqə” kimi əsassız ittihamlarla həbs edilirlər.

Ümid edirik ki, bu məktub vasitəsilə Güney Azərbaycanın ətraf mühit problemləri və tələbləri COP29 iştirakçılarının, xüsusən sammitin ev sahibi olan cənab Prezident İlham Əliyevin nəzərinə çatdırılacaqdır. Çox istərdik ki, dünyanın ekofəalları, iqlim dəyişikliyinə qarşı mübarizə aparan ölkələr səsimizə səs versinlər”.

Məktubu çoxsaylı ekofəal, ictimai xadim və siyasi birlik sədrləri imzalayıb.