Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi fonunda Azərbaycana qarşı müxtəlif istiqamətlərdən kampaniyaların təşkili müşahidə edilir. COP29 ərəfəsində başlayan bu kampaniyalar qlobal iqlim problemlərinin müzakirəsi zamanı daha da aktivləşib. Kampaniyada iki iddia ana xətt olaraq seçilib.

1. Neft-qaz ölkəsində iqlim tədbiri keçirilə bilməz;
2. “İnsan haqlarının pozulduğu” ölkədə qlobal iqlim tədbiri keçirilməməlidir.


Hər iki iddianın kökündə absurd və ziddiyyətli məqamlar yer alır. Azərbaycan karbohidrogen ehtiyatlara malik olan ölkədir, lakin bu, Prezident İlham Əliyevin COP29 Liderlər Sammitinin açılış mərasimində çıxışı zamanı dediyi kimi, “Tanrının bəxş etdiyi hədiyyədir”.

Və bu iddia fonunda xüsusilə iki məqama diqqət etmək lazımdır.

Birincisi, COP-un keçirildiyi ölkələrin siyahısına;

Bu siyahıda yer alan ölkələr arasında iqtisadiyyatı və ixracatı əsasən neft-qazdan ibarət olanların sayı yetərincədir. Misal üçün, neft hasilatına malik olan Argentinada COP tədbiri iki dəfə keçirilib, Kanada, Cənubi Sudan, Peru, Misir, Meksika, Mərakeş, Qətər və Birləşmiş Ərəb Əmirlikləri də bu siyahıda yer alır. Yaxud COP-a ev sahibliyi etmiş Hindistan kömür istehsalına görə dünyada ön sıralarda qərarlaşır.



COP-a ev sahibliyi edən ölkələrin əksəriyyətində neft-qaz sənayesi miqyasından asılı olmayaraq mövcuddur. Bu kontekstdə Azərbaycana qarşı “neft-qaz ölkəsi” ittihamını irəli sürmək absurd yanaşmadır. Bu, ya “Tanrının hədiyyəsindən” məhrum olan ölkələrin təbii sərvətlərə malik olan ölkələri həzm edə bilməməsindən, ya da anti-təbiğat kampaniyasının gerçək hədəflərini “neft-qaz faktoru” ilə pərdələmək istəyindən irəli gəlir.

İkincisi, Azərbaycana qarşı infotəxribat kampaniyasının mənbəyi;

COP29 üzərindən Bakıya hücum kampaniyası Qərb mediası və QHT-ləri tərəfindən həyata keçirilir. Halbuki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm payçılardan biridir.



Burada paradoks ortaya çıxır: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rol oynayanda etibarlı tərəfdaş hesab olunur, qlobal iqlim problemlərinin müzakirəsinə ev sahibliyi edəndə “neft-qaz ölkəsi”?! Bu məqam COP29 üzərindən Bakıya qarşı aparılan kampaniyaya “ev sahibliyi” edən ölkələrin qeyri-səmimiliyi və riyakarlığını ifşa edir.

Əliyevdən “neft-qaz” ittihamına qarşı “master-klass”

COP29 Liderlər Sammitində çıxış edən Prezident İlham Əliyevin verdiyi mühüm mesajlar Azərbaycana qarşı aparılan kampaniyanı da tamamilə ifşa etdi. Dövlət başçısının toxunduğu bir neçə məqama diqqət edək:

- “Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır. Bu, ədalətsizlikdir və yalnız siyasi mədəniyyət və biliklərin çatışmamasından xəbər verir”.

- “Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir. Mən bu rəqəmləri auditoriyamızın diqqətinə çatdırmalıyam, çünki Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik”.

- “Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir”.

- “Ölkələrə qiymət başqa meyarlara görə verilməlidir... Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməli deyil. Mən bir neçə ay bundan əvvəl söylədim: indi mənə hücum çəkmək istəyənlərin hamısı, – mən beynəlxalq medianı nəzərdə tuturam, – mənim yalnız Tanrının bəxş etdiyi hədiyyə sözlərimə iqtibas edirlər. Bu gün isə mən bu auditoriyada, burada təkrar etmək istəyirəm: Bu, Tanrının bəxş etdiyi hədiyyədir. Hər bir təbii sərvət – istər neft, qaz, külək, günəş, qızıl, gümüş və mis – bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər. İnsanlara onlar lazımdır. Bir sözlə, mesajım belədir. COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik, lakin, eyni zamanda, biz realist olmalıyıq”.



Qərbin ikiüzlülüyü ifşa edildi

- “Digər ittiham məsələsinə gəldikdə, iki il əvvəl Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsinə imza atdılar. Lakin bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının sədri bu sənədi imzalamaq üçün iki il öncə Bakıya gəldi, çünki geosiyasi vəziyyətin dəyişməsi səbəbindən onlara bizim qaz lazım idi. Onlar bizdən yardım xahiş etdilər. Biz razılaşdıq. Əgər yardımımıza ehtiyac varsa, biz hər zaman kömək etməyə hazırıq. Dedik, yaxşı, biz enerji təhlükəsizliyində Avropaya kömək edəcəyik. İki il əvvəl həmin bəyannaməni imzalayanda qazımızı alan ölkələrin, yəni Avropa ölkələrinin sayı iki idi. İndi isə səkkiz ölkə alır. Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası, həmçinin bizdən xahiş edib ki, biz qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artıraq. Bu, Avropa Komissiyasının sədri və mənim tərəfimdən iki il öncə Bakıda imzalanmış bəyannamədə əks olunub. Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib”.

Prezident İlham Əliyevin bu çıxışı anti-Azərbaycan kampaniyasının təkzibolunmaz arqumentlərlə ifşa edilməsi idi.

COP29 üzərindən Azərbaycana qarşı aparılan kampaniyada ən ziddiyyətli ittiham isə “insan haqlarının pozulması”, yaxud “siyasi məhbuslar”la bağlı iddialardır. COP29 fonunda kampaniyanın motivi kimi bu amilin seçilməsi gülünc görünür. Təkcə ona görə yox ki, Azərbaycana qarşı bu ittihamların artıq klassikləşmiş təzyiq aləti olduğu sirr deyil, həm də qlobal iqlim problemləri və insan haqları məsələsinin bir-biri ilə bu və ya digər formada bağlılığı yoxdur. Bu amil kampaniya müəlliflərinin məqsədinin qlobal iqlim problemləri, insan haqları olmadığını açıq şəkildə göstərir. Prezidentin köməkçisi Hikmət Hacıyevin “Azadlıq” radiosunun suallarını cavablandırarkən qeyd etdiyi məqamlar bu kontekstdə xüsusilə diqqət çəkir. H.Hacıyev iqlim mövzusu ilə insan haqlarını bir-birinə calayanları tutarlı arqumentlərlə ifşa etdi.



Və bir daha aydın oldu ki, Bakının COP29-a ev sahibliyi etməsinə qarşı müxtəlif iddialar üzərindən kapaniya aparan qüvvələrin hədəfi fərqlidir:

- Bakıda keçirilən iqlim konfransının boykot edilməsi;

- Konfransın maksimum uğursuzluğa düçar olması;

- Azərbaycana yönələn beynəlxalq diqqəti qlobal iqlim problemlərindən yayındırmaq və öz siyasi maraqlarına yönəltmək;

- Azərbaycana təzyiq etmək və maraqlarının təmin edilməsinə nail olmaq və s;

Lakin Bakıya qarşı qurulan COP29 planları iflasa uğradı. Prezident İlham Əliyevin anti-Azərbaycan dairələr üçün arzuolunmaz mesajı da bunu təsdiq edir.

“Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!”, - dövlət başçısı Lider Sammitində bəyan edib.

Dünyanın diqqəti Bakıdadır və qlobal iqlim problemlərinin həll yolları Azərbaycanda müzkirə edilir.

Asif Nərimanlı