Yunanıstan "S-300", "Tor-M1" və "Osa-AK" hava hücumundan müdafiə sistemlərini Ermənistana göndərəcək. Yunanıstan Milli Müdafiə Baş Qərargahının (GEETHA) məlumatına görə, bu sistemlərin Ermənistana verilməsi Fransanın da iştirak etdiyi əməkdaşlıq səylərinin bir hissəsidir. Eyni zamanda Ermənistanın Yunanıstan tərəfindən əlavə silahlarla da təmin olunacağı açıqlanıb. Bundan öncə Hindistan Ermənistana hücum silahları göndərmişdi. Görünən odur ki, bölgədə vəziyyəti dəyişmək iddiasında olan qüvvələr davamlı olaraq Ermənistanı silahlandırmaqda israrlıdır.

Kainat.tv bildirir ki, bu sözləri Teleqraf.com-a hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri bu qüvvələri ciddi narahat edir:

“Həmçinin rəsmi Bakının Pakistanın ərazi bütövlüyü ilə bağlı olan birmənalı mövqeyi Hindistanın da Ermənistana olan münasibətini kökündən dəyişib. Ona görə də bu məsələlərin içərisində siyasi motivlər olduqca çoxdur”.



Polkovnik bildirib ki, Yunanıstan, Hindistan, Fransa və Cənubi Koreya Ermənistana aktiv şəkildə hərbi dəstək verir:

“Sözsüz ki, bu ciddi təhdid yaradır. Amma bu addımlar cavabsız qalmır və qala da bilməz. Azərbaycan da öz növbəsində ordunu daha da gücləndirir. Hazırda ordumuzun arsenalında müasir silah-sursat mövcud olsa da, yeni hərbi texnikaların alınması davam edir”.

Üzeyir Cəfərov vurğulayıb ki, Azərbaycan dövləti qardaş Türkiyə və Pakistanla, Slovakiya, Serbiya ilə və bir çox ölkələrlə hərbi sahədə sıx əməkdaşlıq edir:

“Ermənistanın hərbi ritorikasının qarşısının alınması üçün müəyyən addımların atılacağı şübhəsizdir. Qarşı tərəf bunu yaxşı bilir. Prosesləri gözləmək olmaz. Cənubi Qafqazda öz çirkin planlarını həyata keçirmək istəyən qüvvələr məhz Ermənistanı davamlı olaraq silahlandırmaq niyyətindədir. Məqsədləri Azərbaycana qarşı hərbi-siyasi müstəvidə təzyiq göstərməkdən ibarətdir. Burada başqa bir izaha ehtiyac yoxdur”.