Son vaxtlar Bakıda əhali sayının daha da artması, tıxac problemi paytaxtın köçürülməsi ilə bağlı fikirləri aktuallaşdırır.

Hətta Bakıətrafı ərazilərdə belə, çoxsaylı yaşayış məskənləri salınıb. Bununla yanaşı, paytaxtda şəxsi avtomobillərin də sayı getdikcə artır ki, tıxac problemi də həllini tapmır. Bu istiqamətdə hətta dövlət səviyyəsində tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflər irəli sürülsə də, hələ bu sahədə irəliləyiş müşahidə edilmir. Mövcud problemləri aradan qaldırmaq üçün mütəxəssislər tərəfindən irəli sürülən təkliflərdən biri də paytaxtın başqa əraziyə köçürülməsidir.

Paytaxtın köçürülməsi problemləri həll edəcəkmi?

Kainat.tv xəbər verir ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Ekolojicoğrafiya şöbəsinin müdiri, fəlsəfə doktoru, dosent Ənvər Əliyev “Cebheinfo.az”-a bildirib ki, Bakı indiki vəziyyətində yaşayış üçün tam yararsızdır:



“Ümumdünya Səhiyyə Təşkilatının da məlumatına görə, ən çirkli hava Azərbaycan ərazisində, xüsusən də Bakıda müşahidə edilir. Bakıya bir yapon turist gəlmir və bunun da səbəbi məlumdur. Bu işləri həll etmək üçün Bakını köçürmək yox, yeni bir paytaxt məskəni tapmaq lazımdır ki, həm coğrafi mərkəz, həm yaxşı ərzaq təminatı olsun.

Bununla bağlı mən Küllü çökəkliyi olan ərazini misal göstərmişdim. Mənə çatan məlumata görə, bu ərazi münasibdir, Cümhuriyyət dövründə paytaxtı oraya köçürmək istəyirdilər. İndi oranın təbii coğrafi mühitinə baxanda, çox gözəl ərazisi, yaxşı su təminatı var. Girdmançayla Çöyçayçayın arasında yerləşir. Orada çox gözəl qara torpaqlar var. Əhalinin kənardan deyil, yaxın ərazidən ərzaq təminatı olmalıdır. Bakıya ərzaq 150, su 300 kilometrdən gəlir.

Ona görə də burada əhalini ərzaqla təmin etmək problemi də var. Nəticədə də regionlara nisbətən qiymətlər fantastik qalxır. Bu baxımdan, hökumət bu barədə fikirləşməli, həmin ərazi öyrənilməlidir. Ən vacibi odur ki, çoğrafi mərkəz, ərazicə münasib yer olmalıdır. Bütün bunları nəzərə alsaq, mütləq dövlət səviyyəsində məsələ qaldırılmalıdır”.

O bildirib ki, Bakıda ölkə əhalisinin ən azı 50 faizi yaşayır:

“Bu, çox anormal haldır. Azərbaycanda kənd təsərrüfatı strukturunun normal işləməməsi nəticəsində çox güclü mütəxəssisindən başlayaraq fəhləsinə qədər çörək dalınca Bakıya üz tutur. İnsanın dolanışıq dalınca getməsi çox məqbul haldır. Nəticədə şəhərdə həddindən çox insan var.

Əhalinin də maşın təminatı yaxşıdır. Sovet dövründən qalmış avtomobillərlə yanaşı, Avropada bəyənilməyib buraya göndərilən avtomobillər var. Bu da şəhərin havasını hərtərəfli korlayır. Ona görə də bu problem gündəmdədir. Bu barədə mütləq nəsə fikirləşmək lazımdır. Çünki gələcək daha da qorxulu ola bilər”.

Onun sözlərinə görə, əhali artımı ilə yanaşı, Bakının havası olduqca dəyişkəndir:

“Bu hava yaşlı insanlara mənfi təsir göstərir. Yayda küləkli günlər çoxlu toz gətirir. Xəstəlik mənbələrinin biri də budur. Biz Bakıda yaşamaqla təxminən ömrümüzün 10-15 faizini itiririk. Vaxtilə cəmi 13 il quberniya mərkəzi Şamaxı oldu, sonra onu Bakıya köçürdülər və elə burada da qaldı.

Nəticədə mexaniki şəkildə Bakıya axın, daxili miqrasiya oldu. Bakının strukturu maksimum 1-1.5 milyon əhaliyə çatar. Ancaq əhali həmin saydan 2-3 dəfə artıqdır. Yəni, bu şəhər bundan artığına dözə bilmir”.  //Cebheinfo.az