Mərkəzi Asiyanın türk respublikaları Yunan Kipri ilə diplomatik münasibətlər qurmağa davam edirlər. Belə ki, Qazaxıstandan sonra Türkmənistan da Kipr Respublikasında səfirlik açıb. Türk Dövlətləri Təşkilatının (TDT) Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və onun prezidentinə isti münasibət göstərdiyi bir zamanda belə addımların atılması diqqət çəkir. Bundan başqa, son zamanlar ŞKTC-dən də Ankaraya bəzi çağırışlar eşidilir.

Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan Şimali Kipr prezidentinin xüsusi müşaviri Gökhan Gülər deyib ki, Qazaxıstan və Türkmənistanın Yunan Kiprində səfirlik açması bu ölkələrin ŞKTC ilə münasibətləri kəsməsi, ya da TDT-nin vizyonundan kənarlaşması mənasına gəlmir:

“Hər ölkə üçün milli maraqları daha önəmlidir. Dünya siyasətində ölkələrin istər ikili, istərsə də təşkilatlar daxilində bir-biri ilə əməkdaşlıq etməsi başadüşüləndir. İqtisadi maraqlar bəzən rəqib ölkələri belə əməkdaşlığa sövq edir.

WhatsApp Image 2025 04 04 at 16.17.04Gökhan Gülər

Qazaxıstandan sonra Türkmənistanın da Yunan Kiprində səfirlik açması vətəndaşlarda qıcıq yarada bilər, lakin beynəlxalq və dövlətlərarası münasibətlərdə belə qarşılanmır. Bu gün bu iki ölkə ŞKTC ilə çox yaxşı əlaqələrə malikdir. Bunun ən real göstəricisi ŞKTC-nin TDT-yə müşahidəçi statusunda üzv qəbul edilməsidir. Buna nə Qazaxıstan, nə də Türkmənistan etiraz edib. Hətta bu iki ölkənin ŞKTC ilə münasibətləri Yunan Kiprinə nəzərən daha yaxşıdır”.

G.Gülərin sözlərinə görə, iki ölkə gələcəkdə ŞKTC-də də səfirlik və ya konsulluq aça bilər:

“Aydın məsələdir ki, Yunan Kiprində qazaxlar və türkmənlər yaşayır. Bu baxımdan həmin ölkələrin orada səfirlik açması təbiidir. Digər tərəfdən, Yunan Kipri Aİ üzvüdür.

Kipr adasındakı münaqişə hələlik tam həll edilməyib. Adada türk xalqına qarşı haqsızlıq olub. Yunan Kiprinə tanınan hüquqlar bizim üçün də tanınmalı idi, amma olmadı.

Təbii ki, Qazaxıstan, Türkmənistan ŞKTC-də konsulluq, səfirlik ya da buna bənzər bir institut açsaydı, daha məqbul olardı. Lakin yenə də biz məsələyə beynəlxalq münasibətlər kontekstində baxır və diplomatik yanaşma sərgiləyirik. Bizim bu ölkələrlə təmaslarımız, siyasi münasibətlərimiz Yunan Kiprindən daha dərindir”.
hasan oktayHasan Oktay

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay isə deyib ki, beynəlxalq əlaqələrdə davamlılıq kontekstində dövlətlər bir-biri ilə yaxşı münasibətlər içində olur, diplomatik əlaqələr qururlar:

“Bu mənada, Qazaxıstan və Türkmənistan Yunan Kipri ilə diplomatik əlaqə qurmağı üstün tutdular. Avropa İttifaqının tərkibində olan Cənubi Kiprin, Türkiyə və Şimali Kiprlə problemlər yaşaması digər türk dövlətlərinin Cənubi Kiprlə diplomatik əlaqə qurmasına maneə yaratmaz. Hətta bu dövlətlərin bölgədə mövcudluğu Cənubi Kipr üzərində bir təzyiq aləti ola, Şimal və Cənub arasındakı problemlərin həllinə kömək edə bilər.

Şimali Kipr Türk Cümhuriyyətinin tanınması və hüquqi bazaya oturması üçün türk dövlətləri Cənubi Kiprlə daha yaxşı münasibətlər qurmalıdır. Bir qədər fərqli səslənsə də, uzunmüddətli dövrdə bu, daha strateji qərardır”.

Politoloq qeyd edib ki, ABŞ-ın Avropadan qoşunlarının bir qismini çəkməsi regionda boşluq yarada bilər:

“Bu boşluğu isə Türkiyə doldura bilər. Hesab edirəm, belə olan halda Ankaranın Aİ-yə üzvlüyü, ya da yüksək imtiyazlı əməkdaşlığı gerçəkləşə bilər. Bu isə sonrakı mərhələdə Ankaranın Kipr münaqişəsinə fokuslanıb adanın statusunun beynəlxalq müstəvidə yenidən baxılmasına nail olmasına gətirib çıxara bilər”.