İran Ekspertlər Şurasının üzvü və İsfahanın cümə imamı Əbülhəsən Məhdəvi deyib ki, Ekspertlər Şurasının təşkil etdiyi məxfi komissiya ölkənin ali rəhbəri Əli Xameneidən sonrakı dövr üçün 3 nəfəri araşdırıb, seçib və onların rəhbərlik qabiliyyətlərini təsdiq edib. O, bunun Əli Xameneinin istəyi və tapşırığı əsasında baş verdiyini bildirib.

Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan siyasi analitik Aqşin Kərimov deyib ki, İranın daxili siyasi həyatında, İran hərbi-siyasi ruhani müstəvisindəki hərəkətlənmənin intensivləşdiyini demək olar:

“Bu hərəkətlənmənin intensivləşməsini İranın xarici siyasətdə üzləşdiyi risklərin daxili səhnədə öz əks-sədasını tapması kimi izah etmək olar.

İran Ali Lideri Seyid Əli Xamenei nüfuz itkisi ilə üzləşib. Belə ki, o, ultramühafizəkarlar arasında mövqelərini laxladan bir siyasət yürüdüb.

Bundan sonra o, öz yerinə varislik sistemi ilə təyinat aparılması istəyi ilə çıxış etməklə həm indiki mövqeyini gücləndirmək niyyətindədir, həm də bundan sonra özünün ali fəxri statusunu saxlamaq kimi bir məqsəd daşıyır.

İran daxili siyasi həyatı çox mürəkkəbdir. Xarici siyasətdəki uğursuzluqlar, üzləşilən risklər birbaşa İranın daxili siyasi arenasına təsir göstərir. Bu mənada söyləyə bilərik ki, post-Xamenei dövrünə hazırlıq güclü rəqabət və qruplar arasında düşmənçilik səviyyəsində aparılır.



 Aqşin Kərimov

Eyni zamanda İranda radikallar ilə ultramuhafizəkarlar arasında da fikir ayrılığı mövcuddur. Xamenei əslində Məsud Pezeşkianı irəli verməklə ultramühafizəkarlar ilə mühafizəkarlar arasında nüfuz itkisini liberal düşərgə hesabına kompensasiya etmiş oldu. Bu gün varis seçimi məhz bu kompensasiyanın müşayiətində baş tutur.

Əvvəl iki şəxsin adı çox hallanırdı. Bunlar mərhum Seyid İbrahim Rəisi və Xameneinin oğlu Müstəba Xamenei idi. Lakin digər üçüncü namizədin kimliyi ilə bağlı etibarlı və dəqiq informasiya yoxdur. Ekspertlər Şurasına təqdim olunan siyahı məxfi qriflə yalnız İran elitasına məlumdur. İctimaiyyətdən bu məsələ gizli saxlanılır. İctimaiyyəti post-Xamenei dövrünə alışdırmaq üçün hazırlıq gedir.

İran lideri çalışacaq ki, öz yerinə oğlunu təyin etsin. Üstəlik Xamenei İranın daxili və xarici siyasət vektorlarında güc mərkəzi kimi çıxış edən SEPAH üzərində hərtərəfli nəzarəti bərpa etməkdə maraqlıdır. Lakin nəhəng bir güc imperiyasına çevrilmiş SEPAH-ın birbaşa təsirlərini minimallaşdırmaq çətindir, ona görə də SEPAH növbəti ali rəhbər seçimində pərdəarxası əsas söz sahibi kimi çıxış edə bilər.