Türkiyənin “Haber Global” telekanalı diqqəti Azərbaycana yönəldib. Belə ki, yayımlanan süjetdəki məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən COP29-un Zirvə Toplantısında Fransa və Niderlanda göstərdiyi reaksiya Brüsseldə əks-səda verib. Süjetdə qeyd olunub ki, İlham Əliyev kiçik ada dövlətlərinin yerləşdiyi ərazilərdə həyata keçirilən nüvə sınaqları və müxtəlif tədbirlərlə əlaqədar ətraf mühitin çirklənməsinə görə hər iki ölkənin məsuliyyət daşıdığını bildirib.

Avropa İttifaqı Komissiyasının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell isə İlham Əliyevin sözlərinə qulaq tıxayaraq ABŞ-ın iqlim dəyişikliyi ilə mübarizədə ən böyük maliyyəçi olduğunu deyib. O, “Fransa və Niderlandın yanındayıq” tərzində açıqlama verib.

Aİ-nin bu yanaşması nədən xəbər verir?



 Elnur Kəlbizadə

Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri Elnur Kəlbizadə deyib ki, Azərbaycan COP29 tədbirinə ev sahibliyi etmək üçün hazırlıqlara başladığı dövrdən bəri Fransa başda olmaqla bir sıra Avropa ölkələri rəsmi Bakıya qarşı müxtəlif formalarda təzyiq siyasətini həyata keçirməyə çalışıblar:

“Səbəb isə çox sadədədir. Onlar dünyanın ayrı-ayrı bölgələrində müxtəlif dövlətləri öz maraqlarına xidmət etməyə cəlb edirlər. Azərbaycan isə onların müəyyənləşdirdiyi ədalətsiz qaydanı pozan dövlətlərdən biridir. Həmin ölkələrin bütün ciddi cəhdlərinə, Ermənistana verdikləri dəstəyə baxmayaraq rəsmi Bakı onların planlarını pozmuşdur. Azərbaycan özünün ərazi bütövlüyünü təmin etmişdir. 44 günlük müharibə və uğurlu antitterror əməliyyatında qazanılan qələbənin ardınca bu cür dövlətlər COP29-u fürsət bilərək ölkəmizə qarşı təbliğat kampaniyasına başlayıblar. Belə bir məsəl var, “Öz evinin şüşədən olduğunu bilənlər, başqalarının evinə daş atmamalıdır”. Uzun illər ərzində Afrika və dünyanın digər nöqtələrində müstəmləkəçilik siyasəti yürüdən, həmin regionların xalqlarına zülm edən, ətraf mühitə öz sənayelərini müxtəlif formalarda inkişaf etdirməklə ciddi zərbə vuran Fransa kimi ölkələrin Azərbaycanı ittiham etməyə heç bir haqqı yoxdur. Azərbaycan 4 il öncə ərazi bütövlüyünü, 1 il öncə isə suverenliyini bərpa edib. 30 il ərzində Ermənistanın ekosid həyata keçirdiyi torpaqlarda bərpa-quruculuq işlərinə başlayıb. Həmin ərazilərin yaşıl zonaya çevrilməsi istiqamətində mühüm addımlar atılır”.

Elnur Kəlbizadənin sözlərinə görə, Azərbaycandan fərqli olaraq Fransa dünyanın müxtəlif regionlarında müstəmləkəçilik siyasətlərini davam etdirir:

“Ölkəmizdə dinindən, milliyyətindən, dilindən, irqindən asılı olmayaraq hər bir vətəndaş bərabər hüquqa malikdir. Fransa kimi ölkələrə bu anlayış yaddır. Onlar kiçik ada dövlətlərinin yerləşdiyi ərazilərdə nüvə sınaqları, ətraf mühiti çirkləndirən tədbirləri həyata keçirirlər. İqlim dəyişikliyinə qarşı mübarizənin baş qərargahına çevrilən, prosesdə liderliyi öz üzərinə götürən Azərbaycan çox sayda ölkələrin mənafeyini qorumaqda israrlıdır. Bununla bağlı xüsusən böyük ölkələrin kiçik ada dövlətlərinə qarşı törətdiyi ədalətsizliklər istiqamətində çağırışlarımız davam edəcək”.


 
 Samir Hümbətov

Politoloq Samir Hümbətov isə məsələyə belə münasibət bildirib:

“Azərbaycan Prezidenti İlham Əliyev COP29 sammitində çıxışı zamanı bu gün planetimizdə baş verən iqlim dəyişikliyinin səbəbkarlarının kimlər olduğunu dilə gətirdi. Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri, eyni zamanda Niderland Aİ-də aparıcı dövlətlərdən biri olduğu üçün onlar haqqında söz deyilməməlidir?

Ümumiyyətlə, Qərb ölkələrinin digər ölkələrdən üstünlüyü yoxdur. Sadəcə olaraq Azərbaycan dövləti, ölkə başçısı COP29-un əsas məğzini ortaya qoydu. Bunun ekoloji problemin aradan qaldırılması, planeti yaşana biləcək vəziyyətə gətirilməsi olduğunu bildirdi. Bu gün Avropa İttifaqının bu məsələdən yayınmaq, müxtəlif fikirlər səsləndirmək cəhdlərinin arxasında dayanan əsas səbəb saymazyana münasibətindən qaynaqlanır. Ümumi vəziyyətə baxdıqda Fransa və digər bu kimi ərazilərdə ekoloji tullantıların daha çox olması, onların okeanlara axıdılması, eyni zamanda Atom Elektrik Stansiyaları vasitəsilə qlobal çirklənmənin daha da sürətlənməsi və s. amillər var. Görünür, kollektiv Qərb ABŞ-ın ətrafında birləşməklə öz niyyətlərini həyata keçirəcəkləri ilə bağlı mesajlar verirlər. Məhz bu səbəbdən Prezident İlham Əliyev məsələ haqqında aydın, dəqiq çıxış etdi”.