Akademiyanın sabiq prezidenti cinayət işi açılması barədə məlumatsız olduğunu deyir; korrupsiya əməlləri sübut olunacaqsa, bir çox həbslər görə biləcəyik...

Hesablama Palatası Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib. Qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti kollegiya iclası keçirilib.

İclasda Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditinin nəticələri müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən 2020-2021-ci illərdə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub. Hesablama Palatasından daxil olan material əsasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyətində aşkar edilən qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Qeyd olunub ki, AMEA-nın 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, sözügedən dövrdə AMEA-nın prezidenti Ramiz Mehdiyev olub. O, 2019-2022-ci illərdə bu vəzifəni tutub.  O, Təhlükəsizlik Şurasının üzvü və Dövlət İdarəçilik Akademiyasının professoru vəzifələrində qalır. 

AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev başlanan cinayət işi ilə bağlı danışıb.  O, baş vermiş qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanması barədə danışıb: “Mənim heç nədən xəbərim yoxdur. Bununla bağlı mənimlə heç kim əlaqə saxlamayıb. Məlumatsız olduğum üçün hazırda bu məsələlərlə bağlı çox danışa bilmərəm”, - deyə o, Unikal-a cavab verib.

Qeyd edək ki, illərdir AMEA-da çalışanlar elmi işlər üçün ayrılan vəsaitlərin aşağı olmasından şikayət edirlər. Onlar qeyd edirlər ki, AMEA bir elmi qurum olaraq müasir idarəetmə tələblərindən çox uzaqdır. Uzun illərdir, AMEA-da köklü islahatlara ehtiyac vardı. İlk növbədə AMEA-nın idarə olunması, onun funksional təyinatı, mahiyyəti üzrə ciddi işlər görülməli idi. Son illər müsbət istiqamətdə nə isə baş vermək əvəzinə, xüsusən Ramiz Mehdiyev AMEA-ya prezident olandan sonra mənfi, xoşagəlməz tendensiyalar baş alıb getdi. O da qeyd edilir ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti olmamışdan əvvəl də bu elmi müəssisəni  öz nəzarətində saxlayıb. Hələ AMEA prezidenti olmamışdan əvvəl də idarəetmədə xoşagəlməz hallar, yerliçilik, tanışlıq və şəxsi sədaqət prinsiplərinin tətbiq olunmasının arxasında məhz Ramiz Mehdiyev dururdu. Ramiz Mehdiyev AMEA-ya prezident gəlməmişdən öncə bir növ sovet idarəetmə sistemindən miras qalmış idarəetmə üsulunu burada tətbiq edirdi. Bu da müəyyən fəsadlara yol açırdı. Amma Ramiz Mehdiyev AMEA-ya bilavasitə prezident gələndən sonra bu mənfi tendensiyalar elə həddə çatdı ki, çoxunun da etiraf etdiyi kimi, artıq böhranlı vəziyyət yarandı.

Qulu Məhərrəmli kafedra müdiri oldu

   Qulu Məhərrəmli 

BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Əlbəttə, AMEA-da ciddi yoxlamaların aparılması və o yoxlamalar nəticəsində dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı faktların ortaya çıxarılması ictimaiyyətin diqqət mərkəzindədir. Ona görə ki, o quruma rəhbərlik edən Ramiz Mehdiyevin fəaliyyəti ictimaiyyəti maraqlandırır. Auditin bu faktları ortaya çıxarması, əlbəttə, ciddi hadisədir. Önəmli olan faktların ortaya çıxarılması deyil, dövlət vəsaitinin mənimsənilməsində iştirakı olan şəxslərin cəzalandırılmasıdır. Ona görə Hesablama Palatasının Korrupsiya İdarəsinə materialların göndərilməsi və cinayət əməllərinin aşkarlanması üçün daha dərin istintaqın aparılması çox vacibdir. Təbii ki, gedən proseslər digər tərəfdən Ramiz Mehdiyevin kimliyi ilə bağlı məsələləri ortaya qoyur. İkinci bir tərəfdən, onsuz da AMEA-ya  ayrılan vəsaitin çox olmadığı bir şəraitdə o vəsaitin mənimsənilməsidir. Ümumiyyətlə, akademiya sistemində belə faktlar çoxdur. Ayrı-ayrı dövlət ayırmaları olanda, onun taleyi necə olur, heç kim bilmir. Misal üçün, vaxtilə Nəsimi adına Dilçilik İnstitutuna 2 milyona yaxın vəsait ayrılmışdı, onun taleyi ilə bağlı ortaya heç bir hesabat qoyulmadı. Bu cür faktların aşkara çıxarılması və cinayətə yol vermiş şəxslərin cəzalandırılması çox önəmlidir və bunu  təqdir edirik. Hesab edirəm ki, bu cür halların olması Azərbaycan elmi adına çox biabırçılıqdır. Orada nə qədər vicdanlı, elmli insanlar var ki, çox acınacaqlı şəraitdə yaşayır. Onları maddi cəhətdən stimullaşdırmaq əvəzinə, ayrılan pulları vəzifəli şəxslər mənimsəyirlər”.

Natiq Cəfərli: “Manatla bağlı qərar verilə bilər” - | KONKRET

  Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli də mövzu ilə bağlı fikirlərini bizimlə bölüşüb: “Bu, əslində insanı düşündürəcək məsələdir. AMEA elm mərkəzi, elm ocağı olmalıdır. Azərbaycanın inkişafının konsepsiyalarını, elmi yanaşmalarını təqdim edən bir mərkəzə çevrilməli idi. Amma təəssüf ki, bunların heç biri olmayıb. Açığını deyək ki, Ramiz Mehdiyevdən öncə də AMEA-nın fəaliyyətində ciddi irəliləyiş yox idi. Ramiz Mehdiyevin dövründə də belə bir uğur olmadı. Çünki xarici patentlər, yaxşı kəşflər, iqtisadiyyata təsir edəcək araşdırmalar görmədik. Ona görə də AMEA-da bu yoxlamaların nəticəsi sona qədər çatdırılacaqsa, çox sayda insanların həbs olunması mümkündür. Korrupsiya rəsmən Azərbaycan Cinayət Məcəlləsində təsbit olunmuş maddələrdir. Bu, işdən azad etmək, töhmət verməklə bitməyəcək. Əgər cinayət tərkibi varsa, korrupsiya əməlləri sübut olunacaqsa, bir çox həbslər görə biləcəyik”. //Yeni Müsavat