Bir neçə gün öncə Tbilisidə erməni, azərbaycanlı və gürcü “fəalların” COP29-a qarşı aksiya keçirməsi birmənalı qarşılanmayıb. Etirazlar zamanı iştirakçılar Azərbaycanı xaricdəki erməni lobbisinin şüarı olan “etnik təmizlik”də ittiham ediblər. 

Maraqlı məqam isə aksiyaya dünyaca məşhur “iqlim aktivisti” Qreta Tunberqin rəhbərlik etməsidir. O, Gürcüstanda keçirilən parlament seçkilərinin nəticəsinə qarşı olan avropayönümlü kəsimin təşkil etdiyi aksiyalara qoşulmaq üçün Tbilisiyə gəlib. Burada bir sıra “fəalların” COP29-a qarşı çağırışlarına qoşulub. Tunberq Bakıya qarşı mövqe sərgiləmək məqsədilə COP29-u boykot etmək üçün Gürcüstandan Ermənistana gedib. “İqlim aktivisti” İrəvanda bir sıra anti-Azərbaycan tədbirlərinə qatılıb.

Qreta Tunberqin aksiyalarının məqsədi nədir? Gürcüstandakı soydaşlarımız niyə bu aksiyada iştirak etdi?

Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Füzuli Qurbanov deyib ki, bu, artıq bizim illərdir rast gəldiyimiz haldır:

“Bu aksiyalar sadəcə məsuliyyətsiz, qərəzli, heç bir halda qəbul edilməyən olaylardan biridir. Qreta Tunberqin kim olmasına baxmayaraq, COP29 sammitinə qarşı etdiyi aksiya əsassızdır. Onun bunu etməyə nə hüquqi, nə mənəvi, nə də fəaliyyət əsası yoxdur. Tunberqin çağırışları tamamilə məntiqdənkənar hərəkətdir.



 Füzuli Qurbanov

Təəssüf ki, həmin aksiyalarda soydaşlarımız da iştirak edib. Bu şəxslərə “soydaşımız” demək də bir az çətindir. COP29-un Azərbaycanda keçirilməsi üçün ölkəmiz kifayət qədər işlər görüb. Bakının enerji siyasəti bu gün dünya üçün çox mühümdür. Hətta bizi sevməyənlər belə etiraf edirlər ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Enerji təhlükəsizliyi isə milli təhlükəsizliyin bir hissəsidir. Milli təhlükəsizliyə fayda verən bir ölkə niyə COP29-u keçirməməlidir?”

Politoloq bildirib ki, Azərbaycan 30 ildən artıqdır davam edən ədalətsizliyi beynəlxalq hüququn prinsip və normaları ilə bitirən ölkədir:

“Bu ədalətsizlik həm dövlətə, həm də xalqımıza qarşı edilirdi. Azərbaycan öz ərazi bötüvlüyünü bərpa etməkdən başqa bir addım atmayıb. Bu, təcavüz aktı deyil. İndi Azərbaycanı regionun demoqrafik, etnik vəziyyətini pozmaqda ittiham edənlər unudur ki, rəsmi Bakı İrəvanla əməkdaşlığa da hazırdır. Bütün bunların fonunda ölkəmizdə COP29-un keçirilməsi tam təbiidir”.