Kazanda Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında keçirilən görüşün nəticəsi olaraq xarici işlər nazirlərinə sülh və dövlətlərarası münasibətlərin nizama salınması ilə bağlı növbəti təlimat verilib. Sözsüz ki, bu addımlar sülh prosesinin irəliləməsi üçün vacibdir.

Kainat.tv xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.

O qeyd edib ki, amma hələ bununla bağlı danışmaq üçün məsələnin optimist tərəfləri yoxdur:



"Azərbaycan tərəfi olaraq prosesin irəliyə aparılması üçün təşəbbüslər davam etdirilməlidir. Hər halda ortada bir iradə var. Azərbaycan və Ermənistanın müəyyən məsələlərdə addım atmaq niyyəti görünür. Bu məsələdə hansı fürsətlər varsa, onları dəyərləndirib, addımları ona uyğun olaraq atmaq mümkündür”.

Partiya sədri hesab edir ki, prosesin yekunlaşması üçün mümkün qədər daha çox çalışmaq lazımdır: 

“Çünki sülhə nə qədər daha tez nail olunsa, bölgənin taleyində müsbət dəyişikliklər olacaq. Qarşı tərəf də bu məsələdə eyni həssaslığı bölüşməlidir”.

Fazil Mustafaya görə, Azərbaycan üçün sülh qeyri-müəyyən vəziyyətdən daha doğru bir seçimdir.