“3+3” əməkdaşlıq platformasının İstanbulda keçirilən 3-cü görüşünün nəticələrinə dair birgə bəyanat qəbul edilib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin məlumatında deyilir.

Qeyd olunub ki, birgə bəyanatda regional iqtisadi əməkdaşlığın ölkələr arasında etimadın yaradılmasına, rifah və sabitliyə verdiyi töhfə xüsusi vurğulanıb. Nəqliyyat, rabitə, ticarət, enerji, investisiya və əlaqə sahələrində əməkdaşlıq imkanlarının qiymətləndirilməsi razılaşdırılıb.
Həmçinin, dialoq yolu ilə regionda sülh və sabitliyin təmin edilməsinin vacibliyi vurğulanıb. Türkiyə Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi və əməkdaşlığın gücləndirilməsi üçün region ölkələri ilə işləməyə davam edəcək.

YUSİF.jpg (286 KB)

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, “3+3” formatı Cənubi Qafqazın mürəkkəb geosiyasi vəziyyətini və tarixi münaqişələrini nəzərə alaraq, bölgədə davamlı sülh və sabitlik üçün mühüm bir əməkdaşlıq mexanizmi kimi olduqca perspektivli təsisatdır:

“Bu formatın uğuru region ökələri arasında etimadın yaradılması və münaqişələrin həlli üçün konstruktiv dialoqun qurulması ilə sıx bağlıdır. Bu format ilk dəfə 2020-ci ilin noyabrında, Qarabağ münaqişəsinin başa çatmasından sonra gündəmə gəldi. Məqsədi 3 Cənubi Qafqaz ölkəsi olan Azərbaycan, Ermənistan və Gürcüstan ilə yanaşı, region ölkələri Türkiyə, Rusiya və İranı da bir araya gətirərək, regional əməkdaşlıq platforması yaratmaqdan ibarət idi. Burada əsas məqsəd bölgədə təhlükəsizliyi təmin etmək, iqtisadi əlaqələri gücləndirmək və nəqliyyat-kommunikasiya layihələrini reallaşdırmaqdır. Bu formatda ilk görüş 2021-ci ildə Moskvada, ikinci isə 2023-cü ildə Tehranda keçirilmişdi, Türkiyədə keçirilən görüş sayca üçüncü idi. Bu görüş də ənənəvi olaraq Gürcüstanın iştirakı olmadan keçirildi.

Məlumdur ki, Gürcüstan ilk gündən Rusiyanın bölgədəki hərbi varlığı və işğala görə bu əməkdaşlıqdan imtina edib və edir. Xüsusilə indiki dönəmdə, yəni seçkilər ərəfəsində Qərbdən gələ biləcək təzyiqləri daha da artırmamaq üçün Gürcüstanın bu görüşdə də iştirak etməyəcəyi əvvəlcədən proqnozlaşdırılırdı. Amma düşünürəm ki, zamanla Gürcüstan da bu platformanın aktiv tərəfdaşlarından birinə çevriləcək. Çünki iqtisadi baxımdan, xüsusilə enerji layihələri və nəqliyyat dəhlizlərinin inkişafı baxımından Gürcüstan üçün bu format əhəmiyyətli ola bilər. Ermənistan üçün bu formatın siyasi baxımdan bir sıra çətinlikləri olmasına baxmayaraq, iqtisadi təzyiqlər və regional təcrid İrəvanı da bu formata daxil olmağa məcbur edir. Çünki Ermənistanın iqtisadiyyatını dirçəltmək üçün regional əməkdaşlığa ehtiyacı var. Bizim üçün “3+3” formatı Azərbaycanın öz ərazisindən keçən regional nəqliyyat və enerji dəhlizlərinin açılması və inkişafı üçün mühüm rol oynaya bilər. Bu kontekstdə Azərbaycanın əsas maraqları Zəngəzur dəhlizi ilə bağlıdır, çünki bu dəhlizin açılması Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsini təmin edəcək və Türkiyə ilə nəqliyyat əlaqələrini daha da gücləndirəcək. Azərbaycan, həmçinin, regionda davamlı sülhün təmin olunması üçün bu formata ciddi şəkildə maraq göstərir”.

Politoloq hesab edir ki, bütün bunları nəzərə aldıqda İstanbul görüşünün nəticələrini uğurlu saymaq olar:

“Belə ki, qəbul olunmuş Bəyanatda bu formatın regional iqtisadi əməkdaşlığın ölkələrarası etimadın bərqərar olmasında və rifahın, sabitliyin artırılmasında oynadığı rol vurğulanıb. Nəqliyyat, kommunikasiya, ticarət, enerji, investisiya və inteqrasiya sahələrində əməkdaşlıq imkanlarını dəyərləndirmək barədə razılığa gəlinib. Həmçinin, bölgədə sülhün və sabitliyin dialoq yolu ilə təmin edilməsinin əhəmiyyəti də vurğulanıb. Odur ki, görüşdə qəbul edilmiş bəyanatların perspektivdə regional əməkdaşlığı əhatə edən müqavilələr səviyyəsinə yüksəlməsi də mümkündür. Çünki formatda əldə edilən razılıq, açıqlamalar həm də qlobal təhlükəsizliyin qorunmasını və əməkdaşlığı təşviq edir”.