Hacıqabulda sosial çətinliklərlə yanaşı, ekoloji problemlərdən də əziyyət çəkən minlərlə yerli sakin var. Son təbii hadisənin miras qoyduğu sel-sularının fəsadları, eləcə də rayon ərazisində 500-ə yaxın fərdi yaşayış evinin qrunt sularında qərq olması və kanalizasiyaların bərbad halda olması, rayon camaatı demişkən - "dərdi batmanla gətirib". Yəni bu gün Hacıqabulda talehi məlum olmayan 500 ev və sosial sıxıntılardan əziyyət çəkən minlərlə yerli sakin dərdinə çarə tapa bilmir. Bəs bu vəziyyətdən camaatı kim qurtaracaq? Görünür yenə dövləti yeyən məmurlar, dövlətdən sığınacaq, kömək dilənəcək. Bəs, onda hər işi dövlət görəcəkdisə, əcəba SİZLƏR nəyə lazımsız, axı nəyə görə böş yerə vəzifə zəbt etmisiniz deyib, axtarışına çıxan bir qurub hacıqabullu Ekologiya.az-ın əməkdaşları ilə həmsöhbət olub.

Kainat.tv xəbər verir ki, şikayətçi şəxslərin dediyinə görə, "rayon və rayonətrafı ərazilərdə, o cümlədən böyük kəndlərdə sel suları ətrafa səpələnmiş zibil tullantılarını da özüylə gətirib. Sel suları ayrı bir dərd, natəmizlik isə ayrı. Zibil tullantılarının aylarla yığılıb qalması ilə bağlı problemlər hələ də yerli məmurlar tərəfindən görməzdən gəlindiyinə əyani sübutdur. Bəs görəsən yeni rayon rəhbəri iclaslarda məmurlara nəyi tapşırır, nələrə görə tənbeh etdiyi məchuldur. Dəyən isə yenə hacıqabullulara, yəni biz kasıblara dəyir..."

Bununla yanaşı rayon bələdiyyəsi və Hacıqabul RİH-nin Mənzil İstismar Təssərrüfatı Birliyinin vəzifəlilərindən boğaza yığılan narazı yerli sakinlər bildirir ki, bir çox kənd və qəsəbələrdə, eləcə də rayonda zibil tullantıları atmağa zibil qutuları məhdud saydadı. İnsanlar kütləvi yaşadıqları ərazilərdə zibil qutuları tapmadığından tullantıları evlərin, məhəllələrin kənarına atır, ya da yolqırağı yerlərdə torpağa basdırırlar. Çoxmərtəbəli binalarda isə sakinlərin tullantıları yaşadıqları binaların girişinə, küçəyə, hara gəldi tullaması halları da rayonda hələ də özünü göstərməkdədir. Yaxud rayonətrafı qəsəbələrdə zibil qutuları bir çox hallarda “əlçatmaz” məkanlarda - yağışda palçığı dizə çıxan yerlərdə qoyulur ki, sakinlər də belə qutulara “yan ala” bilməyir, zibilləri hara gəldi atırlar.

Demək olar ki, rayonda tullantıların idarə olunması miqyası sıfır səviyyədədir. Rayon miqyasında mövcud problemlərdən biri də ətraf mühitin davamlı çirkləndiricilər və ağır çoxçeşidli tullantılarla çirklənməsidir ki, buda COP 29 öncəsi olduqca aktual və həlli vacib problemdir, - deyə narazı sakinlər əməkdaşlarımıza bildirib.

Onlar hazırkı həlli vacib problemlərlərin aradan qaldırılması üçün dəfələrlə Hacıqabul RİH-nin yeni təyin olmuş rəhbərinin qəbuluna getsələr də, icra başçısının ya tədbirdə, ya da ki, şəxsi işləri ilə bağlı rayonda olmadığı, qəbulda oturan köməkçi tərəfindən bildirildiyi də sakinlərin şikayətində öz əksini tapıb. 

QEYD:

Növbəti yazıda işini donduran Hacıqabul rayonundakı məmurlarla bağlı geniş reportaj dərc edəcəyik. Hər bir rayon sakininin dərdlərin dinləyib, şikayət və müraciətlərini işıqlandırmağa hazırıq! Hörmətli rayon sakinləri, şikayət və müraciətlərinizi saytımızdakı elektron ünvanımıza göndərə bilərsiz!


Ekologiya.az
Günay Sakitqızı






Bu fotolar da bir həftə öncə Hacıqabulda mərkəzi yolun sonunda zibil paliqonuna çevrilən ərazidə şəkilib. 

***

Hacıqabul rayon İcra Hakimiyyətinin mövzu ilə bağlı MÖVQEYİ


* Qeyd olunan məsələ ilə bağlı bildiririk ki, 12.10.2024-cü il tarixində saat 11:00 radələrindən yağan güclü yağışlar nəticəsində Hacıqabul şəhərində 500-dən artıq ev sel sularlnın təsirinə məruz qalmış, 2 ev qəzalı vəziyyətə düşdüyü üçün orada yaşayan ailələr köçürülmüşdür, 16 nəfər (1 xəstə, 4 uşaq və 9 digər ailə üzvləri) təxliyə edilmişdir. Pirsaat qəsəbəsinin, Navahı, Qızılburun , Atbulaq və Birinci Udullu kəndlərinin bağ sahələri və boş ərzailəri də sel sularının təsirinə məruz qalmışdır. Sel sularının gəlməsi səbəbindən işıq enerjisinin verilməsində də fasilələr yaranmış , lakin, qısa müddət ərzində enerjinin verilməsi bərpa olunmuşdur. Hal-hazırda 150- dən artıq evdən sel suları çəkilmişdir. Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının və Fövqəladə Hallar Nazirliyinin köməkliyi ilə sel sularının ərazidən çıxarılması işləri davam etdirilir.

* Bərk məişət tullatılarının idarə olunması məqsədilə Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən əvvəlki illərdə olduğu kimi 2024-cü ildə də təxirəsalınmaz tədbirlər görülür. Belə ki, 2023-cü ildə məişət tullantılarının zərərsizləşdirilməsi və daşınması işlərinin asanlaşdırılması məqsədilə "Təmiz Hacıqabul" devizi altında 100 ədəd zibil konteynerləri gətirilərək şəhərin küçə və prospektlərinə yerləşdirilmişdir. Yeni zibil qutularının gətirilməsi məqsədilə yuxarı dövlət orqanlarına müraciət edilmiş, müraciət təmin edildikdən sonra rayon ərazisində yeni zibil qutularının yerləşdirilməsi həyata keçiriləcəkdir.

* Rayon vətəndaşlarının İcra Hakimiyyəti başçısının qəbuluna düşə bilməməsi məsələsinə gəldikdə isə  bildiririk ki, rayon sakinləri həftənin 5 iş günü saat 09:00-dan, 18 : 00-a kimi rayon icra hakimiyyəti başçısının qəbuluna yazıla bilərlər. Onu da qeyd edirik ki, Rayon İcra Hakimiyyəti başçısı vətəndaşların şikayət və təkliflərini dinləyir və onların həlli istiqamətində müvafiq tapşırıqlar verir.