Rusiya Qafanda konsulluğun açılması ilə bağlı Ermənistandan cavab gözləyir. İrəvan isə Kremlə dəqiq cavab verməkdən yayınır. Bəzi ekspertlər diqqəti Qərb rəsmilərinin Ermənistana ardıcıl səfərləri fonunda ölkə daxilində anti-Rusiya ritorikasının artmasına çəkir. Analitiklər bunu Moskva-İrəvan münasibətlərində böhran kimi şərh edirlər.

Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Samir Hümbətov deyib ki, Ermənistan Rusiyaya cavab verməkdə Qərbdən təlimat gözlədiyi üçün tələsmir:

“Qafan yerləşdiyi strateji mövqeyə görə Qərb ölkələrinin də marağındadır. Avropa İttifaqının mülki missiyası məhz bu ərazilər üzərində nəzarət funksiyasını həyata keçirir. Nikol Paşinyan administrasiyasına verilən tapşırıq ondan ibarətdir ki, mümkün qədər Rusiyanın bu istəkləri ertələnsin, müxtəlif bəhanələrlə proses uzadılsın. Avropa İttifaqı və Qərb dünyası açıq şəkildə Paşinyan və komandasını Rusiyadan uzaqlaşdırmaq siyasətinə keçib. Bu tam şəkildə mümkün deyil”.

Politoloqun sözlərinə görə, Ermənistan və Rusiya arasında siyasi, eyni zamanda hərbi, iqtisadi, regional bağlılıqlar var:

samir humbetov 2

 Samir Hümbətov

“Bu səbəbdən Ermənistanın bu cür mövqeyinin rəsmi İrəvanı Moskvadan uzaqlaşdıra biləcəyi ehtimalı çox azdır. Hər bir halda yekun qərar verilməlidir. Qafanda artıq İranın konsulluğu fəaliyyət göstərir. Aİ ölkələri də Qafanda konsulluq açmaqda maraqlıdırlar. Ermənistan heç onlara da müsbət cavab verməyib. Çünki Rusiyanın mümkün təzyiqindən çəkinir. Kremlin konsulluq məsələsinin uzanması istisna deyil. Ermənistan yanvar ayının sonları, fevral ayının əvvəllərində məcburi də olsa mənfi yaxud da müsbət qərarını verməlidir. Əks təqdirdə bu addım münasibətlərin gərginləşməsinə səbəb ola bilər. Rusiya əlində olan iqtisadi, siyasi təsirlərdən Ermənistana qarşı istifadə edər”.