İsraillə “Hizbullah” arasında əldə edilən atəşkəs razılaşmasının şərtləri bəlli olub. Razılaşmaya əsasən, İsrail ordusu Livan ərazisindən 60 gün müddətində çıxmalı, sərhəddəki 33 posta təxminən 5000 əsgər yerləşdirilməlidir.

Həmçinin, “Hizbullah” da Cənubi Livanı tərk etməli, buradakı hərbi infrastrukturu dağıtmalıdır. Atəşkəsin pozulacağı təqdirdə isə İsrailə buna cavab vermək hüququ tanınıb.

Rusiya və Ukrayna arasında da belə bir atəşkəs imzalana bilərmi? Dünya gücləri qlobal müharibələri dayandırmaq qərarına gəliblər?

Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, İsrail və “Hizbullah” arasında əldə olunan atəşkəs razılaşması təqdirəlayiqdir:

“Dinc insanların öldürülməsinə və evlərindən didərgin salınmasına heç bir halda bəraət qazandırıla bilməz. Bu baxımdan atəşkəs insan faciələrinin qarşısının alınması üçün mütərəqqi qərar sayıla bilər. Həm də nəzərə almaq lazımdır ki, İsrailin hərəkətləri dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmırdı. Hətta Beynəlxalq Cinayət Məhkəməsi (BMC) Baş nazir Benyamin Netanyahunun və sabiq müdafiə naziri Qallantın həbsinə order verib. Bu isə Təl-Əvivin daha geniş şəbəkədə müharibə aparmasına mane olur”.

Ekspert bildirib ki, atəşkəs razılaşması İsrailin müharibəni dayandırması mənasına gəlmir:

“Bu, sadəcə olaraq döyüş cəbhəsini daraltmaqdır. Müşahidələr göstərir ki, İsrail “Hizbullah”la razılaşmaya getməklə əsas gücünü HƏMAS-a yönəldəcək. Yəni göründüyü kimi, İsrail-“Hizbullah” atəşkəsi Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün yaxşı nümunə sayıla bilməz. Ancaq Ukraynakı müharibə də sonsuza qədər davam etməyəcək. Artıq tərəflərin yorulduğu, resursların tükəndiyi, xərclərin həcminin kifayət qədər artdığı görünür. Bu da həlledici qərarın verilməsini zəruri edir.



 Mütəllim Rəhimli

ABŞ-da keçirilən seçkilərdə yeni prezidentin seçilməsindən sonra döyüşlərin şiddətlənməsi müharibənin kuliminasiya nöqtəsi və atəşkəs razılaşmasının əldə edilməsi üçün vəsilə sayıla bilər. Onu da qeyd edək ki, döyüşlərin gələn il yanvarın 20-dək daha da şiddətlənməsi gözləniləndir. Tərəflər danışıqlar masasına əyləşəcəklərini bilirlər və cəbhədəki üstünlük masadakı şərtləri müəyyən edəcək”.

M.Rəhimlinin sözlərinə görə, Donald Tramp prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına cəhd göstərəcək:

“Çünki bu məsələ onun prezident seçilməsi üçün təbliğat kampaniyasının əsas şüarını təşkil edib. Vəzifəyə təsdiqləndikdən sonra vədini yerinə yetirməsə, ABŞ ictimaiyyəti buna biganə qalmayacaq və nəticədə hakimiyyəti sarsılacaq. Çünki Amerika ictimai rəyi Ukraynaya milyardı aşan yardımların göstərilməsini istəmir. Bu səbəbdən Trampın prezident səlahiyyətlərinə başladıqdan sonra seçim şansı yoxdur. O vaxta qədər proseslər nəzarətdən çıxmasa, Tramp bütün gücü ilə atəşkəsin əldə edilməsinə çalışacaq. Çünki getdikcə qızışan döyüşlər, istifadə olunan yeni nəsil dağıdıcı silahların sayı və həcmi atəşkəslə bağlı nikbinliyi azaldır. Amma ümid etmək mümkündür ki, Avropada zaman keçdikcə müharibə əleyhdarlarının artması dünyanı fəlakətdən xilas edə biləcək”.