İsrail “Hizbullah”ın raketlərini məhv etmək və təşkilata əlavə təzyiq göstərmək məqsədilə Livanda quru əməliyyatının ikinci mərhələsinə başlayıb. 

İsrail Silahlı Qüvvələrinin sadəcə Livanın cənubunda deyil, Beyrut və Bekaa vadisində də hərəkətə keçdiyi, təşkilata məxsus silah anbarlarını məhv etdiyi bildirilir.

Təl-Əviv “Hizbullah”ın raket arsenalını məhv etməklə təşkilatı aradan götürə bilərmi? Əməliyyatların ikinci mərhələsində əsas hədəf nədir?

Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib ki, İsrail HƏMAS-a qarşı əməliyyatlara başlayanda bu müharibənin üç mərhələli olacağını elan etmişdi:

“Ölkənin müdafiə naziri Yoav Qallant açıqlamışdı ki, birinci mərhələ İsrail ordusunun HƏMAS yaraqlılarını döyüş təyyarələri vasitəsilə məhv etməsini, daha sonra yerüstü əməliyyatlara başlamamasını ehtiva edir. Yayılan xəbərlərdən görünür ki, Təl-Əvivin müdafiə ordusu HƏMAS-a qarşı əməliyyatları uğurla həyata keçirib. İkinci mərhələdə İsrailə qarşı müqavimət bölgələrinə zərbələr endirib HƏMAS-ı, eləcə də digər qrupları zərərsizləşdirmək planlaşdırılırdı. Üçüncü mərhələdə isə Qəzzada təhlükəsizlik zonasının yaradılması nəzərdə tutulurdu.

İsrail hökuməti bəyan edib ki, yəhudi dövlətinin təhlükəsizliyini təhdid edən bütün silahlı birləşmələr zərərsizləşdiriləcək. Ötən bir il ərzində keçirilən əməliyyatlarla bu bəyanat gerçəkləşdirildi, proses davam edir. Yəni ikinci mərhələ kimi hazırda İsrail ətrafında dövlətin təhlükəsizliyinə təhdid yaradan qüvvələr sıradan çıxarılır”.



 Sədrəddin Soltan

Politoloqun sözlərinə görə, İran “Hizbullah”ın yerləşdiyi ərazini de-fakto işğal edib:

“Yəni İsrail “Hizbullah”a qarşı mübarizə aparmaqla əslində Livandakı İran hərbi bazasına qarşı vuruşur. “Hizbullah”ın həmin bölgədə yerləşməsi qanunsuzdur. 2006-cı ilin sentyabrda İsrail ilə “Hizbullah” arasında döyüşlər dayandıqdan sonra BMT TŞ-ı 1701 saylı qətnamə qəbul etdi. Bu qətnaməyə görə, “Hizbullah” qüvvələri İsraillə sərhəddən çəkilməli, yerinə Livan qüvvələri yerləşməli idi. Həmin qətnaməyə əsasən, İsrail ordusu “Hizbullah” ilə döyüşə bilər. Ancaq bu müqavilə pozulub, başqa cür desək, heç vaxt həyata keçirilməyib. Odur ki, İsrail “Hizbullah”ı tamamilə neytrallaşdırmaq xəttini qarşıya qoyub.

Burada bir çox suallar yaranır, məsələn, “Hizbullah” və HƏMAS məhv edilə bilərmi? Tarix sübut edir ki, belə təşkilatlar müvəqqətidir. Onlar konkret güclərin maraqlarına əsasən yaradılıb. SSRİ dövründə kommunist qruplaşmalar vardı, lakin ittifaq dağıldıqdan sonra onlar buxarlandı. HƏMAS və “Hizbullah” isə İran tərəfindən yaradılıb, maliyyələşdirilir. Tehran hakimiyyətinin zəifləməsi fonunda onlar da zəifləyə bilər. Fikrimcə, bundan sonra İsrail Suriya və İraqdakı iranyönümlü silahlı qruplara qarşı əməliyyat artacaq.

Livanla “17.01” qətnaməsinin gerçəkləşməsi üçün danışıqlar ola bilər. Bu, “Hizbullah”ın Livan ərazisini tərk etməsi ilə nəticələnər. Regionda İsraila qarşı silahlı qruplaşmalar mövcud olduğu müddətdə sakitlik olmayacaq. İsrail onlara qarşı əməliyyatlar keçirəcək”.