Xəbər verdiyimiz kimi İsrail və Livan arasında 60 günlük atəşkəs başlayıb. Türkiyə XİN Livanda daxili sabitliyin təmin edilməsi üçün lazımi dəstəyi verməyə hazır olduğunu bəyan edib. 

Bu atəşkəs yeni daha böyük gərginliyin yaranmasına səbəb ola bilərmi? Türkiyənin iki ölkə arasında vasitəçilik missiyası mümkündürmü? 

Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib ki, atəşkəsin əldə edilməsi müsbət haldır:

“Belə atəşkəslər 1947-ci ildə BMT qətnaməsi ilə Fələstin və İsrail dövlətlərinin yaradılması ilə bağlı qərar qəbul edildikdən sonra bu günə qədər dəfələrlə olub. 1948, 1956, 1967, 1973-cü illərdə də tez-tez qarşıdurmalar olub. Yaxın Şərq regionunda sözügedən prosesin tamamilə bitməsi mümkün görünmür. Lakin müvəqqəti də olsa silahların susdurulması çoxlu sayda insanın həyatını qorunmasına , dağıntıların qarşısının alınmasına gətirib çıxarır. Ona görə də müsbət yanaşılmalıdır.

İsrail əvvəl Qəzzaya, ardınca isə Livana daxil oldu. İsrail düşünür ki, hazırda Livandan çıxmaq bahasına da olsa Qəzzada əldə etdiklərini qoruyub-saxlayacaq”.



 Xəyal Bəşirov 

Politoloq qeyd edir ki, isarilli insanların bir hissəsi hələ də HƏMAS-ın əsirliyindədir:

“HƏMAS da Qəzzada atəşkəsə hazır olduğunu dilə gətirib. Amma İsrailin buna nə cavab verəcəyi məlum deyil. Çünki İsrail ordusunun Qəzzadan çıxmaq niyyəti yoxdur.

ABŞ və digər bir sıra dövlətlər Yaxın Şərqdə baş verən proseslərlə bağlı səmimi mövqe ortaya qoyub israrlarını davam etdirsələr razılaşmanın əldə edilməsini real görə bilərik. Amma hələ ki kənardan prosesə müdaxilə edən güclərin böyük planlarının həyata keçirilməsi istiqamətində addımlar atılır. Sözügedən vəziyyət uzun müddət davam edərsə, Yaxın Şərqdə daimi sülhdən söhbət gedə bilməz.

Türkiyənin Livanla münasibətləri yaxşı ola bilər. Amma qarşısındakı qüvvə İsraildir. Türkiyə və İsrailin hazırkı münasibətlərini nəzərə alsaq rəsmi Ankaranın vasitəçilik missiyası həyata keçirməsi inandırıcı görünmür. Uzun müddətdir ki, ciddi əsaslarla pozulan münasibətlərin 60 gün ərzində düzəlməsi mümkün deyil”.