İlham Əliyevin komandası Vətən müharibəsindən sonra özünü bir daha müsbət planda təsdiq etdi. COP tədbiri bu komandanı fərqli cəhətdən cəmiyyətə və tarixə göstərmiş oldu. Qüsursuz fəaliyyət, yüksək səviyyədə təşkilatçılıq, sistemli iş bölgüsü sayəsində beynəlxalq tədbir uğurla keçirildi. Nə daxildəki tənqidçilər, nə xaricdə marığa yatmış anti-Azərbaycan mövqeyə sahib qüvvələr bir qüsur tapıb, bunun üzərindən qara təbliğat qura bilmədi.

Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov ölkəmizdə keçirilən COP29 beynəlxalq konfransının yüksək səviyyədə baş tutduğunu vurğulayıb.

O, Azərbaycanın növbəti dəfə nümunə yaratdığını bildirib:

“Ən başlıcası, maliyyə məsələlərinin tənzimlənməsi istiqamətində ciddi müzakirələrdən sonra yekun qərar əldə edildi. Bütün bunlar təbii ki, çox gözəl nailiyyətlərdir. Bilirsiniz, COP-29 başqa bir tərəfdən də Azərbaycanı tanıtdı. Azərbaycanın demokratik ölkə olduğuna beynəlxalq aləm şahidlik etdi. Burada söz, mətbuat azadlığının inkişaf etdiyini beynəlxalq birlik də təsdiqlədi. Eyni zamanda məmur korpusunun, yəni Prezident İlham Əliyevin yeni komandasının öz işinin öhdəsindən şərəflə gəldiyi reallığı göz önündədir. Vətən müharibəsində ölkə başçısı bu komanda ilə tarixi zəfərə imza atmışdı, indi də COP tədbirini yüksək səviyyədə həyata keçirməsi bir daha bu həqiqətləri təsdiqləmiş oldu”.



 Elman Nəsirov

E.Nəsirov bir neçə quruma təşəkkür edib:

“Bu tədbirin yüksək səviyyədə keçirilməsində göstərdiyi fəallıq və peşəkarlığa görə ilk növbədə Prezident Administrasiyasına təşəkkür edirəm. Eləcə də İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin ortaya qoyduğu iş təqdirə layiqdir. Onlar öz işinin öhdəsindən şərəf və ləyaqətlə gəlməyi bacardılar. Eyni zamanda hesab edirəm ki, COP29-un yüksək səviyyədə keçirilməsində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin də xidmətləri olduqca böyükdür. O, konfrans sədri olaraq üzərinə düşən vəzifəni uğurla həyata keçirməyi bacardı. Bütün bunların hamısı bir daha onu təsdiq edir ki, İlham Əliyevin rəhbərliyi altında onun formalaşdırdığı komanda ən mürəkkəb, ən çətin məsələlərin öhdəsindən şərəflə gəlmək nümunəsini ortaya qoya bilir. Bundan başqa, mətbuat orqanının, xarici medianın bizim məmurlara yaxınlaşıb, onlara istənilən sualı vermək və cavab almaq imkanları oldu. Bu da yüksək səviyyədə həyata keçirildi. Fikrimcə, biz COP29 tədbirinə layiqincə ev sahibliyi etdik”.