Rəşad Sultan: “İllərdir ki, bizdə ”həkim yanlış diaqnoz qoydu, pula görə xəstəni əməliyyata saldı" kimi fikirlər dolaşır"

Əməkdar artist Elnur Kərimov sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib. O, son günlər Türkiyənin gündəmini zəbt edən körpə ölümləri ilə bağlı qandonduran hadisəyə diqqət çəkərək yazıb: “Son günlər Türkiyədə "Yenidoğan qruplaşma" hadisəsi mənə təəccüblü gəlmədi. Bakıda da var. Mən də bunun qurbanı olmuşam. İndi də övladımla bundan əziyyət çəkirəm".

Qeyd edək ki, ötən həftə Türkiyədə həkimlərin yeni doğulmuş körpələrə yanlış diaqnozlar qoyaraq təcili yardım şöbələrindən özəl klinikalara yönləndirilməsi və bununla qanunsuz gəlir əldə etdikləri üzə çıxıb. Həmin şəxslər uşaqlara narkotik maddələr verərək onların mövcud vəziyyətini olduğundan daha ağır göstəriblər və uzun müddət orada qalmalarını təmin ediblər. Həmçinin uşaqların xəstə olduğunu iddia etmək üçün qan testlərini saxtalaşdırıblar. Yenidoğulmuş körpələrin bəzilərinin infeksiya səbəbindən öldüyü qeyd olunub. Sağ qalan körpələrin əksəriyyətinin səhhətində isə ciddi problemlər yaranıb.

Araşdırma nəticəsində bir qrup şəxsin əməlləri nəticəsində 12 körpənin öldüyü məlum olub. Dəstə üzvlərinin İstanbulda əlbir olduqları 9 özəl xəstəxananın lisenziyası artıq ləğv edilib. Rəsmi statistikaya görə, Türkiyədə son 10 ildə 3 000-dən çox körpə xəstəxanalarda şübhəli şəkildə dünyasını dəyişib.

Dr. Rashad Sultan – Caspian International Hospital

Mövzu ilə bağlı Musavat.com-a açıqlama verən mama-ginekoloq Rəşad Sultan deyir ki, Türkiyədə baş verən qandonduran hadisə ilə bağlı məsələ həmişə aktualdır. Onun sözlərinə görə, insanlar həkim seçimində  tanıdıqları şəxslərə müraciət etməyə meyillidirlər: “Söhbət körpədən gedirsə, valideynlər xüsusi ilə həssas olurlar. Heç kim istəməz ki, onun uşağına lazımsız müalicə təyin edilsin. İllərdir ki, bizdə "həkim yanlış diaqnoz qoydu, pula görə xəstəni əməliyyata saldı" kimi fikirlər dolaşır. Buna görə də insanlar yalnız öz tanıdıqları həkimlərin qəbuluna getməyə üstünlük verirlər. 

Çünki bəzi həkimlər onları elə şirin dillə ovsunlayıb əməliyyata salırlar. Yumurtalıqda balaca bir falekulu olan adama deyirlər kistan var, partlayacaq, təcili əməliyyat olunmalısan. Biz bunu həmişə görürük.

Əlbəttə ki, belə həkimi görən valideyn yeni doğulan körpəsinə görə narahat olacaq.  Ona görə də hər kəs çalışır ki, güvəndiyi, peşəkarlığına əmin olduğu həkimə müraciət etsin. Hazırda məsələnin öhdəsindən belə gəlmək mümkündür.  İnsanlığına güvənmədiyimiz həkimlərə yaxın durmuruq. Valideyn bizə müraciət edir, deyir biz sənə güvənmişik, sən də öz güvəndiyin uşaq həkiminə yönləndir, qoy doğuşda o iştirak etsin və s.

İnsanlıq yaranandan vicdansızlıq da var.  İnsan canlıların ən vicdansızıdır.  Şüurunu yaxşı şeylər üçün yox, əsasən belə şeylər üçün istifadə edir.  Ona görə də mən heç nəyə təəccüblənmirəm. Ehtiyac yox ikən xəstəyə dərman verilməsinin əleyhinəyəm. Körpələrə bu cür pislik edənlərə nə deyəcəyimi bilmirəm. 

Ölkəmizdə buna bənzər hadisələrlə bağlı birmənalı cavab verə bilmərəm. Bu, ciddi və hüquqi məsələdir".

Xatırladaq ki, yeni doğulan körpələrin həyatı üzərindən qazanc əldə edən və səhlənkarlıqları nəticəsində onların ölümünə səbəb olan dəstəyə qarşı ittiham aktı hazırlanıb. İddianamədə 10 körpə “qurban” kimi göstərilib və körpələrin ailələrinin ağrılı ifadələri yer alıb.  İddianamədə 47 nəfər şübhəli kimi, 5 nəfər zərərçəkmiş olaraq qeyd edilib.

İfadəsi alınan Benedikt N. qızını öskürək və soyuqdəymə şikayətləri ilə xəstəxanaya apardığını, onun üç gecə reanimasiyada qaldığını, daha sonra başqa xəstəxanaya köçürülməsini istədiklərini bildirib.

Başqa xəstəxanaya apardığı qızının bir gecə qaldıqdan sonra səhər saatlarında öldüyünü öyrəndiyini deyən ata prosesdə böyük ödəniş etdiyini bildirib.

Digər zərərçəkmiş Mehmet K. isə bildirib ki, arvadının təcili əməliyyat olunması lazım olduğu deyiləndə xəstəxana ondan 8 min lirə tələb edib. O, ödəniş etdiyini desə də, üç gün sonra körpəsinin öldüyü xəbərini alıb.

Şahanə RƏHİMLİ