ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yaxın Şərqə destroyer, qırıcı və bombardmançı təyyarələr də daxil olmaqla əlavə qüvvələrin göndərilməsi barədə göstəriş verib. 

Pentaqonun məlumatına görə, bu addım ABŞ vətəndaşlarını qorumaq, İsraili müdafiə etmək, çəkindirmə və diplomatiya yolu ilə gərginliyi azaltmaq üçün atılıb. Rəsmi açıqlama bunun Vaşinqtonun öhdəliyi olduğu qeyd edilir. Ostinin əlavə raket əleyhinə müdafiə sistemləri ilə təchiz olunmuş destroyerlərin, qırıcı və tanker təyyarələrinin eskadrilyasının, həmçinin bir neçə strateji bombardmançı olan ABŞ Hərbi Hava Qüvvələrinə aid B-52 təyyarəsinin Yaxın Şərqdə yerləşdirilməsi üçün göstəriş verdiyi bildirilir.

Kainat.tv-yə danışan politoloq Qabil Hüseynli deyib ki, ABŞ hər zaman olduğu kimi, müttəfiqi İsraili qoruyur, müdafiə edir:



 Qabil Hüseynli

“Pentaqon rəhbərinin göstərişinin əsas məqsədi budur. İran ilə İsrail arasında gərginlik davam edir. Doğrudur, ABŞ seçki öncəsi regionda Tehran ilə Təl-Əviv arasında dəhşətli müharibənin baş verməsinin qarşısını alsa da, nəticə etibarilə risk tam olaraq aradan qalxmayıb.

İran proksiləri üzərindən İsrailə qarşı təhdidlər sərgiləməyə davam edir. Təl-Əviv də buna cavab kimi son iki gündür HƏMAS və “Hizbullah” mövqelərinə zərbələr endirir.

Vaşinqton üçün indiki məqamda prioritet seçki öncəsi tərəflər arasında ciddi bir qarşıdurmanın yaşanmamasıdır. Hətta Təl-Əviv İranın nüvə obyektlərini vurmaq istəyirdi, buna ABŞ mane oldu. İsrail İrana zərbə vursa da, bu, o qədər dəhşətli olmadı, beləliklə əslində gərginlik səngidi”.

“ABŞ prezident seçkilərindən sonra istisna deyil ki, regionda gərginlik yenidən yüksələ bilər. Vaşinqton həm də buna görə regiona əlavə qüvvələr cəlb edir. Amma milyarder Donald Tramp prezident seçilərsə, bu qüvvələr regiondan çıxa bilər. Prinsip etibarilə onun hakimiyyəti dövründə belə olmuşdu”, – politoloq bildirib. //Globalinfo.az