Böyük ehtimalla rəsmi Bakının həm Fransa, həm də Avropa qurumları ilə münasibətləri hələ bundan sonra da gərginləşməkdə davam edəcək... Halbuki, ermənipərəst Makron hakimiyyətinin Azərbaycana qarşı düşmənçiliyi rəsmi Bakının Qərblə əməkdaşlığına əngəl törətmir.

Cənubi Qafqaz "geopolitik tunel"dən keçir. Belə ki, Gürcüstanda keçirilən növbəti parlament seçkilərinin yekun nəticələri regionda qüvvələr nisbətini dəqiqləşdirə biləcək önəmli geopolitik faktor kimi diqqəti çəkir. Xüsusilə də, bu regiona aidiyyəti olmayan kənar beynəlxalq siyasi iradə mərkəzlərinin müdaxilə imkanları aydınlaşmağa başlayacaq. Və bu baxımdan, Qərb siyasi dairələrinin Cənubi Qafqaza yönəlik hədəfləri böyük maraq doğurur.

Onu da qeyd etmək lazımdır ki, hazırda bəzi Qərb siyasi iradə mərkəzləri ilə Cənubi Qafqaz istiqamətində aktivliyi artırmağa cəhd göstərirlər. Hələlik bu aktivlik bir tərəfdən Ermənistana dəstək, digər tərəfdən isə Azərbaycana qarşı təzyiq olaraq, ortaya çıxmaqdadır. Və bu, onu göstərir ki, yaxın gələcəkdə Azərbaycanın Qərblə qarşıdurması daha da güclənə bilər.

makron-afrikajpg-1703890778.jpg (328 KB)

Məsələ ondadır ki, ABŞ və Qərb Azərbaycana qarşı təzyiqləri gücləndirməyə cəhd göstərir. Xüsusilə də, ermənipərəst Fransanın Azərbaycanla bağlı mövqeyi artıq düşmənçilik həddinə çatıb. Rəsmi Bakının Cənubi Qafqazda Fransanı tam şəkildə bloklaması Makron hakimiyyətini ciddi şəkildə qıcıqlandırır. Və rəsmi Paris hələlik Azərbaycanla qarşıdurmada üstünlük qazanmağa nail ola bilməyib.

Fransa Azərbaycan əleyhinə beynəlxalq platformalarda sərt təbliğat kampaniyası aparır. Rəsmi Bakını beynəlxalq məkanda təzyiqlərə məruz qoymağa cəhd göstərir. Azərbaycan isə Fransanın təzyiq kampaniyası qarşısında qətiyyən geri çəkilmir. Əksinə, rəsmi Bakı Fransanın ən zəif yerlərini müəyyən edərək, ardıcıl siyasi zərbələr endirir. Və bu baxımdan, Makron hakimiyyəti Azərbaycanla qarşıdurmada situasiyanı Fransanın xeyrinə dəyişməkdə çətinlik çəkir.

Maraqlıdır ki, rəsmi Bakının beynəlxalq müstəmləkəçilik sisteminə qarşı prinsipial və qətiyyətli mövqe tutması Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır. Üstəlik, Azərbaycanın bu mövqeyi Fransaya beynəlxalq məkanda kifayət qədər ciddi problemlər də yaradır. Belə ki, hazırda müasir dünyada müstəmləkəçilik sisteminin əsas "aparıcı dövlətləri" məhz Fransa və Hollandiya hesab olunur. Rəsmi Bakı isə müstəmləkəçilik sisteminə qarşı beynəlxalq mübarizəyə açıq şəkildə liderlik edir. Və hazırda Fransanın müstəmləkəsi olan xalqlar Azərbaycanı yeganə ümid mərkəzi kimi görür.

Digər tərəfdən, rəsmi Bakı Afrikadan qovulmaq üzrə olan Fransanın öz itkilərini Cənubi Qafqaz hesabına kompensasiya etmək cəhdlərini də böyük ölçüdə bloklamağa nail olub. Ona görə də, Fransa Avropa Birliyini və onun bəzi qurumların Azərbaycana qarşı ermənipərəst ittiham ritorikasına keçirtməyə cam atır. Və Makron hakimiyyətinin təsir dairəsində olan Avropa Parlamentində Azərbaycana əleyhinə ardıcıl qətnamələrin qəbul edilməsinin səbəbləri də əsasən Fransanın açıq düşmənçiliyi ilə bağlıdır.

avropa-parlamenti-111.JPG (51 KB)

Məsələ ondadır ki, rüşvət və korrupsiya "bataqlığı"na çevrilmiş Avropa Parlamentində növbəti dəfə Azərbaycanı insan haqlarını və beynəlxalq hüququ pozmaqda ittiham edən qətnamə qəbul olunub. Halbuki, Avropa Birliyi ölkələrində insan haqları və beynəlxalq hüquqa zidd kifayət qədər ciddi problemlər mövcuddur. Və Avropa Parlamenti nədənsə, həmin problemləri "görməyi" bacarmır.

Əgər, Avropa Parlamenti insan haqları və beynəlxalq hüququ müdafiə edən qurum olsaydı, onda ilk növbədə Fransa və Hollandiyanın müstəmləkəçilik siyasətinə qarşı qətnamə qəbul edərdi. Çünki məhz orta əsrlərin qalığı olan müstəmləkəçilik müasir dünyada insan haqları və beynəlxalq hüququn kobud şəkildə tapdanması anlamı daşıyır. Və bu, "demokratiya nağılları" danışan ölkələr, xüsusilə də, Fransa tərəfindən törədilir.

Belə anlaşılır ki, Avropa Birliyi və ona bağlı qurumlar Azərbaycana qarşı böhran kampaniyası aparırlar. Böyük ehtimalla rəsmi Bakının Brüssel ilə münasibətləri hələ bundan sonra da gərginləşməkdə davam edəcək. Fransada Makron hakimiyyəti dəyişməyincə indiki situasiyanın da qalıcı olması qaçılmaz xarakter daşıyır. Halbuki, rəsmi Bakı Avropa Birliyi və Fransanın düşmənçilik münasibətinə baxmayaraq, Qərblə əməkdaşlıq siyasətinə davam edir. Azərbaycanın Böyük Britaniya ilə qarşılıqlı münasibətləri hazırda kifayət qədər yüksək səviyyədədir.

Digər tərəfdən, Azərbaycanın ABŞ ilə münasibətlərinin də yaxın gələcəkdə daha pozitiv məzmun ala biləcəyi qətiyyən istisna deyil. Hər halda, ABŞ-da keçiriləcək növbəti prezident seçkilərindən sonra Ağ Evin Azərbaycana yönəlik mövqeyinin dəyişməz qalacağı o qədər də inandırıcı görünmür. Hər halda, Ağ Evdə Azərbaycanın ABŞ üçün strateji əhəmiyyət daşıyan bir ölkə olduğunu dolayısı ilə də olsa, etiraf edirlər. Və bu baxımdan, yaxın gələcəkdə Ağ Evin Cənubi Qafqaz siyasətində, ABŞ-ın əməkdaşlığa məcbur olduğu Azərbaycanın daha ön plana keçirilə biləcəyi gözlənilir.

fransa-batir.JPG (39 KB)

Nəhayət, Makron hakimiyyəti də əbədi deyil. Prezident Emmanuel Makronun ictimai nüfuzu sürətlə aşağı düşməkdə davam edir. Üstəlik son dövrlərdə Makron hakimiyyəti yalnız beynəlxalq məkanda deyil, elə Fransa daxilində əsas siyasi-ictimai dayaqlarını itirməyə başlayıb. Yəni, Makron hakimiyyətinin tezliklə siyasi səhnədən çəkilmə ehtimalı kifayət qədər yüksəkdir. Və bu halda, bəzi proseslərin dəyişmə ehtimalının ön plana çıxa biləcəyi qətiyyən istisna deyil.

Belə ki, ermənipərəst Makron hakimiyyətinin daha realist siyasi qüvvələr ilə əvəzlənməsi Fransanın Cənubi Qafqaz siyasətinə yenidən baxmasına yol aça bilər. Bu halda, yalnız Fransanın deyil, hətta Avropa Birliyi və Avropa Parlamentinin də Azərbaycana münasibətində dəyişiklik istisna olunmur.

Çünki ermənipərəst Makron hakimiyyətinin təsir dairəsində olan Avropa qurumları əvvəl-axır lobbiçilik fəaliyyətinə və diaspor təşkilatlarının maraqlarına uyğun davranışların faydasız, hətta Qərb üçün ziyanlı olduğunu qəbul etmək məcburiyyətində qalacaqlar. Və bu baxımdan, Fransa ilə qarşıdurmanın Azərbaycanın maraqlarına uyğun yekunlaşma ehtimalı kifayət qədər yüksəkdir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert