İsrail Prezidenti İshaq Hersoqun Bakıda keçirilən COP29 iqlim konfransına planlaşdırılan səfərini ləğvi ətrafında müzakirələr davam edir. Səfərin ləğvinə səbəb “situasiyanın qiymətləndirməsindən sonra təhlükəsizlik mülahizələri”nin ortaya çıxması göstərilsə də, pərdəarxası məqamların olduğu iddia edilir. 

Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, irəli sürülən səbəblər sadəcə bəhanədir:

“COP29-da təhlükəsizlik ən yüksək səviyyədə təmin olunur. Noyabrın 11-dən, yəni tədbirin başladığı gündən insident, qarışıqlıq, xoşagəlməz hal yaşanmayıb. Canlanma var, müxtəlif nümayəndə heyətləri öz istəklərinə nail olurlar, işgüzar mühit yaranıb. Hər hansı təhdid və ya riskdən danışmağa dəyməz.

Bu kimi tədbirlərdə maskalanmış şəxslər də olur. Onlar müxtəlif təxribatlar törətmək üçün əvvəlcədən niyyətlərini bildirmirlər, proses əsasında gözlənilməz hərəkətlərə yol verirlər və s. Bu yalnız COP29-a aid deyil. Avropa təşkilatlarının sammitlərində, Zirvə görüşlərində antiqlobalistlər, müxtəlif təşkilatların təmsilçiləri, institutların nümayəndələri gözlənilməz hadisələrə rəvac verirlər. Təşkilatçıları çətin vəziyyətə salıb, fakt qarşısında qoymağa çalışırlar”.



 Tofiq Abbasov

Politoloqun sözlərinə görə, İsrailin hüdudları daxilində təzadlı, mürəkkəb proseslər baş verir:

“İsrail cəmiyyəti parçalanıb. Baş nazir Benyamin Netanyahunun fəaliyyəti, onun kabinetinin çağırışları təhdid doğurur. Hazırda bütün dünya İsrailə qarşıdır. Beynəlxalq tədbirlərdə, hətta idman oyunlarında belə bu yanaşmanın şahidi oluruq. Bu mənada İsrail prezidentinin Bakıya gəlməməsi, fikrimcə, sensasiya doğurmamalıdır”.

Xatırladaq ki, “Caliber.az” Azərbaycan Xarici İşlər Nazirliyindəki yüksək vəzifəli mənbəyə istinadla İshaq Hersoqun Azərbaycana səfərinin ləğv edilməsinin səbəbinin heç də təhlükəsizlik məsələsi olmadığını açıqlayıb.

Mənbənin məlumatına görə, Hersoqun Azərbaycana səfərini ləğv etməsinin səbəbi tamam başqa müstəvidədir. Bildirilir ki, Türkiyə İsrail prezidentinin təyyarəsinin öz hava məkanından istifadəsinə qadağa qoyub. Diplomatik kanallar vasitəsilə bir neçə gün davam edən intensiv danışıqların heç bir nəticə vermədiyi bildirilib.