“X” sosial media platformasında Azərbaycan Respublikasında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan istifadə etməsi faktları aşkarlanıb. Bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə açıqlamasında bildirilib.

Qeyd edilib ki, saxta profillər #COP29 həştəqi altında eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir və beləliklə də, ictimai rəyi çaşdırmağa cəhd göstərir.

Saxta məlumatlar əsasında təşkil olunmuş bu fəaliyyətlərin əsas məqsədi COP29 ərəfəsində guya Azərbaycanın ev sahibliyi ilə bağlı kütləvi narazılığın olması illüziyasını yaratmaqdır.

Kainat.tv xəbər verir ki, məsələ ilə bağlı media eksperti Müşfiq Ələsgərli Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycanda önəmli tədbirlər keçiriləndə, yaxud dövlətimiz hansısa bir uğura imza atanda fərqli mərkəzlər tərəfindən dərhal əks-təbliğat kampaniyasının başladılması faktı ənənəvi hal alıb:

“Bu, təsadüfi xarakter daşımır və xaotik halda baş vermir. Təcrübə göstərir ki, Azərbaycana rəqib gözü ilə baxan dövlətlər, həmçinin, dünyanın müxtəlif qütblərində yerləşən siyasi mərkəzlər dövlətimizin belə tədbirlər fonunda beynəlxalq diqqət mərkəzinə gəlməsini fürsət bilirlər. Həmin məqamdan yararlanıb, özlərinin çirkin niyyətlərini həyata keçirməyə çalışırlar.

Bu tendensiya 2012-ci ildən etibarən daha qabarıq şəkildə müşahidə edilir. Həmin il ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi keçirilib. Tədbiri ən yüksək səviyyədə təşkil etməsinə rəğmən, Azərbaycan haqsız bir kampaniya ilə üzləşib. Səbəbləri araşdırarkən bəlli oldu ki, Qərbi Avropa dövlətlərinin və ABŞ-ın əlində alət olan “hüquq müdafiə təşkilatları” ölkəmizə qarşı ixtisaslaşmış koalisiya formalaşdırıblar. “Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupu” adlandırılan həmin koalisiya vasitəsilə prosesləri koordinasiya edirlər. Uydurma faktlar formalaşdıraraq, dövlətimizə qarşı qərəzli bir informasiya savaşı aparırlar. Bu kampaniyalar vasitəsilə təzyiq göstərib Azərbaycandan müxtəlif kontekstli güzəştlər əldə etmək istəyirlər.



Eyni proses 2015-ci ildə “Bakı-2015: I Avropa Oyunları” keçiriləndə, həmçinin, 2017-ci ildə ölkəmiz “İslam Həmrəyliyi Oyunları”na ev sahibliyi edəndə də təkrarlandı. Bəlli oldu ki, Qərb dövlətləri və onlara bağlı olan təşkilatlar sosial, mədəni, humanitar tədbirləri kontekstdən çıxarıb siyasi aksiyaya çevirmək, bunun fonunda öz maraqlarını təmin etmək üçün strategiyaya malikdirlər”.

Ekspert diqqətə çatdırıb ki, bu gün COP29 Konfransına yanaşmalar da eyni kontekstdədir:

“Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) bəşəriyyətin gələcək taleyini müəyyənləşdirən platforma kimi yanaşır. Konfrans iştirakçılarının rahatlığını, sərbəst fikir mübadiləsini təşkil etmək üçün bütün imkanlarını səfərbər edir. Qərb mərkəzləri isə bu tədbirə öz maraqlarını təmin etmək üçün fürsət kimi yanaşırlar. Konfransın Azərbaycanda keçirilməsi yönündə qərarın verildiyi gündən başlayaraq bu ana qədər çirkin bir kampaniya aparırılar. Tədbiri pozmaq üçün genişmiqyaslı fəaliyyət həyata keçirirlər. Bu günə qədər işlərini daha çox ənənəvi KİV-lər, transmilli media subyektləri üzərindən yürüdüblər. İndi isə həm də sosial şəbəkələri, o cümlədən, “X” sosial media platformasını da prosesə qatıblar. #COP29 həştəqi altında qeyri-obyektiv kampaniyaya start veriblər. Bütün əlamətlər onu göstərir ki, bu kampaniya da ənənəvi mərkəzlər tərəfindən sistemli şəkildə idarə olunur.



COP29 Konfransı Cənubi Qafqaz üzərində geopolitik savaşın gücləndiyi, açıq müstəviyə keçdiyi bir dönəmə təsadüf edir. Azərbaycan öz potensialından faydalanaraq, regionu bu savaşdan kənar tutmağa, bölgədə sülhü, sabitliyi qorumağa çalışır. Təbii ki, belə mövqe geopolitik savaş oyunçularına xoş gəlmir. Fikrimcə, COP29 üzərindən aparılan kampaniya da reallıqda ölkəmizin müstəqil xarici siyasət kursuna qarşı yönəlmiş təzyiq prosesidir. Amma bu kampaniyanı aparanlar gərək unutmasınlar ki, Azərbaycan bənzər oyunları dəfələrlə ifşa edərək iflasa uğrada bilib”.