Maraqlıdır ki, təklifin səsləndirildiyi ilk gün Ermənistanın baş nazir administrasiyası buna sərt reaksiya vermiş, dərhal rədd etmişdi. Digər tərəfdən isə Rusiyanın bu məsələdə susqunluğu xüsusi diqqət çəkir. Dövlət Dumasının deputatı Konstantin Zatulin Bakı və Moskva arasındakı gərginliyin bu mövzudan qaynaqlandığını desə də, Kreml rəsmi müstəvidə dəhliz təklifinə heç bir münasibət bildirmir.
Rusiyanın susqunluğunun səbəbi nədir?
Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, bu məsələ Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən maneəsiz gediş-gəlişi təmin etməyə yönəlib:
“Zəngəzur dəhlizinin açılması həm yüklərin, həm də insanların sərbəst hərəkətini təmin etmək məqsədi daşıyır. Azərbaycan üçün də məhz buna görə aktualdır. Dəhlizin açılması bir zərurətdir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bunun əhəmiyyətini vurğulayıb. Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. Lakin ümid edirik ki, bu proses iki ölkə arasında aparılan danışıqlar nəticəsində imzalanmış bəyanatlara əsasən, könüllü şəkildə və tərəflərin iradəsi ilə həllini tapacaq.
Xəyal BəşirovPolitoloq qeyd edib ki, Ağ Ev bu məsələdə Zəngəzur dəhlizinə birbaşa nəzarət istəyini ortaya qoymur:
“Əslində, bu, Rusiyanın Ukrayna mövzusunda ABŞ Prezidenti Donald Trampın gözlədiyi şəkildə hərəkət etməməsi ilə bağlıdır. Trampın məqsədi Moskvaya konkret bir mesaj göndərməkdir. Təsadüfi deyil ki, Rusiyaya 50 gün vaxt vermişdi. Əgər bu müddət ərzində müəyyən addımlar atılmazsa, ABŞ ona konkret tələblər irəli sürəcək. Vaşinqton İrəvan vasitəsilə Moskvanı Zəngəzur dəhlizi mövzusunda təzyiqə məruz qoyur.
ABŞ həm Cənubi Qafqazda, həm də Ukraynada Rusiyanı sıxışdırmaq üçün Zəngəzur dəhlizini bir “oyun” olaraq istifadə edir. Kremlin susqunluğu, həqiqətən də, onun çətin durumda olduğunu göstərir. Mövcud vəziyyətdə heç bir hərəkət etməyə hazır deyil və ya bu məsələdə seçilmiş susqunluğu strateji yanaşmadır. Rusiyanın bəzi nümayəndələri, məsələn, Zatulin kimilər, müəyyən mövqelərini ifadə edirlər, amma onların fikirləri heç vaxt ciddi qəbul edilməyib. Bunun səbəbi yanaşmalarının neytral olmaması və Rusiya dövlətinin maraqlarına uyğun gəlməməsidir. Elə şəxslərin səsləndirdikləri fikirlər, ümumiyyətlə, anti-Azərbaycan mövqeyindədir və birtərəfli yanaşmalarla təqdim edilir. Lakin Rusiyanın rəsmi mövqeyi deyil və həmin şəxslərin fərdi baxışlarını əks etdirir”.