Son günlər uşaqlar arasında müxtəlif xəstəliklər, virus infeksiyaları yayılıb. Valideynlər bunun səbəbini məktəblərdə istilik sisteminin işləməməsi ilə əlaqələndirirlər. Qeyd edirlər ki, noyabrın 15-nə qədər olan vaxt çox gecdir.

“Havalar oktyabrın ortalarından soyumağa başlayıb. Məktəb divarları buz kimidir. Oturacaqlar da çox soyuqdur. Uşağı məktəbə sağlam göndəririk, xəstə qayıdır”, - deyə iki övladı məktəbdə oxuyan paytaxt sakini Əfruz Babayeva saytımıza bildirib.

Qeyd edək ki, Bakıda hər il istilik mövsümü noyabrın 15-də başlayır.

Bəs bu müddət noyabrın əvvəlinə dəyişdirilə bilərmi?

kamran.jpg (28 KB)

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, şagirdlərin sağlamlığı üçün istilik qaydaları yenilənməlidir:

“Hazırda məktəblərdə istiliyin verilməsi üçün 15 noyabr tarixinin gözlənilməsi mövcud hava şəraiti və sağlamlıq tələbləri ilə uyğun gəlmir. 1969-cu ildə qəbul olunmuş bu qayda artıq öz dövrünü tamamlayıb və müasir iqlim dəyişikliklərini nəzərə almır. Artıq soyuq havalar daha erkən başlayır, bu isə xüsusilə uşaqların sağlamlığı üçün ciddi risklər yaradır.

Bu məsələyə təhsil hüququ aspektindən yanaşdıqda, hər bir şagirdin təhlükəsiz və sağlam təhsil mühitinə sahib olması təməl bir hüquqdur. Təhsil tədqiqatçısı Dr. John Dewey qeyd edir ki, “təhsil müəssisələri uşaqların fiziki və psixoloji rahatlığını təmin edəcək mühit yaratmalıdır”. Bu kontekstdə soyuq siniflərdə təhsil alan uşaqların həm sağlamlığına, həm də öyrənmə prosesinə ziyan dəyir. Belə bir şəraitdə davam edən dərslər təhsil hüququnun pozulmasına səbəb olur.

Bununla yanaşı, təhsil sağlamlığı üzrə mütəxəssis Dr. Anna Henderson vurğulayır ki, “təhsil müəssisələrində hava şəraitinə uyğun istilik təmin olunmazsa, uşaqlar arasında xəstəliklər artar və təhsil keyfiyyəti aşağı düşər”. Bu təcrübə istiliyin verilmə tarixinin hər il hava şəraitinə əsasən müəyyənləşdirilməsinin daha səmərəli olacağını göstərir.

Bu dəyişiklik tələbələrin sağlamlığını qorumaq və təhsil hüquqlarını təmin etmək üçün vacibdir. Qaydaların dövrə uyğun yenilənməsi şagirdlərin təhsil şəraitini yaxşılaşdıracaq və onların təhsil mühitini daha təhlükəsiz edəcək”.

BASQAL.jpg (78 KB)

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı Musavat.com-a bildirib ki, 2023-cü il sentyabrın 5-də Nazirlər Kabineti tərəfindən istilik sistemindən istifadə qaydaları təsdiqlənib:

“Bu qaydalara əsasən, bu il istilik mövsümü noyabrın 15-də başlayır və aprelin 15-də yekunlaşır”.

Elvin Basqallı qeyd edib ki, noyabrın 1-dən isə 14 dağlıq və dağətəyi rayonlarda başlanacaq:

“9 rayonda artıq qazanxanalar işə salınıb. Hava şəraiti kəskin şəkildə dəyişərsə, bu zaman qazanxanaların işə salınmasına baxıla bilər. Bağça və məktəblərin yalnız 6-8 faizi “Azəristiliktəchizat” tərəfindən istiliklə təmin olunur. Qalan məktəb və bağçalar öz qazanxanaları vasitəsilə istiliklə təmin edilir”. //Musavat.com