Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-da qəbul edilməyən “Qələbə planı” fonunda Rusiya ordusunun Donbasda sürətlə irəliləməsi diqqət çəkir. Ötən il Ukraynanın “böyük əks-hücum əməliyyatı” uğursuz olsa da, rus qoşunlarının irəliləməsi də ləng idi. Lakin təkcə oktyabr ayında Rusiya 2022-ci ilin yayından bəri ən böyük irəliləyişə nail olaraq, Ukraynanın müdafiə xətlərini sıxışdırıb.

Kainat.tv xəbər verir ki, “Nyu-York Tayms” (NYT) nəşri Donbasda müharibənin gedişatını araşdırıb.

Son bir ayda Rusiya qoşunlarının 415 kvadratmetrdən çox ərazini işğal etməsi real mənzərəni ortaya çıxarır. Bu irəliləyiş Rusiyaya Ukrayna ordusunun müdafiə xəttinə daxil olan strateji əhəmiyyətli yaşayış məntəqələrini nəzarətə götürməyə imkan verdi. Ötən həftə Selidovoda döyüşlər getdi və ukraynalılar məğlub oldular. Rusiya ordusu Ukrayna ordusunun Donbasdakı əsas logistika mərkəzi olan Pokrovsk üzərinə hücuma başlamazdan əvvəl cinahların təhlükəsizliyini təmin etmək imkanı qazanıb. Rusiyanın hücumları qarşısında Ukrayna ordusunun tədricən zəifləməsi, mövqelərini tərk etməyə məcbur olması müşahidə edilir. Bunu həm ukraynalı hərbçilər, həm də hərbi analitiklər etiraf edir.



Finlandiyada fəaliyyət göstərən “Qara Quşlar Qrupu”nun hərbi eksperti Pasi Paroinen bildirir ki, Rusiyanın bu il Ukraynada qazandığı uğurların yarısı son üç ayda qeydə alınıb. Onun sözlərinə görə, Donbasın cənub-şərqində vəziyyət sürətlə pisləşir.

Rusiya iyul ayında Donbasın cənub-şərqində kiçik nailiyyətlər əldə etdi. Hazırda diqqətini Ukrayna ordusunu təchizatla təmin edən dəmir yolu və avtomobil yolunun keçdiyi Pokrovska yönəldib. Avqustda Ukraynanın müdafiə xətləri “titrədi” və Rusiya qərb və şimal istiqamətində Selidovodan yan keçərək, Pokrovska doğru 16 kilometr irəliləməyi bacardı. Kiyev əlavə qüvvələr cəlb etməklə bu irəliləyişi müəyyən qədər ləngitdi. Bundan sonra Rusiya Pokrovska birbaşa hücum etmək əvəzinə cənub istiqamətindən yan keçərək, Selidovo üzərində nəzarəti gücləndirdi. Son bir ayda cənub istiqamətində hədəf, qala şəhərciyi olan Uqledar idi, daha sonra Selidovoya. Rusiya həftə ərzində hücumu tamamlayaraq, bu əraziləri ələ keçirdi. Bununla yanaşı, Ukrayna qoşunlarını Kuraxovoyadan sıxışdırıb çıxarmaq üçün ora üç istiqamətdən hücumlar edilir.

Fransa Strateji Tədqiatlar Fondunun analitiki Vinsent Turret Rusiyanın irəliləməsinə kömək edən digər amillərə - Ukrayna ordusunun istehkamlarını məhv edə biləcək bombalardan geniş istifadə edilməsinə və müharibə meydanında müdafiənin zəifliyinə diqqət çəkib.

“Ukraynanın müdafiəsi zəifləyir və ərazi Rusiya hücumları üçün daha əlverişli olur. Üstəlik, ruslar FAB-ları yaxşı idarə edirlər”, - o bildirib.



Ukrayna ordusunun əsas problemlərindən biri də kadr çatışmazlığıdır. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Litvinenko bu problemi həll etmək üçün əlavə 160 min nəfəri orduya cəlb etmək niyyətində olduqlarını açıqladı.

NYT yazır ki, bir neçə ay ərzində rus qoşunları Çasov Yar kimi ağır döyüşlərdə Ukrayna istehkamlarını yarıb. Orada əsas maneə şəhər mərkəzini kənar ərazilərdən ayıran kanalın təbii istehkam rolunu oynaması idi. Bununla belə, Böyük Britaniya Müdafiə Nazirliyi Rusiyanın bu yaxınlarda kanalı keçərək, şəhərin sərhədlərinə yaxınlaşdığını açıqlayıb.

Digər döyüş bölgələrində, misal üçün, Selidovoda Rusiya ordusu Ukrayna qoşunlarını geri çəkilməyə məcbur etmək üçün mühasirə taktikasından istifadə edir. Bu taktika nəticəsində şəhərlər ətrafında formalaşan yarımhalqalar Donbas cəbhəsində qeyri-bərabər mənzərə yaradıb. Ukraynanın təcrübəli bölmələrlə Kursk bölgəsinə hücumu Donbasda daha ağır vəziyyət yaradıb. Donbasa cəlb edilən təcvrübəsiz əsgərlər ruslara daha az müqavimət göstərə bilirlər.

Ukraynalı general-pokovnik Dmitri Marçenko cəbhədə ağır vəziyyətin olduğunu etiraf edir. Onun fikrincə, sursat ehtiyatlarının azalması cəbhə xəttində Ukrayna ordusunun zəifləməsinin əsas səbəblərindən biridir. Ukraynalı general Zelenkinin “qələbə planı”nı mənasız adlandırıb.

“Cəbhəmizin dağıldığını desəm, hərbi sirri açmış olmayacam”, - o bildirib.



“The Teleqraf” nəşri yazır ki, Rusiyanın Donetsk və Pokrovsk arasında yerləşən 20 minə yaxın insanın yaşadığı Selidovo şəhərini ələ keçirməsi Ukrayna hərbçiləri tərəfindən şərh edilməsə də, general Marçenko rusların şəhərə daxil olduğunu etiraf edib: “Düşünürəm ki, yaxın gələcəkdə onlar Pokrovskı ələ keçirəcəklər”.

General Marçenko Zelenskinin “qələbə planı”nı da tənqid edir. Onun fikrincə, bu plan Qərbdən daha çox yardım almağa hesablansa da, Ukrayna ordusunun əsl ehtiyaclarına aid heç nə yoxdur.

“The Teleqraf” qeyd edir ki, Ukrayna ordusunun uğursuzluğu onlara milyardlarla pul xərcləyən NATO üzvlərini qəzəbləndirib. //Publika.az