Oktyabrın 26-da İsrail İranın bir sıra mühüm obyektlərinə, o cümlədən orta mənzilli ballistik raketlərin istehsalı üçün istifadə edilən kosmik mərkəzə zərbələr endirib.

Kainat.tv xəbər verir ki, nu barədə “The New York Times” (NYT) Amerikanın “Planet Labs” operatorunun peyk görüntülərinə istinadla məlumat yayıb.

Mart və oktyabrın 26-da çəkilmiş peyk görüntüləri İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid olan Semnan əyalətindəki Şahrud kosmik mərkəzinə edilən hücumun nəticələrini göstərir.

2017-ci ildən mərkəzi izləyən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun elmi işçisi Fabian Hinz bildirib ki, bu, kosmik texnologiyada istifadə oluna bilən, lakin ballistik raketlərdə də geniş istifadə olunan bərk raket mühərriklərinin yaradılması üçün istifadə olunub.

Onun fikrincə, SEPAH-ın obyekti İsrailə hücum etmək üçün istifadə oluna bilən orta mənzilli ballistik raketlərin kütləvi istehsalı üçün istifadə edilib. O, görüntüləri müqayisə edərək deyib ki, İsrail “bərk raketlərin istehsalı ilə bağlı olan mərkəzi binanı bombalayıb”.

Hintz əlavə edib ki, İsrailin İrana zərbələri məhdud miqyasda olsa da, “yüksək effektivdir”.

"Sky News Arabia" yazıb ki, İsrailin son hücumundan sonra İrana raket imkanlarını bərpa etmək üçün bir il vaxt lazımdır. //Publika.az