Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-a gedib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Birləşmiş Ştatlara işgüzar səfərə yollandığı deyilir. Əlavə heç bir bilgi verilmir.

Ancaq aydındır ki, bir ölkənin hərbi naziri həm də böyük bir heyətlə ABŞ kimi qüdrətli dövlətə qolf oynamağa getmir. O ki ola, 44 günlük müharibədə acınacaqlı və rüsvayçı şəkildə uduzan və faktiki təzədən ordu qurmalı olan, revanşist planlardan əl çəkməyən Ermənistan kimi ölkənin müdafiə naziri.

Bu da növbəti sübut. Ermənistanın baş naziri Nikol Paşinyana yaxınlığı ilə tanınan, onun silahdaşı sayılan Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyan görün bu gün nə çərənləyib. Xzmalyan deyib ki, Ukrayna hakimiyyətinin təklif etdiyi “Krımın müvəqqəti ilhaqı müqabilində NATO və Aİ-yə üzvlük sxemi Qarabağa münasibətdə də tətbiq olunmalıdır”. Guya Krım kimi Qarabağ da işğal altındadır (Amma bu təlxək unudur ki, Türkiyənin razılığı olmadan heç bir ölkə alyansa üzv qəbul edilə bilməz)...

Bu bəyanat bir daha Ermənistanın əsl niyyətini açıq şəkildə nümayiş etdirir. O zaman sual yaranır: bu basabasda xeyir ola Papikyan okeanın o tayına uçub? Axı ABŞ-da hazırda hakimiyyətin təhvil-təslimi prosesi gedir, keçid dövrü yaşanır. Donald Trampın formalaşdırmağa davam etdiyi hökumət ən tezi gələn il yanvarın 20-dən sonra fəaliyyətə başlayacaq.

SUREN.jpeg (144 KB)

Məsələ də ondadır ki, hazırkı prezident Co Baydenin dövründə Azərbaycan Qarabağı xuntaçı-terrorçulardan tam təmizləsə də (2023, sentyabr), yenə məhz Baydenin dönəmində İrəvanla Vaşinqton arasında hərbi-texniki əməkdaşlıq xeyli dərinləşib. Ermənistanda dəfələrlə birgə hərbi təlimlər keçirilib, bu ölkənin Müdafiə Nazirliyində artıq Pentaqon təlimatçıları oturur.

Hətta ötən yay Azərbaycanla sərhədə erməni əsilli ABŞ hərbçilərinin və ağır texnikasının gətirilməsi haqda xəbər yayılmışdı. Yeri gəlmişkən, rəsmi Vaşinqton bu ilginc faktı təsdiq eləməsə də, təkzib də etməyib. Üstəgəl, sərhəddə Azərbaycanın razılığı olmadan casus diplomatiyası həyata keçirən Avropa Birliyi missiyası. Lap dəqiqi, NATO missiyası...

AZAS.jpeg (31 KB)

ABŞ-ın erməni lobbisi ilə bir elə bağlılığı və ondan asılılığı olmayan yeni seçilmiş Tramp və onun administrasiyasının isə Güney Qafqaza ciddi maraq göstərməyəcəyi, diqqəti daha çox başqa bölgələrə yönəldəcəyi ehtimalı böyükdür. Hərgah, onun budəfəki komandasında yetərincə ermənipərəstlərin olması danılmaz faktdır.

İstisna deyil ki, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birgə ABŞ-ı çoxdan “su yolu”na döndərmiş Suren Papikyan məhz baş nazir Nikol Paşinyanın təlimatı əsasında, yeni hökumətə yollar tapmaq üçün Amerikaya göndərilib. Ki, tərəflər arasında hərbi-texniki əməkdaşlıq təzə hökumətin dövründə də davam etsin. İmkan olsa, Tramp hətta Qarabağdan könüllü köç etmiş ermənilərin “beynəlxalq zəmanət” altında qayıdışı məsələsini daima dıqqətdə, masa üzərində saxlasın.

Bu yerdə yada salaq ki, Donald Tramp seçki kampaniyasının sonuna yaxın ikin dəfə ermənilərə reverans edib, hətta uydurma “artsax” sözünü işlədib. Ancaq seçki marafonu zamanı verilən vədlər ayrı, dövlətin köklü maraqlarına 1 nömrəli cavabdeh şəxs olmaq tamamən ayrı...
Birləşmiş Ştatların milli mənafeyi isə Cənubi Qafqazda strateji tərəfdaşlığı məhz regionun açar dövləti kimi Azərbaycanla qurmağı diktə və zəruri edir, nəinki iki əsas qonşusuna qarşı konstitusion ərazi iddialarını davam etdirən, Rusiya ilı ABŞ arasında riyakar siyasəti yürüdən, “iki stul” oyunu oynayan “izqoy” Ermənistanla.

Üstəgəl, bəllidir ki, Amerika erməni lobbisi (ANCA) son prezident seçkisində Trampa dəstək çağırışı etməyib.
Rəsmi Bakının isə D.Trampın qələbəsində maraqlı olması barədə üstüörtülü mesajı var idi. Şübhə yox ki, Nikol Paşinyanın təbrik məktubunun ardınca tez-tələsik Trampa telefon açaraq təzədən onun təbrik eləməsi də kobud səhvləri “isti-isti” düzəltmək niyyəti güdüb...

Zahid SƏFƏROĞLU