Prezident Emanuel Makron parlamenti buraxıb növbədənkənar seçkilər təyin etdikdən sonra Fransada siyasi qarışıqlıq səngimir. Makron tərəfindən baş nazir təyin edilən Mişel Barnier ölkə büdcəsi ilə bağlı razılığa gələ bilmir. Nəticədə hökumət yenidən yıxılmaq təhlükəsi ilə üz-üzədir.

Kainat.tv CNN-ə istinadən xəbər verir ki, 3 hissəli strukturla növbədənkənar seçkilərdən çıxan hökumət Fransa Milli Məclisində 2025-ci maliyyə ili büdcəsi ilə bağlı konsensusa gələ bilmir.

Müxalifət liderləri ilə görüşən baş nazir Mişel Barnier konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndindən irəli gələn hüququndan istifadə edərək büdcənin səsvermə olmadan parlamentdən keçməsi üsulundan istifadə etməli olacağını bildirib. Bu, hökumətin devrilməsi ilə nəticələnə bilər.

Parlamentin büdcə məruzəçisi Şarl de Kurson hadisə ilə bağlı başqa şərh verib:

“Prezident Emmanuel Makron istefa verməlidir. Əgər siyasi böhran olsaydı, general De Qoll referendum keçirərdi, amma referendum bu halda bizim problemimizi həll etmir. O səbəbdən general De Qoll istefa verməyə cəsarət etdi. Bu xaosa görə Makron məsuliyyət daşıyır və istefa verməlidir. O, hökumətin çökməsinə səbəb oldu, amma bu problemi həll etmədi".

"Le Parisien" qəzeti isə yazır ki, Makronun "vəsaitlərin mənimsənilməsi" iddiasına qəzəblənən Marine Le Pen qisas məqsədilə hökuməti "düşündüklərindən daha tez" devirmək üçün hərəkətə keçəcək. //Musavat.com