Politoloq: “Stepanakert” adlı şəhər  yoxdur və inanmıram ki, Rusiyada bu ad altında olan teatrın tamaşa qoymasına imkan verilsin"

Noyabrın 15-dən 22-dək Rusiyanın Murmansk şəhərində “Arktika səhnəsi” beynəlxalq teatr festivalı keçiriləcək. Təşkilatçılar Rusiya Teatr Xadimləri İttifaqı və Murmansk Dram Teatrıdır. Festivalda 6 ölkədən qruplar iştirak edəcək: Ermənistan, Qazaxıstan, Qırğızıstan, Belarus, Serbiya və Rusiyanın özü (Minval.az).

İrəvandan verilən məlumata görə, festivalda Ermənistanı “Stepanakert (Xankəndi - red.) Rus Dram Teatrı” təmsil edəcək. Sanki kapitulyant ölkənin bir şəhəri kimi! Belə ki, noyabrın 16-da teatrda V.Mayakovskinin eyniadlı poeması əsasında hazırlanmış “Səsimin zirvəsində” poetik tamaşanın nümayişi gözlənilir. Erməni mediası iddia edib ki, “bu, ”Stepanakert"də (Xankəndi - red.) oynanılan sonuncu tamaşadır.

Yada salaq ki, üzdəniraq “Stepanakert Rus Dram Teatrı” Xankəndidə rus sülhməramlılarının yerləşdiyi vaxtda peyda olub. “Teatr”ın yaradıcısı və direktoru Aleksandr Bordov (soyada fikir verməyin, Rusiya FTX-na bağlı etnik ermənidir) müxtəlif təxribat xarakterli siyasi işlərdə həvəslə iştirak edib. 2023-cü ildə keçirilən antiterror əməliyyatından sonra o, Laçın keçid məntəqəsi vasitəsilə Ermənistana gedib və İrəvana çatan kimi yenidən təxribatçı işlərini davam etdirib. Ermənistanda “Erməni-Rus Mədəniyyət Assosiasiyası” təsis edib, İrəvanda vaxtilə işğalçılar tərəfindən Şuşada yaradılmış və Azərbaycan evlərindən və muzeylərindən oğurlanmış xalçalarımızın əsasını təşkil etdiyi “erməni xalça muzeyi” ilə əməkdaşlıq edib...

Görəsən Murmanskdakı məmurlar doğrudanmı Xankəndi şəhərinin Ermənistana dəxli olmadığını bilmirlər? Ondan da bixəbərdirlərmi ki, 2022-ci ilin fevralında Moskvada Azərbaycan və Rusiya prezidentləri Moskva Bəyannaməsini imzalayıblar və həmin sənədə əsasən, Azərbaycan və Rusiya bir-birinə qarşı separatçı hərəkatları dəstəkləməyəcəyinə dair öhdəlik götürüb.

Bəs məsələ Azərbaycan dövlətinin diqqətindədirmi, təxribatın qarşısı alınacaqmı?

Mövzu ilə bağlı Xarici İşlər Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Qurumdan bu haqda araşdırma aparıldıqdan sonra açıqlama veriləcəyi bildirildi.

Fazil Mustafa ona güllə atan şəxsin də ömürlük həbsini tələb edir

  Fazil Mustafa 

Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında qeyd edib:

“Bu,  ”erməni xəstəliyinin" növbəti təzahürüdür. Yəni, adlar üzərindən erməni mazaxizmi yaşayırlar. Halbuki biz torlaqlarımızı geri qaytarmışıq, Xankəndi də Azərbaycanın tam suverenliyi altındadır. Amma görünür ki, ermənilər indi müxtəlif adlar altında spekulyasiya etməyə, beynəlxalq səviyyədə  nəyisə tanıtmağa çalışırlar. Lakin bunun belə bir mənası yoxdur.

Rusiya ilə bizimlə müttəfiq dövlətdir. Təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyi öz xətti ilə Rusiya mühitində “Stepanakert” adının bu cür spekulyasiya edilməsinə imkan verilməməsi ilə bağlı çağırış etməlidir.

Beləliklə, biz əsas cavabı vermişik, torpaqlarımızı işğaldan azad etmişik, qalan məsələni də diplomatik kanallar vasitəsilə ilə qarşısını almağa çalışmalıyıq".

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə deyir ki, Azərbaycanla müttəfiq ölkə olan Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz:

“Ümumiyyətlə, ”Stepanakert" adlı şəhər  yoxdur və inanmıram ki, Rusiyada bu ad altında olan teatrın tamaşa qoymasına imkan verilsin. Əgər bu məlumat öz dəqiqliyini taparsa, onda biz bir daha əmin olacağıq ki, Ermənistan sülh müqaviləsini imzalamaqda maraqlı deyil və  müxtəlif vasitələrlə bunu boykot etmək, narazılıq yaratmaq istiqamətində addımlar atır.

Beləliklə, əgər bu məlumat təsdiqini taparsa, birmənalı olaraq Azərbaycan dövləti buna etiraz edəcək. Həmçinin bu barədə Rusiya səfirinə nota verilə bilər, Azərbaycanın Rusiyadakı səfiri də öz səsini qaldıracaq".

Xalidə GƏRAY